29 C
Baku
Monday, June 24, 2024

KOBİA: Azad edilmiş ərazilərdə biznes qurmaq üçün xaricdən olan müraciətlərin sayı 500-ü ötüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mandatına uyğun olaraq, son bir ildə də biznes mühitinin yaxşılaşdırılması, KOB sektorunda qanunvericiliyin və biznesə dövlət xidmətlərinin təkmilləşdirilməsi prosesində aktiv iştirak edib, yeni KOB subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların qanuni maraqlarının müdafiəsinə, satış bazarlarına, bilik və innovasiyalara, maliyyə resurslarına çıxışına dəstəyini davam etdirib.

KOBİA-dan   verilən məlumata əsasən, agentlik tərəfindən biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə müxtəlif dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmətlər biznesin müxtəlif mərhələlərini əhatə edir.

Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin açılışını etdiyi “Bakı KOB evi”nin fəaliyyətə başlaması ilə biznesə vahid məkanda xidmət mərkəzi olan KOB evlərinin sayı 3-ə çatıb. Hazırda Bakı, Yevlax və Xaçmaz şəhərlərində olmaqla ölkə üzrə 3 KOB evi fəaliyyət göstərir. KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara 300-dən çox adda xidmət təqdim olunur. KOB evlərinin əsas məqsədi sahibkarlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq dövlət (G2B) və özəl (B2B) qurumların xidmətlərinin vahid məkanda, sahibkar məmnunluğu təmin olunmaqla təqdim edilməsidir. KOB evlərinin xidmətlərindən istifadə edən sahibkarların sayında müsbət dinamika müşahidə edilir. 2023-cü ildə 371 mindən çox, 2024-cü ilin I rübündə isə 99 mindən çox sahibkara KOB evlərində xidmət göstərilib. KOB evlərində sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi təqribən 98 faizdir. Ölkənin digər şəhər və rayonlarında, o cümlədən işğaldan azad olunmuş bölgələrimizdə də KOB evlərinin yaradılması nəzərdə tutulur və bu istiqamətdə zəruri tədbirlər görülür.

Həmçinin KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə ötən il 32 layihəyə 550 min manatdan çox qrant vəsaiti ayrılıb. Ümumilikdə isə indiyədək KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün 58 layihəyə 1 milyon manatdan çox qrant vəsaiti ayrılıb.

2023-cü ildə 42, ümumilikdə isə bu günədək 145 mikro və kiçik sahibkara innovasiya fəaliyyəti üzrə əldə etdikləri gəlirlərə 3 il müddətinə vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsi verilib.

Sahibkarlara vergi güzəştlərini nəzərdə tutan digər dəstək mexanizmi olan KOB klasterlərin yaradılması istiqamətində də işlər davam etdirilir, biznes subyektlərindən bu istiqamətdə daxil olan müraciətlər dəyərləndirilir.

Qanunvericilikdə KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur. KOB klaster üçün nəzərdə tutulan güzəştlərdən yararlanmaq istəyən kommersiya hüquqi şəxs KOB klaster şirkətinin şəhadətnaməsini almalıdır. Bunun üçün kommersiya hüquqi şəxs KOBİA-ya müraciət edə bilər.

KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manatdır. İndiyədək sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə 50-dən çox daxili bazar araşdırması aparılıb.

2023-cü ildə 10 sərgi çərçivəsində 79 KOB subyektinin məhsullarının ödənişsiz olaraq sərgilənməsinə, agentlik tərəfindən ticarət şəbəkələrində yaradılmış 8 satış nöqtəsində 25-dən çox sahibkarlıq subyektinin məhsullarının satışına dəstək göstərilib.

Sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə KOBİA-nın ödənişsiz təlim və məsləhət xidmətlərindən 2023-cü ildə 14 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb. Kənd təsərrüfatı, istehsal, xidmət və s. üzrə 697 biznes planın hazırlanmasında KOB subyektlərinə dəstək göstərilib. Ötən il agentliyin ödənişsiz video təlimlərindən 424 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb, 37 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün Almaniyada ixtisasartırma kursu keçib. Bu ilin mart ayında Azərbaycan Texniki Universitetində fəaliyyətə başlamış KOB Model Müəssisəsinin imkanlarından artıq 20-dən çox sahibkar faydalanıb.

