Komitə: Azərbaycanda Etalon Radon laboratoriyasının yaradılmasına başlanılıb

Azərbaycan Metrologiya İnstitutu milli etalonların kalibrləmə və ölçmə imkanları (Calibration and Measurement Capabilities – CMC) barədə müvafiq məlumatların “Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro”nun (Bureau International des Poids et Mesures, BIPM) internet səhifəsində yerləşdirilməsi ilə bağlı işlər aparır.

Bu barədə mənbəyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Azərbaycanda dövlət etalonların beynəlxalq səviyyədə tanınmasına dair sorğuya cavab olaraq bildirilib.

Məlumata görə, ölçmələrin vəhdətinin təmin edilməsi və aparılan ölçmələrin beynəlxalq etalon vahidlərinə izlənilməsi məqsədi ilə “Azərbaycan Metrologiya İnstitutu” etalonları mütəmadi olaraq digər ölkələrin aparıcı milli metrologiya İnstitutlarında kalibrlənmədən keçirir.

Komitədən onu da bildiriblər ki, Azərbaycanda Etalon Radon laboratoriyasının yaradılması layihəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 2018-2019-cu illər üzrə Fəaliyyət Planına daxil edilib və layihənin ilkin mərhələsinin reallaşdırılmasına başlanılıb.