23 C
Baku
Sunday, July 3, 2022

Komitə sədri: “Pensiyalar tam indeksasiya olunsun”

“Prezident İlham Əliyevin bu ilin martın 18-də verdiyi fərmanla Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi və ölkə başçısının 2016-cı il 24 iyun tarixli fərmanı ilə Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi nəticəsində aparılmış struktur dəyişikliyi xərclərin optimallaşdırılmasına xidmət edəcək”.

APA-ın məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, gələn il DSMF-nin büdcəsinin gəlir və xərclərinin 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb ki, bu da ötən ilin müvafiq göstəricisindən təxminən 100 mln. manat çoxdur: “Dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi ildən-ilə azalır. Əgər 2012-ci ildə dövlət büdcəsindən transfert Fondun gəlirlərinin 42%-ni təşkil edirdisə, gələn il bu göstərici 37,4%-ə düşür”.

H. Rəcəbli əlavə edib ki, pensiyalarla bağlı mövcud hüquqi bazanın beynəlxalq konvensiyalara, beynəlxalq təcrübələrə yenidən hazırlanması prosesi gedir: “Düşünürəm ki, qanunun yeni variantında işlənməsi Fondun büdcəsində ehtiyat mənbələri yaradacaq, vəsaitlərdən daha səmərəli və ədalətli istifadə olunmasına xidmət edəcək. Layihənin müsbət məziyyətlərindən biri də pensiyaların təkcə sığorta hissəsinin deyil, məbləğin bütövlükdə indeksasiya edilməsidir. Bu da nəticədə hiss olunan artıma gətirib çıxara bilər”.

Komitə sədri vurğulayıb ki, qurumun gəlirləri təsnif olunarkən bir sıra məqamlar çözülməlidir: “Qeyri-büdcə bölümü üzrə sosial sığortaya cəlbetmə illərlə artsa da, fiziki şəxslərdən yığım əmsalı son 5 ildə ümumi həcmin 1,6%-ni hələ də keçə bilməyib. Nəzərə alsaq ki, ölkədə əməktutumlu iş yerlərinin açılmasına, kənd təsərrüfatı və turizmin inkişafına, eyni zamanda özünəməşğulluğa geniş imkan veriləcək. Nəticədə bu istiqamətdə böyük ehtiyat mənbələri yaranacaq. İndiki maliyyə çətinlikləri dövründə büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri hesabına sığorta məbləğlərini artırmaq mümkündür. Məhz bununla əlaqədar proqnozlarda bu illə müqayisədə həmin mənbədən gələn ilə təxminən 3 dəfədən artıq yığım planlaşdırılıb. Debitor borclarla aparılan işin daha da yaxşılaşdırılması tələbləri də daha bir ehtiyat mənbəyidir. Son illər debitor sığorta borclarların artması və bu mənbənin bilavasitə qeyri-dövlət bölünümündə özünü bariz şəkildə göstərməsi faktı göz önündədir. Hazırda hüquqi bazanın bu borcların qaytarılmasına xidmət edən müddəaları olsa da, debitorlara qarşı sanksiyaların daha da gücləndirilməsinə və nazirliyə daha ciddi inzibati cəzalar tətbiq etmək imkanlarının yaradılmasına ehtiyac var”.

Son xəbərlər
Oxşar xəbərlər