Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələr təhsil aldıqları müddətdə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə yalnız 1 (bir) dəfə həyata keçirə bilər.
Bu, yeni təsdiqlənən orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarında öz əksini tapıb.
Qeyd olunub ki, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
Kolleclərdə normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
Həmçinin ümumi orta təhsil bazasından kollecə qəbul olunan və ikinci tədris ilini başa vurmayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
Tələbənin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında (tam orta təhsil səviyyəsindən qəbul olunanların tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında, ümumi orta təhsil səviyyəsindən qəbul olunanların isə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) topladığı bal (təhsil aldığı kolleci daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazidə yerləşən kollecə öz ixtisası üzrə dəyişmək istədiyi halda topladığı balın 1,5 misli), orta ixtisas təhsili müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi orta ixtisas təhsili müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından çox olsun.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbənin təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi zamanı onun buraxılış imtahanının və orta ixtisas təhsili müəssisəsinə qəbulu üçün verdiyi qabiliyyət imtahanının nəticələri nəzərə alınır.
Təhsilalma formasının dəyişdirilməsi tələbənin orta ixtisas təhsili müəssisəsinə qəbul olduğu tədris ilində həmin ixtisas üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda həyata keçirilir.
Xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsinin tələbəsinin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsi yalnız həmin müəssisənin Nizamnaməsində nəzərdə tutulduğu halda bu Qaydaların 2.1-2.9-cu bəndlərinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.