Müəllif: Mehman Muradlı ,”informasiyalı cəmiyyət uğrunda” ictimai birliyinin sədri
Bank fəaliyyəti praktikasından bəllidir ki, müasir mərhələdə kommersiya bankları çox geniş spektirli əməliyyatlar həyata keçirirlər, ancaq bu əməliyyatları iki böyük qrupa-kommersiya banklarının passiv əməliyyatlarına və aktiv əməliyyatlarına bölmək olar.
Məlumdur ki, pul vəsaitlərinin cəlbi üzrə əməliyyatlar passiv, yerləşdirilməsi üzrə əməliyyatlar aktiv adlanır.
Kommersiya bankları sərbəst pul vəsaitlərini demək olar ki, hər bir iqtisadi agentdən-dövlət, müəssisə və əhalidən cəlb edir və bunun üçün passiv əməliyyatların müxtəlif növlərindən istifadə olunur. Banklar tələbli əmanət, müddətli əmanət üzrə vəsait cəlb etməklə birgə məktəb əmanəti, təhsil əmanəti və s. şərtlərlə də depozitlər qəbul edirlər. Banklar borc öhdəliklərinin-istiqraz, depozit sertifikatının yardımı ilə də passiv əməliyyatlar aparırlar. Kommersiya banklarının aktiv əməliyyatlarının əsas payının kreditlərə düşməsi də bəllidir.
Bu qısa qeydlərdən aydındır ki, «klassik» bank əməliyyatları zamanı müştərilərin də, bankların da müxtəlif mülki hüquq vəzifələri yaranır. Əlbəttə ki, bu hüquq vəzifələrin bütövlükdə bank əməliyyatları üzrə təhlili bir çox zəruri cəhətlərin dəqiq aşkarlanmasına maneə olardı və bu baxımdan müxtəlif əməliyyatlar üzrə təhlillər məqsədəuyğundur. Kommersiya banklarının qədim və klassik bir passiv əməliyyatı-bank əmanəti əməliyyatı üzrə təhlillər aparsaq və bəlli olar ki, bank əmanəti əməliyyatı müqavilə əsasında reallaşır. Deməli, kommersiya bankının mülki hüquq vəzifələri bu müqavilədən irəli gəlir və bu hüquq vəzifələri müqavilə çevrəsində araşdırmaq lazımdır.
Bank əmanəti müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğin, əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Bank əmanəti müqaviləsinin bu şərhindən bir neçə məsələ aydın olur. Birinci aydın olur ki, müqavilə realdır. Yəni, müqavilə üzrə tərəflərin hüquq və vəzifələri razılıqdan başqa əşyanın (pulun) verildiyi andan başlayır. İkinci bəlli olur ki, bitərəfli və əvəzlidir. Çünki, əmanətçinin bank qarşısında yalnız bir öhdəliyi yaranır. Üçüncü aydın olur ki, müqavilə tərəfləri kommersiya bankı və əmanətçidir. Müqavilənin predmetinin pul, məzmunun bankın əmanətçiyə əmant məbləğini razılaşdırılmış faizlər qaytarma öhdəliyi təşkil etməsi də bu şərhdən bəlli olur.
Bank əmanəti əməliyyatı zamanı kommersiya bankının mülki hüquq vəzifələri qanunvericilikdə əks olunsa da bu hüquq və vəzifələr müqavilədə də qeyd olunur. Qanunvericiliyə və standart bank əmanəti müqaviləsinə əsaslanıb, bank əmanətə üzrə kommersiya bankının mülki hüquq vəzifələrini təsvir etməzdə öncə bir məqamı da qeyd edək. Bank əmanəti əməliyyatı yazılı müqavilə əsasında reallaşır və müqavilə müştəriyə əmanət kitabçası, yaxud depozit sertifikatı təqdim etməklə tamamlanır. Bu qeyddən sonra başqa bir sualı cavablandıraq.
Əmanətlərin cəlbi üzrə kommersiya bankı hansı hüquqa malikdir?
Kommersiya bankı əmanət cəlb etməyə lisenziyası olduğu halda hüquqi və fiziki şəxslərdən müxtəlif növ əmanətlər qəbul etmək hüquqana malikdir.
