Ukraynanın cənub istiqamətindəki hərbi uğurları fonunda Rusiyanın nəzarətində olan Xerson vilayətinin sakinlərinin Rusiyaya köçürülməsinə və yaşayış yerləri ilə təmin olunmasına hazırlıq gedir.
Bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin açıqlama verib.
O, Rusiyanın “referendum”un nəticəsi olaraq ilhaq etdiyi Xerson vilayətinin rəhbəri Vladimir Saldonun Kremlə müraciətindən sonra bu barədə açıqlama verib.
Vladimir Saldo Xerson vilayətindəki şəhərlərin Ukraynanın raket zərbəsi altında olduğunu deyib: “Xerson vilayətinin Xerson, Novaya Kaxovka, Qolaya Pristan və Çernobayevka şəhərləri hər gün raket atəşinə tutulur. Bu zərbələrin hədəfində otellər, yaşayış binaları, bazarlar və insanların sıx toplaşdığı digər yerlərdir, bu səbəbdən ilk növbədə dinc əhaliyə böyük ziyan dəyir”.
Həmçinin o da əlavə olunub ki, Xerson sakinlərinin Rusiyanın Rostov, Krasnodar, Stavropol bölgələri ilə yanaşı, həm də ilhaq edilmiş Krıma köçürülməsi qərara alınıb.