Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması üçün mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə, vəzifə və iş yeri azaldılaraq 204 müəyyən edilib. Əvvəllər onların sayı 674 idi.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitədə keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
Komitə sədri bildirib ki, qadağan edilən bu peşə, vəzifə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Bu dəyişiklik əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasına mühüm töhfədir.
H.Hüseynova vurğulayıb ki, ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına daha yüksək templə yaxınlaşmasının təmin ediləcək:
“Statistik göstəricilərdən də bunu görmək mümükündür. 2020‐ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63,3 faizini təşkil edirdisə, 2024-cü ildə isə 68,9 faizini təşkil edib”.
Millət vəkili xatırladıb ki, 2009-cu ildən Əmək Məcəlləsinə edilən dəyişikliyə görə övladı dünyaya gəldiyi zaman kişilərin 2 həftə, yəni 14 gün ödənişsiz məzuniyyətə çıxmaq hüququ var idi.
“Yeni dəyişikliyə əsasən, artıq bu məzuniyyət ödənişli əsaslarla verilir. Bu qanun həm dövlət, həm də özəl şirkətlərə şamil olunur. Əlbəttə ki, layiqli əmək şəraitinin yaradılması, əmək hüquqlarının müdafiəsi, ailə vəziyyətindən asılı olmayaraq özünü inkişaf etdirməsi, iş və ya ailə həyatı arasında balansın qorunması hər bir vətəndaşın haqqıdır”, – deyə o fikrini tamamlayıb.