Bank əmanəti əməliyyatı üzrə kommersiya bankıının əsas hüququ budur, kommersiya bankının əsas vəzifələri isə aşağıdakılardır:
- müştərinin əmanət məbləği üçün müqavilə üzrə müəyyənləşən, müqavilədə göstərilmədiyi halda isə Mülki Məcəllənin 449.1-ci maddəsinə görə faizlə hesablaşmaq və ödəmək, məsələn «X» fərd «Rabitəbank»a müddətli depozit qoyub. Müqaviləyə görə əmanətə illik 15% ödəməlidir. Müqavilədə bu şərt göstərilməsə faiz ödənişləri özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və s. görə nəzərdə tutulan qaydada – Milli Bankın müəyyən etdiyi faizlər üzrə həyata keçirilir. Bank əmanəti müqaviləsində başqa şərtlər nəzərdə tutulmayanda, faizlər hər rübün sonunda, əmanət məbləğindən ayrıca ödənilir.
- kommersiya bankının bank əmanəti üzrə mülki hüquq vəzifələrindən digəri əmanətçinin tələbi ilə bank əmanəti məbləğinin və ya onun bir hissəsinin qaytarılmasıdır. Qanunvericiliyə görə kommersiya bankı bu məbləği ağlabatan müddətinə, lakin 15 gündən gec olmayaraq qaytarmalıdır. (hüquqi şəxslərin əmanəti istisna təşkil edir)
- kommersiya bankının əmanət əməliyyatı üzrə başqa vəzifəsi fiziki şəxslərin əmanətlərinin icbari sığorta və başqa qanuni yollarla qaytarılmasını təmin etməkdir;
- əmanət əməliyyatları üzrə vəzifələrdən biri də bankın əmanətin qaytarılmasını təmin etməsi ilə bağlı məlumatları əmanətçiyə verməsidir; pul yiyəsi pulunun gələcək taleyi ilə bağlı ətraflı məlumat ala bilməlidir.
- Kommersiya bankının vəzifələrindən biri də bank əmanəti ilə bağlı məlumatların etibarlı qorunmasıdır; Doğrudur, Mülki Məcəllənin LI fəslində də, standart bank əmanəti müqaviləsində də belə bir müddəa öz əksini tapmır. Ancaq «Banklar haqqında qanun»un 41-ci maddəsinin tələblərindən belə bir vəzifə yaranır. 41.1.-ci maddədə göstərilir ki, bank müştərinin bank hesab, ad, ünvanı və s. haqqında məlumatların sirrinə təminat verir.
Bank əmanətləri üzrə kommersiya banklarının mülki vəzifələrini təhlil edərkən, bir məqam da qeyd olunmalıdır. Bəzi spesifik əmanət növləri üzrə əmanət müqaviləsində xüsusi şərtlər – qanunvericiliyə zidd olmayan şərtlər əks oluna bilər və kommersiya banklarının vəzifələri də bu şərtlərə uyğun müəyyənləşə bilər.
Kommersyia banklarının mühüm fəaliyyət istiqamətlərindən biri də müştərilərə bank hesabı açılaması və kassa hesablaşma xidmətinin göstərilməsidir. Əlbəttə ki, bu münasibətlərin hər iki tərəfində – kommersiya bankı və müştəridə müxtəlif mülki hüquq və vəzifələr yaranır.
Bank praktikasından bəllidir ki, müasir dünyada hesablaşmaların əksər hissəsi nəqdsiz formada həyata keçirilir. Hər hansı fiziki (sahibkarlıqla məşğul olan) və ya hüquqi şəxs hər hansı mal, xidmətin haqqını ödəmək istəyirsə, bu məsələ yalnız ölkəmizdə geniş yayılmış üsulla-cibdən, portmanatdan çıxarılan nəqd pulların mal və ya xidmət yiyəsinə birbaşa ödənilməsi ilə reallaşmır. Pul çekləri, ödəniş tapşırıqları istifadə ilə bir hesabdan başqa hesaba köçürülür və Azərbaycanda hətta hüquqi şəxslərin xoşuna gəlməyən bu üsul dünya üçün xarakterikdir. Bu əməliyyatların sxematik təsvirindən aydındır ki, hesablaşmaların reallaşması üçün iki tərəfə, müştərilərə (fiziki və hüquqi şəxslərə) – kommersiya bankına ehtiyac yaranır. Yəni, bu münasibətlərin iki subyekti mövcuddur.
