10 C
Baku
Thursday, December 12, 2024

KOB evi-nın funksiyası nədir və o sahibkarlara necə faydalı ola bilər?

Azərbaycanda biznes üçün atılan addımlar arasında KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi)  yaradılması daha çox diqqət çəkən və gələcəkdə sahibkarlar üçün xüsusi ilə faydalı olacağı fikri yaradır. Sahibkarlarda və digər maraqlı tərəflərdə bu qurumun fəaliyyəti və onun funksiyaları haqqında daha aydın təsəvvürün olması üçün Banker.az bu məsələyə aydınlıq gətirməyə qərar vermişdir.

İlk olaraq qeyd edək ki, qısa bir müddət əvvəl – 2018-ci ildə Nizamnaməsinin və struktutunun təsdiq olunması ilə fəaliyyətə başlamış Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. KOBİA-nın məqsədi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsi üçün kiçik və orta biznesin iqtisadi inkişafda rolunun, ÜDM-də və məşğulluqda payının artırılması, rəqabət qabiliyyətinin gücləndirilməsidir.

Biznes ictimaiyyətinin geniş məlumatlandırılması üçün KOBİA-nın fəaliyyət istiqamətlərindən biri olan və bu ilin fevral ayında Xaçmaz şəhərində açılmış (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları) Xaçmaz KOB Evi və KOB İnkişaf Mərkəzinə səfər etdik. İlkin olaraq onu qeyd edək ki, bu qurumlar kifayət qədər geniş bir ərazidə yerləşir və işləmə mexanizmi hər kəsin tanıdığı “ASAN xidmət”lərinə yaxındır.

KOB evi

KOB evinin fəaliyyətini bir neçə sözlə ifadə etməli olsaq, burada müxtəlif dövlət və özəl qurumlar tərəfindən sahibkarlara xidmətlər bir yerdən (vahid məkan) göstərilir.

Misal üçün siz, VÖEN açmaq üçün sadəcə KOB evində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aid bölməyə yaxınlaşmağınız kifayətdir. Eyni qaydada qida təhlükəsizliyi ilə bağlı sertifikatların alınması, gömrüklə bağlı xidmətləri müvafiq bölmələrdən və ən əsasıda bir “idarə”dən ala bilərsiniz. Xaçmaz KOB evində bu proses açığını desək yüksək səviyyədə təşkil edilmişdir. Sahibkarlar onlara lazım olan xidmətlərdən yararlanmaq üçün növbə götürür və müvafiq pəncərələrə yaxınlaşır və bununlada sahibkarlıq fəaliyyətlərinin demək olarki bütün aspektlərini əhatə edən xidmətləri bir binada həll edərək vaxtlarına və xərclərinə qənaət edirlər.

Mərkəzdə dövlət orqanları tərəfindən təklif  edilən xidmətlərlə yanaşı, özəl təşkilatlar, mobil operatorlar və 3 bankın xidmətləridə təklif edilir. Bunlar Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank və RabitəBank-dır. Müştərilər bu banklarda sahibkar kimi hesab aça bilər, kredit üçün müraciət edə bilər  və bankın digər xidmətlərindən faydalana bilərlər.

Hazırda Xaçmaz KOB evində sahibkarlara hazırda 300-ə yaxın xidmət göstərilir ki, bunun 200-ə yaxını dövlət, 100-ə qədəri isə biznes subyektlərinin göstərdiyi xidmətlərdir. KOB evində 25 xidmət pəncərəsi fəaliyyət göstərir ki, bunların 15-i dövlət orqanları tərəfindən təqdim edilən gömrük, vergi, əmlak, kommunal, qida təhlükəsizliyi, kənd təsərrüfatı, elektron ticarət, poçt, reklam, həmçinin mənşə sertifikatı, lisenziya və icazələrin verilməsi xidmətləri, 10-u isə özəl qurumlar tərəfindən göstərilən bank, lizinq, sığorta, broker, logistika, tərcümə və digər xidmətlərdir.

Xaçmaz KOB evi tərəfindən təklif edilən bütün xidmətlərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

KOB İnkişaf Mərkəzi

KOB İnkişaf Mərkəzinin əsas məqsədi sahibkarları düzgün marifləndirmək, onların fəaliyyət sahələrinə uyğun məlumatlar vermək, məsləhət xidmətlərinin göstərilməsi, təlimlərin keçirilməsi,  qrantların cəlbində köməklik göstərməkdir. Qeyd edək ki, bütün bu xidmətlər sahibkarlara ödənişsiz olaraq təqdim olunur. Yəni sizi maraqlandıran, biznesinizin inkişafına kömək edə biləcək sahə haqqında təlimi və ya konsultasiya xidmətini bu mərkəzdən tam ödənişsiz şəkildə əldə edə bilərsiniz.

KOB inkişaf mərkəzinin təklif etdiyi bütün xidmətlər aşağıdakılardan ibarətdir:

  • sahibkarların müxtəlif mövzularda məlumatlandırılması
  • sahibkara fəaliyyət sahəsinə uyğun qabaqcıl texnalogiya və həllər barədə konsultasiyaların verilməsi
  • yeni növ məhsulların yaradılması, sahibkarlar tərəfindən yeni texnologiyaların və ixtiraların mənimsənilməsinə yardım göstərilməsi
  • yeni başlayan sahibkarlara hüquqi və digər məsələlər istiqamətində məsləhət xidmətlərinin göstərilməsi və s.

Sahibkarlara konsultasiya xidmətləri və təlimlər Mərkəzin binasında təqdim olunur. Lakin tələb olunduğu hallarda məsləhət xidmətləri sahibkarın təsərrüfatına və ya müəssisəsinə səfər olunaraq həyata keçirilə bilər.

Ümumi olaraq, hər iki mərkəzin fəaliyyətini müsbət qiymətləndirmək olar. Belə bir xidmətin olması, regionlarda həm əhalinin məlumatlandırılmasına, həm də bəzi dövlət strukturlarındakı bürokratiyanın aradan qaldırılmasına şərait yaradacaqdır. Ən vacib olanı, bu prosesin daima təkmilləşdirilməsi üzərində işlər getməlidir. Mərkəzin işçilərinin bu qədər motivasiyalı, həvəslə işlərini görməsi buna böyük təkan verəcəkdir. Bu özlüyündə, agentliyin rəhbərliyi tərəfindən prioritetlərin düzgün təyin olduğunun göstəricisidir.

Gələcəkdə, bu proseslərin məntiqi davamı kimi Banker.az, bütün mərkəzlərin fəaliyyətinin bir qisminin elektronlaşması və xidmətlərin bir qisminin mobil proqram və internet səhifəsi üzərində aparılmasında görür. Hazırda agentlik tərəfindən bu istiqamətdə addımlar atılmaqdadır. Təbii ki, bu məsələ təkcə agentliyin səyləri ilə məhdudlaşa bilməz, çünki real xidmətlər məhz digər dövlət qurumları tərəfindən təqdim edilir və avtomatlaşmanın sürəti ilk növbədə orada artmalıdır ki, agentlik bu xidmətləri sadəcə bir mərkəzdə birləşdirilməsini və xüsusi formada sahibkarlara çatdırılmasını təmin edə bilsin. 

Son xəbərlər
Digər xəbərlər