Köçürülən inzibati cərimələrə dövlətin nəzarəti artırılır, “İCMAL” “Rəqəmsal dövlət maliyyəsi”nin altsistemi olacaq.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, “İCMAL” informasiya sistemi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkibində “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi, yəni “İCMAL” altsistemi kimi yenidən təşkil ediləcək və buna uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində dəyişikliklər ediləcək. Bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edəcək. “İCMAL” altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edəcək.
Həmçinin layihədə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı müəyyən təkmilləşdirmələr nəzərdə tutulur. Layihəyə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada veriləcək.
Bundan başqa, layihədə təklif olunur ki, qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısı ola bilməsin.






