İsveçin “buy now, pay later” (indi al, sonra ödə) prinsipi ilə işləyən “Klarna” ödəmə xidməti yeni investisiya raundunu tamamlayaraq 40 milyard dollar dəyərində qiymətləndirilib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Maliyyələşdirmənin həcmi məlum olmasa da, bəzi mənbələr onların 500 milyon dollardan çox olduğunu açıqlayıb.
Qeyd edildiyi kimi, “Klarna”nın dəyəri 31 milyard dollardan 40-50 milyard dollara qədər artıb. Avropanın ən bahalı fintex-startapı ümumilikdə 3 milyard dollar cəlb edib. Razılaşmanın şərtlərinə görə, “SoftBank” “Klarna”dakı payını iki dəfə artırıb.
Xatırladaq ki, “Klarna” xidməti onlayn alış-verişlər üçün faizsiz taksit planı təqdim edir. Bu, iki yolla həyata keçirilir: internet-mağaza ilə inteqrasiya və startapın tətbiqi.
“Klarna” bir çox şirkətlərlə əməkdaşlıq edir: “H&M”, “Nike”, “Peloton” və digərləri. Xidmətin dünya üzrə 90 milyon istifadəçisi var, onlardan 60 milyonu ABŞ-ın payına düşür. 2020-ci ilin hesabatına görə, “Klarna”nın əməliyyat gəliri 1.09 milyard dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 40% çoxdur.
“Klarna”nın investorları sırasında “BlackRock”, “HMI Capital”, “Merian Chrysalis”, “TCV”, “Northzone and Bonnier”, “Sequoia Capital”, “Dragoneer”, “Permira”, “Commonwealth Bank of Australia”, “Bestseller Group” və “Ant Group” var.