Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirib.
Seminarda “MasterCard Worldwide” təşkilatının ekspertləri Mithat Perkoz və Murat Durmaz təmsil etdikləri şirkətin rəqəmsal ödənişlər və innovativ texnologiyalar sahəsində rolu, ödəniş kartları, rəqəmsal ödənişlərin üstünlükləri və rəqəmsal ödənişlərdə təhlükəsizlik, həmçinin rəqəmsal dünyada innovativ həllər, yeni təşəbbüslər haqqında təqdimatlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
İnteraktiv formada keçən seminarda müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 25-ə yaxın media nümayəndəsi iştirak edib.
Seminarın sonunda KİV nümayəndələrinə sertifikatlar verilib və xatirə şəkli çəkilib.
Qeyd edək ki, seminar Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə iştirakı ilə təşkil olunan “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində keçirilib. “Nağdsız Cəmiyyət Günləri”nin məqsədi nağdsız ödənişlər barədə ictimai məlumatlılığın artırılması və insanların nağdsız ödənişlərə marağının genişləndirilməsindən ibarətdir.