Bank fəaliyyəti praktikasından həm də bəllidir ki, bank hesabları müqavilə əsasında – bankla müştəri arasında bağlanan müqavilə əsasında açılır və qanunvericilik bank hesabı müqaviləsini aşağıdakı kimi xarakterizə edir:
-Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və velirməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
Qanunvericilikdə həm də göstərilir ki, bank hesabdakı vəsaitə müştərinin maneəsiz sərəncam hüququna qarantiya verməklə bu vəsaitdən istifadə edə bilər. Məsələn, «X» müştərinin cari hesabında 5 mln. manat vəsaiti var. Bank bu vəsaitdən istifadə edib gəlir götürə bilər. Ancaq, müştərinin istədiyi anda pulu götürmək, xərcləmək hüququ təmin olunmalıdır. Belə çətin məsələnin həllini dərk etmək üçün bank menecmentinin incəliklərinin aydınlaşmasına ehtiyac var, ancaq tədqiqatın predmeti başqadır.
Beləliklə, bank hesabı müqaviləsi anlayışlarının izahından görünür ki, bu müqavilənin predmetini müştərinin bank hesabında olan pul vəsaiti təşkil edir.
Bank hesabı müqaviləsinin tərəflərini qeyd etmişik və yuxardakı şərhə əsasən qeyd edə bilərik ki, bu müqavilə konsensualdır. Yəni, müqavilənin bağlanması üçün yalnız tərəflərin razılığı tələb olunur və tərəflərin hüquq və vəzifələrin bu razılıq əldə olunan andan başlayır.
Bank hesabı əməliyyatları üzrə kommersiya banklarının mülki hüquq vəzifələrini aydınlaşdırmazdan öncə yəqin ki, bank hesblarının növləri barədə də məlumat vermək məqsədəuyğun olardı. Bank praktikası haqqında məlumatlara, banklar haqqındakı ədəbiyyatlara, normativ–hüquqi aktlara əsasən aşağıdakı bank hesablarını qeyd etmək olar:
-Hesablaşma hesabı hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə açılır. Bu hesabdan mal, xidmətlər və s. üzrə ödəmələr, büdcə ödənişləri, məhkəmə qərarları üzrə ödənişlər və s. həyata keçirilir, satışdan daxilolmalar bu hesaba köçürülür.
Kommersiya təşkilatların – hüquqi şəxslərin xahişi ilə onların filial və nümayəndəliklərinə subhesablaşma hesabı açıla bilər.
Tikilən müəssisələrə, kommersiya təşkilatlarının təsisçilərinə müəvəqqəti hesablaşma hesabı da açılır.
Cari hesablar qeyri-kommersiya təşkilatları üçün açılır. Bankların qarşılıqlı hesablaşmaların reallaşması və nəzərə alınması müxbir hesablarının açılması ilə mümkünləşir. Bundan başqa banklar ssuda hesabları, əmanət hesabları da açırlar.
Bu cəhətlərin qeydindən sonra komersiya bankının bank hesabı əməliyyatları üzrə mülki hüquq vəzifələrini araşdırmaq olar.
Öncə kommersiya bankının bu əməliyyat üzrə hansı hüquqlara malik olduğunu nəzərdən keçirək.
Bankın hesab açılması və bu hesabdan əməliyyatlar aparılmasına görə müştəridən xidmət haqqı almağa görə hüququ vardır. Doğrudur, bank bu xidmətlər üçün ödənişdən imtina da edə bilər. Bank hesabı müqaviləsində ayrı şərtlər nəzərdə tutulmayanda, bank xidmətləri haqqı hər bir əqd başa çatdıqdan sonra müştərinin hesabından tutula bilər. Xidmət haqqı yalnız bankla müştəri arasındakı razılaşma ilə müəyyən oluna bilər. Banklar haqqında qanunun 36.6.-cı maddəsində göstərilir ki, banklar ödənişi, xidmət haqqını müəyyənləşdirməkdə sərbəstdir.
