İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özəl sektor və elmi dairələr arasında əlaqələrin inkişafı, gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi istiqamətində ali təhsil müəssisələri ilə əməkdaşlığını davam etdirir.
Banker.az-ın KOBİA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və ADA Universitetindən sonra KOBİA Bakı Dövlət Universiteti (BDU) ilə də əməkdaşlığını genişləndirir.
Bu məqsədlə bu gün KOBİA və BDU arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıblar.
Sənəd özəl sektor və elmi dairələr arasında praktiki əlaqələrin genişləndirilməsini, bu istiqamətdə birgə proqramların təşkili, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin realizasiyasına və ixtiraçıların fəallığının artırılmasına dəstəyi, universitetin elmi potensialından istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan araşdırmaların aparılmasını, KOB subyektlərinin maarifləndirilməsi üçün birgə fəaliyyəti, müştərək layihələrin icrasını nəzərdə tutur. Bu məqsədlə Anlaşma Memorandumuna uyğun olaraq Agentlik və BDU gənclər arasında innovativ sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə universitetdə “Biznes İnkubasiya Mərkəzi”ni təşkil edəcək, tədris-innovasiya infrastrukturundan KOB subyektlərinin faydalanması, özəl sektor ilə universitet arasında əməkdaşlıq platformalarının inkişaf etdirilməsi, startaplar və biznes inkubatorlar üzrə “nəzəriyyədən biznesə” prinsipinin reallaşmasına dəstəyin göstərilməsi üzrə əməkdaşlıq edəcək.
“Biznesin müasir tələblər səviyyəsində təşkil edilməsi və rəqabət qabiliyyətinin artırılması məqsədilə elmi yeniliklərin bizneslərə inteqrasiyası önəmlidir. Artıq qlobal miqyasda bizneslərin tədqiqat mərkəzləri və universitetlərlə sıx əlaqəsinin faydaları məlumdur. Dünyada olduğu kimi ölkəmizdə də müasir bizneslərin yaradılmasında yüksək təhsilli, innovativ düşüncə tərzinə malik və daim yeniliklər axtarışında olan gənclər aparıcı qüvvə hesab olunur. KOBİA və BDU arasında imzalanan sənədin universitetlər və özəl sektor arasında işgüzar əlaqələrin yeni mərhələyə çıxarılması, universitetdə yaradılacaq Biznes İnkubasiya Mərkəzinin universitet və biznes ictimaiyyəti arasında işgüzar körpünün yaradılmasına və gənclərimizin iş həyatına hazırlanmasına öz töhfəsini verəcəyinə inanırıq”, – deyə O. Məmmədov bildirib.
“Universitet sənaye müəssisələri ilə sıx əməkdaşlıq edir, elmi tədqiqatların aparılması və istehsalata inteqrasiyası, birgə araşdırmaların həyata keçirilməsi üçün universitetdə yeni mərkəzlər, şöbələr və laboratoriyalar yaradılır. Bu gün universitet və KOBİA arasında imzalanmış sənəd də elm və özəl sektor arasında əlaqələrin genişləndirilməsində, yaradılacaq Biznes İnkubasiya Mərkəzi tələbələrin biznes ideyalarının formalaşdırılılmasına dəstəyin göstərilməsi baxımından əhəmiyyətli olacaqdır”, – deyə BDU-nun rektoru E.Babayev qeyd edib.