Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Ölkə başçısının sərəncamı ilə Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Hələ bu sərəncama qədər ölkədə bəzi məhsullar, xüsusilə dizel yanacağının qiyməti ilə bağlı bahalaşma olacağı anonsları verilirdi. Maraqlıdır, seçkiqabağı dövrdə ölkə iqtisadiyyatındakı mənzərə necə olacaq?
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ölkədə seçkiqabağı iqtisadi vəziyyət stabil olacaq:
“Respublikada ötən ildən start verilən iqtisadi islahatlar, həyata keçirilən layihələr, neftin qiymətinin 70 dollar civarında olması vəziyyətin müsbətə doğru getdiyinin göstəricisidir. Nə seçkiyə qədər, nə də seçkidən sonra bahalaşma gözlənilir. Azərbaycanın ixrac potensialı imkan verir ki, əhalinin xüsusilə aztəminatlı təbəqəsinin vəziyyətinin pisləşməsinin qarşısı alınsın. Hazırda ixrac artıb, ticarət balansında müsbət saldo yaranıb. Ölkə olaraq ciddi problemlərimiz yoxdur. Neftin qiyməti qənaətbəşxdir, manatın məzənnəsi stabildir. Mərkəzi Bankın apardığı siyasət doğru siyasətdir, yəni pul kütləsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunur. Bütün bunlar göstərir ki, hansısa yanacağın bahalaşamsından söhbət gedə bilməz və buna ehtiyac da yoxdur”.
V.Əhmədov qeyd edib ki, ölkə prezidentinin yürütdüyü siyasət xalqın rifahının yaxşılaşdırılmasına xidmət edir:
“Mən hesab edirəm ki, cənab prezidentin apardığı siyasət ona dəlalət edir ki, yanacaq qiymətlərinin artması gözlənilən deyil. Biz 2018-ci ilin dövlət büdcəsini 45 dollardan götürmüşük. Amma nəzərə alaq ki, hazırda “qara qızıl” 70 dollara satılır. Ona görə də narahatlığa heç bir əsas yoxdur”.