9 C
Baku
Friday, December 13, 2024

Kollektor şirkətləri nədir və onlar necə işləyirlər?

Kollektor agentliyi – borcların yığılması üzrə ixtisaslaşmış şirkətdir. Bir çox hallarda agentlik fiziki şəxslərdən olduğu kimi, hüquqi şəxslərdən də borcların geri qaytarılması prosesi ilə məşğul olur. Kollektor agentliyi bankdan kredit portfelini satın ala bilər. Daha dəqiq desək, onunla sessiya müqaviləsi bağlaya və yaxud agentliyin sxemi üzrə borcu toplaya bilər.

Kollektor agentliklərinin işinə ehtiyac ən çox böhran zamanı ehtiyac duyulur. Lakin ondan təqib və təhdidlər qismində borcalanlarla iş üçün istifadə edilir.

Kollektor agentliklərinin işində 3 mərhələ mövcuddur. Bunlar soft-collection, hard-collection və legal-collection. Onların hər birini ayrılıqda nəzərdən keçirək.

Soft-collection:

İlk olaraq borcalanın məhz kim olduğunu aydınlaşdırmaq və onun fırıldaqçı kateqoriyasına aid olub-olmadığını təyin etmək lazımdır. Bunun üçün ilk növbədə onunla əlaqə saxlamaq və danışmaq lazımdır. Heç də həmişə bu ilk dəfədən baş tutmur. Belə ki, borcalan qeyd etdiyi ünvanda yaşamadıqda, iş yerini dəyişdikdə və yaxud bilərəkdən kreditordan gizləndikdə müəyyən problemlər ortaya çıxır.

Belə olduqda kollektor şirkəti borcalanın valideynlərinə, qohumlarına, dostlarına zəng etməyə başlayır. Bu addım yalnızca borcalanın yerini müəyyən etmək məqsədilə deyil, həm də effektiv şəkildə psixoloji təsir etmək üçün atılır.

Əksər hallarda borcalanın yaxınları onu məhz harada axtarmaq lazım olduğunu yaxşı bilirlər. Onlar ona zəng etməyə və suallar verməyə başlayırlar. Aydındır ki, bu həmin şəxsə heç də xoş deyil. Üçüncü şəxslər onun maliyyə problemini öyrənəcək və sözsüz ki, buna biganə yanaşmaq mümkün deyil.

Kollektor agentliklərinin işinə nəzər saldıqda bu mərhələni borcalan şəxs üçün ən təhlükəsiz mərhələ adlandırmaq olar. Əgər yuxarıda sadalanan tədbirlər bir nəticə verməzsə, agentlik növbəti addımı atır.

Hard-collection:

Əgər yaranmış vəziyyət sülh yolu ilə həll edilmirsə bu mərhələyə start verilir. Bu mərhələnin borcalan üçün nə dərəcədə ağır olacağı onun probleminin vəziyyətindən, yəni borcunun məbləğindən, statusundan, davranışından və əmlakından asılı olacaq.

Bu mərhələdə kollektor agentliyinin gördüyü tədbirlərə qısaca nəzər salsaq, bu mərhələni “borcalana sərt təzyiq” olaraq adlandıra bilərik. Bu zaman edilən zənglərin və edilən təhdidlərin sayı artırılır. Bundan əlavə, evinizin girişində heç də xoş olmayan bank xəbərdarlığını görməyiniz müstəsna hal deyil.

Legal-collection:

Bu mərhələ borcalandan borcun məhkəmə yolu ilə toplanmasını nəzərdə tutur. Lakin bu elə də tez-tez rast gəlinən hal deyil. Bu banklar və kreditorlara kollektor agentliyinin köməyi olmadan borcu geri almaq üçün uyğun gəlir. Bu zaman borcalana məhkəmənin keçirilməsi ilə bağlı xəbərdarlıq gəlir.

Bəzən borcalanlar məhkəmə prosesinin daha sonraya təxirə salınacağını ümid edərək məhkəmə prosesindən yayınırlar. Bu əlavə cərimələrin təyin edilməsi ilə nəticələnə bilər. Bundan əlavə, borcalan tezliklə müsadirə üçün evinə təşrif buyurmuş məhkəmə məmurlarını gördükdə təəccüblənməməlidir.

Bəs Azərbaycanda kollektor şirkətlər nə dərəcədə inkişaf edib?

Hazırda ölkəmizdə bu fəaliyyət növü zəif inkişaf edib. Zəif inkişafın başlıca səbəbi isə bankların öz problemlərini digər şirkətlər vermək istəməməsidir. Digər səbəb bazarın boş olması və bankların boş bazara genişlənməklə gəlir əldə edərək gecikmədə olan kreditləri silinməsi praktikasına üstünlük verməsidir.

Bu gün ölkəmizdə qeydiyyatdan keçmiş 2 şirkət fəaliyyət göstərir ki, bunlardan biri ilk özəl kollektor şirkəti olan BOA şirkətidir. Şirkət 2011-ci ilin dekabr ayında təsis edilib. Ölkədə fəaliyyət göstərən digər şirkət isə Azcoll şirkətdir.

Şirkətlərlə yanaşı, bazarda müstəqil fəaliyyət göstərən hüquqşünaslar və köhnə məhkəmə icraçılarıda vardır ki, bu şəxslər banklarla individual razılaşmaya girərək bankın gecikmədə olan portfelinin bir hissəsinin həllinə boyun olurlar.

Ölkənin qanunvericiliyinə əsasən, maddi və qeyri maddi aktivlərin üçüncü şəxsə ötürülməsi kimi bir öhdəliklər vardır. Söhbət Mülki Məcəllədə qeyd edildiyi kimi, satın almağa, maddi və qeyri-maddi öhdəlikləri və aktivləri üçüncü şəxslərə ötürməyə icazə verən müddəalardan gedir. Lakin bu qanunvericilik tərəfindən tam tənzimləmək demək deyil.  Çünki xarici təcrübəyə görə bu şirkətlərin borclarla rəftar qaydaları da göstərilməlidir.

Ekspertlər qaytarılmayan borcların artdığı bir dövrdə, kollektor şirkətlərin yaranması qaçılmaz sayır. Amma onların fikrincə bu zaman hər iki nüansa diqqət yetirmək lazımdır. Ya borc yığan şirkətlər qanunla tamamilə qadağan edilməlidir, yaxud da bu tip şirkətlərin fəaliyyətlərini tənzimləyən qərarlar qəbul olunmalıdır.

Əlavə olaraq, hazırda bazarda bu xidmətlərin qiymətləri, bankların ucuz qiymətə korlanmış portfelin kollektor şirkətinə verilməsi məsələsi də tam formalaşmamışdır – yəni hələ ki, biznes yanaşması yoxdur. Lakin yaxın gələcəkdə proqnozlaşdırılan problemli kreditlərin artım templəri ola bilsin ki, bu bazarda da canlanma yaratsın.

Hazırda problemli kreditlərin kritik həddə çatmasını nəzərə alsaq, kollektor şirkətlərin artması ilə bağlı qanun qəbul olunması zəruridir.  Məhz belə qanun muştəri və kreditor təşkilatın maraq və mənafelərinin qorunması, o cümlədən şəffaf hüquqi mexanizmlərin yaranması baxımından çox vacibdir.

Son xəbərlər
Digər xəbərlər