Model müəssisə kiçik və orta sənaye müəssisələrinin səmərəli və rəqabətqabiliyyətli olmasına imkan verən, qənaətli idarəetmə üsullarına əsaslanan tədris və təcrübə mərkəzidir. Model müəssisənin imkanlarından faydalanan KOB subyektlərinin mühəndisləri və texniki heyəti qənaət üsullarını təcrübə əsnasında öyrənir və bu metodları öz şirkətlərində tətbiq edirlər. Bu isə həm işçilərin, həm də şirkətin məhsuldarlığını və rəqabətqabiliyyətliliyini artırır.

Son bir ildə də agentliyin KOB-lara yerində dəstək və xidmətləri təmin edən, dövlət-sahibkar əməkdaşlığına öz töhfəsini verən KOB dostu şəbəkəsinin genişlənməsi davam etdirilib. Sahibkarlara daha yaxın olmaq, onların müraciətlərinin yerində həllinə dəstək olmaq üçün hazırda ölkənin 50-yə yaxın şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir.

Hazırda biznes üçün aktual məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq və burada biznes qurmaqdır. Bu il mayın 1-nə bu istiqamətdə KOBİA-ya 1950-dən çox müraciət daxil olub. Müraciətlərin 1450-dən çoxu yerli, 500-dən çoxu isə xarici müraciətlərdir. Ümumi müraciətlərin 980-dən çoxu investisiya layihəsidir ki, onun da 48 faizi ticarət və xidmət, 22 faizi sənaye, 22 faizi kənd təsərrüfatı, 8 faizi isə tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir.

Agentliyə müraciət edən sahibkarlara işğaldan azad edilmiş ərazilərin iqtisadi və investisiya potensialına dair ətraflı məlumat, peşəkar məsləhət xidməti, müvafiq dövlət qurumları ilə əlaqələndirmə, yerli tərəfdaşların tapılması istiqamətində dəstək və xidmətlər göstərilir. Qarabağın iqtisadi və investisiya potensialının yerli və xarici iş adamlarına təqdim olunması məqsədilə KOBİA tərəfindən xarici nümayəndə heyətləri ilə keçirilən görüşlərdə və digər tədbirlərdə məlumat verilir.

İşğaldan azad olunmuş ərazilərimizdə öz biznesini quran bir sıra sahibkarlar agentliyin müxtəlif dəstək və xidmətlərindən istifadə edib və etməkdə də davam edirlər. Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində KOBİA-nın kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirən xidmət pəncərəsi fəaliyyət göstərir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə KOB dostu ofisləri yerləşir. Bu, bölgədə biznesin qurulmasına və inkişafına dəstək məqsədilə KOBİA-nı sahibkara daha yaxın edir.

KOBİA sahibkarların qarşılaşdığı çətinliklərin, inkişaf ehtiyaclarının öyrənilməsi üçün həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla müxtəlif istiqamətlər üzrə sorğular keçirir, sahəvi görüşlər təşkil edir. Eyni zamanda, KOB subyektlərindən agentliyə müxtəlif müraciətlər daxil olur. Sözügedən tədbirlərin nəticəsi olaraq, KOB-ların qarşılaşdıqları başlıca çətinliklərin maliyyə resurslarına, satış və bazarlara çıxışı, təcrübəli kadrların çatışmazlığı və s. ilə bağlı olduğu qeyd edilə bilər. Sahibkarların dövlətin dəstək mexanizmləri və güzəştlər, hüquqi prosedurlar barədə maarifləndirilməsinə, innovasiyaların və rəqəmsal həllərin tətbiqi barədə məlumatlılıq səviyyəsinin artırılmasına da ehtiyac var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər