Rusiya ilk dəfə olaraq yekun sülh sazişi imzalanmadan əvvəl atəşkəsə razılıq verib və bunu siyasi nizamlanma üçün zəruri addım kimi qəbul edib.
Bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.
ABŞ-ın yüksəkvəzifəli rəsmilərinin sözlərinə görə, Rusiya atəşkəsi sonrakı siyasi addımların, o cümlədən mübahisəli ərazilərin taleyi ilə bağlı mümkün referendumun keçirilməsi üçün zəruri şərt kimi qəbul edib. Bu isə Kremlin əvvəlki mövqeyindən geri çəkildiyini göstərir. Daha əvvəl Moskva atəşkəsin yalnız yekun sülh razılaşmasından sonra mümkün olduğunu bildirirdi.
“Əvvəllər atəşkəsə qarşı çıxan rusiyalılar indi onun olmadan növbəti addımların mümkün olmadığını etiraf edirlər”, — ABŞ rəsmisi bildirib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü Mar-a-Laqoda görüşməyi planlaşdırır. Görüşün məqsədi Ukraynadakı müharibə ilə bağlı ABŞ-ın sülh planını yekunlaşdırmaqdır.
Qeyd edilib ki, bu görüş danışıqlarda əhəmiyyətli irəliləyişdən xəbər verir. Tramp daha əvvəl Zelenski ilə yalnız razılaşma tamamlanmağa yaxın olduqda şəxsi görüşə razılaşacağını bildirmişdi.







