İş mühitində, kollektivdə münaqişə və düşmənçilik heç vaxt biznesə fayda qazandırmır. Üstəlik, söhbət kiçik və orta şirkət formatından gedirsə… Məhz bu şirkətlərdə sağlam mühit, qarşılıqlı dəstək, etibarlı yoldaş və komanda işi çox mühüm əhəmiyyət daşıyır.
İş münaqişələrinin təşkilatın divarları daxilində qaldığını düşünmək çox yanlışdır. Əməkdaşlar arasında yaşanan münaqişə, yolagetməzlik ən neqativ şəkildə müştərilərə yansıyır. Təsəvvür edin ki, alış-satış bölməsinin əməkdaşları mühasib ilə dava edir və budur, məhsul təminatında ləngimə baş qaldırır. Şirkətin müxtəlif bölmələri arasında yaşanan mübahisə, küskünlük sözsüz ki, şirkətin işinə təsirsiz ötüşmür və iş prosesində ləngimələrə gətirib çıxarır. Bu səbəbdən də, bu mübahisələrin qarşısını ilkin mərhələdə almaq məqsədəuyğundur.
Bəs belə bir mübahisə artıq başlayıbsa nə etməliyik?
— Əksər hallarda, kiçik şirkətlərdə münaqişələr əməkdaşların müdirin diqqətini qazanmaq uğrunda apardığı rəqabət əsnasında yaranır. Bəzən hadisələr elə təsir bağışlaya bilər ki, kimlərəsə xüsusi şərtlər yaradılır, kiçik pozuntulara göz yumulur, iş yerini vaxtından əvvəl tərk etməyə icazə verilir, daha uzun məzuniyyətlər verilir. Və yaxud ən əsas müştərilər həmişə eyni əməkdaşa verilir. Bu səbəbdən də kiçik kollektivlərdə xüsusi üstünlüyə sahib əməkdaşları irəli çəkmək vərdişindən uzaq olun, hətta onlar əzmli və effektiv zəhmətləri ilə buna layiq olsalar da. Yaxşı əməkdaşın təyin olunma kriteriyalarını, onun mümkün üstünlük və imkanlarını hər kəsin önündə elan edin və bu hər kəs üçün bərabər imkanlar olmalıdır.
— İşə iş keyfiyyətlərinə və təcrübəsinə görə deyil, tanışlıq və yaxud məsləhət əsasında yeni işçi götürmək də həmçinin kollektivdə söz- söhbətlərə gətirib çıxaran hallardan biridir. Bu vəziyyətlərdən uzaq olun.
— “Köhnə qvardiya” və “təzə qan”. İstənilən biznesdə artım və inkişaf mərhələsində işə yeni əməkdaşlar cəlb etmək mütləqliyi yaranır. Adətən bunlar uğurlu təcrübəsi və biliyi sayəsində şirkətin inkişafına çox şey etməyə qadir olan idarəçilərdir. Bəzən bütün bir komanda işə dəvət olunur. Və bu zaman “köhnələr” yenilərə qarşı gizli sabotaj hazırlayar. Bu vəziyyətdə yeni və köhnə əməkdaşların güclü keyfiyyətlərini nəzərə alaraq işçi qrupları və komandalar yaratmaq ən məntiqli addımdır. Yenilər daxili təcrübə və yeni baxışa sahibdir. Daha əvvəldən çalışan əməkdaşlar isə şirkət haqqında tarixi biliklərə malikdirlər və biznesin bütün nüanslara bələddirlər.
— Münaqişənin və ümumilikdə personalın qəzəbinin səbəbi şirkətdə daxili qeyri-sabitliyin hökm sürməsi ola bilər: əmək haqqının gecikməsi, şəxsi inkişaf üçün perspektivin olmaması ilə yanaşı, şirkətin özünün inkişaf imkanlarının məhdud olması, aqressiv rəqabət mühiti, enən bazar. Bu zaman əməkdaşları hadisələrin gedişatından xəbərdar etmək, onlarla ünsiyyətə hazır olmaq və suallarını cavablandırmaq, təşkilatın məqsəd və tapşırıqlarını izah etmək lazımdır.
Ən əsası – komanda işi mühitini, qarşılıqlı dəstək hissini yaratmaq mütləqdir. Əməkdaşların inkişaf perspektivini, onların bir-biri ilə əməkdaşlıqda maraqlılıq dərəcəsini artırmaq mühümdür. Bundan əlavə, əməkdaşların yaxınlaşması və dostluq etməsi üçün yalnızca iş tapşırıqları deyil, korporativ tədbirlər də lazımdır.