9 C
Baku
Saturday, December 21, 2024

Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

Azərbaycanda pilot layihə çərçivəsində 40 min abonentin mənzilinə yeni nəsil sayğac quraşdırılıb.

Bu barədə məlumatı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib.

Onun sözlərinə görə, qurum bu cür sayğacların quraşdırılması prosesinə mənzil-tikinti kooperativlərindən (MTK) başlayıb:

“40 min civarında mexaniki tipli sayğacı “ağıllı” sayğaca çevirən cihazlar quraşdırılıb. Hansı ki, MTK-da yaşayan abonentlərin bütün məlumatlarını, hansının limitdə olduğunu, borclarını və sərfiyyatının nə qədər olduğunu o sayğaclarda görmək olur. Mərhələli şəkildə bu sayğacların digər binalara və fərdi yaşayış evlərinə də quraşdırılmasını təşkil edəcəyik”.

Eldəniz Vəliyev əlavə edib ki, zamanla bütün sayğaclar bir sistemin daşıyıcısı olacaq:

“Quraşdırılan yeni nəsil sayğaclar “Azəriqaz” İB-nin öz maddi hesabına həyata keçirilir. O ki qaldı əvvəlki smart tipli sayğaclara da o cihazın qoyulmasına, bunlar əvvəlcədən ödənişli olduğuna görə bu qayda onlara tətbiq olunmayacaq. Bilirsiniz ki, yavaş-yavaş köhnə smart tipli sayğacların dövriyyədən çıxarılma prosesi gedir.

Gələcəkdə bu sayğaclar daha modern və ağıllı sayğaclarla əvəzlənəcək. Yəni fərdi yaşayış evləri də xüsusi cihazlarla təchiz olunmuş sayğaclara keçəndən sonra mərhələli şəkildə köhnə smart tipli sayğaclar dövriyyədən çıxacaq”, – deyə qurum rəsmisi əlavə edib.

Məlumat üçün bildirək ki, yeni nəsil sayğacların ən əsas üstünlüyü ondan ibarətdir ki, onlar təkcə istehlak edilmiş qazla bağlı məlumatları deyil, həm də özünüdiaqnostika, fövqəladə vəziyyətlər və nasazlıqlar barədə məlumatları da ötürür.

Cihaz həmçinin idarəolunan qaz parametrlərinin icazə verilən həddən artıq olub-olmamasına da nəzarət edir. Qazın verilməsində nasazlıqlar yaranarsa, göstəricilər sistem tərəfindən qeydə alınır və cihazın yaddaşında saxlanılır, sonra avtomatik olaraq “Azəriqaz” serverinə ötürülür.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər