“Azərbaycanda aqroturizm yeni sahə olduğu üçün onun təşviqinə xüsusi diqqət yetirilmədir”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroekoturizm Sisteminin yaradılması” mövzusunda seminarda deyib.
Onun sözlərinə görə, aqroturizmin dəyər zəncirinə daxil olan müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq və koordinasiyalı fəaliyyət mühüm əhəmiyyət kəsb edir: “Yeni layihələrin hazırlanması, qarşıya çıxan çağırışların həll olunması və səylərin birləşdirilməsi üçün mütəmadi müzakirə platformasının yaradılması, düşünürəm ki, vacib amildir. Bu gün, qlobal səviyyədə turizm sənayesində çalışan böyük şirkətlər aqroturizm seqmentinə kifayət qədər böyük sərmayələr yatırırlar. Yerli və xarici investorların bu sahəyə cəlb edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Müvafiq sahədə sahibkarların və obyektlərin hazırlanması ilə yanaşı, satış kanallarının genişləndirilməsinə də ciddi zərurət var. Bu baxımdan, tur-operatorlar maraqlı paketlər hazırlamalı və yeni marketinq siyasətləri formalaşdırılmalıdır. Bu gün, ölkələr turist axınının cəlb edilməsi uğurunda ciddi mübarizə aparırlar. Belə bir şəraitdə turizm sənayesinin iştirakçıları qlobal rəqabətə davam gətirmək üçün yeni çağırışlar və tələblər ilə ayaqlaşmalıdır”, – deyə o, qeyd edib.
“Hazırda ölkəmiz 2022-2030-cu illəri əhatə edə yeni strateji inkişaf mərhələsinə qədəm qoyur. Müxtəlif dövlət qurumlarının və maraqlı tərəflərin iştirakı ilə hazırlanmaqda olan ortamüddətli sosial-iqtisadi inkişafı strategiyası post-münaqişə və post-pandemiya dövründə genişmiqyaslı bərpa-quruculuq işlərini, dayanıqlı artım mənbələrinin şaxələndirilməsi və innovativ həll yollarının geniş tətbiqi elementlərini əhatə edir. Şübhəsiz ki, planlaşdırılan tədbirlər ölkəmizdə aqroturizmin müasir dövrün tələblərinə uyğun inkişafı üçün əlverişli imkanlar yaradacaqdır. Ümidvaram ki, bugünkü seminar çərçivəsində aparılacaq müzakirələr və fikir mübadilələri aqroturizm sektorunun inkişafı baxımından faydalı nəticələr hasil edəcəkdir. Əminəm ki, birgə səylərimiz nəticəsində dayanıqlı iqtisadi artımın təmin edilməsində aqroturizm sektorunun potensialından maksimum dərəcədə faydalanmağa və onun ölkə iqtisadiyyatındakı çəkisinin artırılmasına nail olacağıq”, – deyə O.Məmmədov əlavə edib.