İsveçin fintex xidməti “Klarna Group” ilkin kütləvi təklifdə 1.37 milyard dollar cəlb edib, bu barədə “Bloomberg” yazır. Ümumilikdə “Klarna” və onun səhmdarları hər bir səhm üçün 40 dollar qiymətə 34.3 milyon səhm satıblar. CNBC qeyd edir ki, səhmdarlar toplanan vəsaitdən 1.17 milyard dollar, Klarna isə cəmi 200 milyon dollar alacaq.
“Bloomberg”in hesablamalarına görə, IPO-dan sonra “Klarna”nın kapitallaşması təxminən 15.1 milyard dollar təşkil edib. Əvvəlki illərdə xidmət Avropanın ən bahalı startapı olub: 2021-ci ildə o, 45.6 milyard dollar dəyərində qiymətləndirilsə də, 2022-ci ildə yeddi dəfə ucuzlaşaraq 6.7 milyard dollara düşüb.
ABŞ-nin IPO bazarında son dövrlərdə əhəmiyyətli canlanma müşahidə olunur. 2025-ci ilin əvvəlindən ABŞ birjalarında ilkin kütləvi təkliflər keçən ilin eyni dövrü ilə müqayisədə 4 milyard dollar artaraq 24.4 milyard dollara çatıb.
“Klarna” ilə yanaşı, kriptovalyuta birjası “Gemini Space Station”, qəhvəxana şəbəkəsi “Black Rock Coffee Bar” və “Legence” mühəndislik şirkəti də bu həftə IPO keçirir.