Kommersiya bankı həmçinin müştərinin kassasında nəqd pul limitini müəyyənləşdirmək, müştəridən kassa planı tələb etmək, müştəriyə limitdən artıq nəqd pul verməmək hüququna malikdir. Doğrudur, bu hüquqlar qanunvericilik aktlarında dəqiq həllini tapmır, ancaq bank qanunvericilik aktlarında spesifik cəhətləri belə hüquqların təsbit olunmasını tələb edir. Məsələn «X» şəxsin-fiziki şəxs kimi sahibkarlıqla məşğul olanın «Muğan» kommersiya bankında cari hesabı var və bu hesabda 5 mln. manat pul saxlanılır. Əlbəttə ki, müştərinin ödəniş tapşırığı əsasında bu vəsaiti «Y» hüquqi şəxsinin hesabına köçürmək problem deyil və bank bu tapşırığın icrasından heç bir əsasla imtina edə bilməz. Ancaq müştəri bankdan 5 mln. manat nəğd pulu tələb etsə, problem yarana bilər. Çünki bankların dəmir seyflərində hər bir an bu qədər nağd vəsait olmaya bilər və bank menecerləri yalnız müştərilərin kassa planı əsasında nağd vəsaitlərə gündəlik ehtiyacı müəyyənləşdirirlər.
Bank hesabı əməliyyatları üzrə komersiya banklarının birinci vəzifəsi bank hesabının açılmasıdır. Qanunvericiliyə görə bəzi istisna hallardan başqa bankın hesab açılmasından imtinaya ixtiyarı yoxdur. Milli Bankın təsdiq etdiyi «Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları»nda hesab açılmadan imtina halları müəyyənləşdirilir. «Qaydalar»da göstərilir ki, müştəri hesab açılması üçün tələb olunan sənədləri təqdim etmədikdə, sənədlərdə dürüst olmayan və ya təhrif məlumatlar aşkarlandıqda, dövlət sosial sığorta və vergi orqanından alınan bildiriş və şəhadətnamə – dublikatda başqa bankın adı göstərildikdə, bankın müştərilərə xidmət etməyə imkanı olmadıqda və s. hallarda hesab açılmasından imtina oluna bilər.
Kommersiya bankının bank hesabı əməliyyatı üzrə digər mühüm bir vəzifəsi müvafiq hesab üçün qanunla, bank qaydaları və bank praktikasındakı işgüzar dövriyyə adətləri ilə müştəri üçün əməliyyatlar aparılmasıdır. Məsələn, «X» hüquqi şəxsin cari hesabına köçürülən vəsaiti hesaba salmaq, yaxud bu şəxsin sərəncamı ilə onun hesabından pul köçürmək bankın vəzifəsidir.
Kommersiya banklarının bu vəzifəsi qanunvericiliklə daha dəqiq müəyyən olunur və Mülki Məcəllədən aydın olur ki, bank müştərinin hesabına daxil olmuş pul vəsaitini ödəniş sənədi bank daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmalıdır. Məcəllədə həm də göstərilir ki, bu müddətə qanun və ya müqavilədə daha qısa müddət göstərilməyəndə əməl olunmalıdır.
Qanunvericilik müştərinin hesabından pul köçürülməsi və verilməsinə də eyni müddətlər müəyən edir.
Biz öncə qeyd etmişdik ki, kommersiya bankı müştərinin sərəncamlarının icrasına qarantiya verməklə, müştərinin hesabındakı vəsaitlərdən istifadə edə bilər və aydındır ki, bu istifadə üçün haqq ödənilməlidir. Bu baxımdan komersiya bankının digər bir vəzifəsi – müştərinin hesabındakı puldan istifadəyə görə faiz ödəməsi vəzifəsi yaranır. Doğrudur, müqavilədə istifadə üçün faizlər tələb olunmaması da nəzərdə tutula bilər və bu halda bankın belə bir vəzifəsi yaranmır. Qanunvericiliyə görə faizlər müqavilə, yaxud başqa qanuni şərtlərlə ödənilir, müştərinin hesabına köçürülür.
Bank hesabı müqaviləsinin şərtlərinə uyğun olaraq kommersiya bankının hesabın kreditləşdirilməsi vəzifəsi də əmələ gələ bilər. Belə ki, bank hesabı müqaviləsində nəzərdə tutula bilər ki, «X» şəxsin cari hesabında vəsait olmadığı hallarda ödənişləri bank həyata keçirəcək. Deməli, belə bir halda bank müştərinin hesabını kreditləşdirmək vəzifələrini öhdəsinə götürür. Ancaq bankın həm də hüquqları yaranır. Çünki hesab kreditləşən gündən etibarən bank müştəriyə kredit vermiş sayılır və artıq tərəflərin hüquq və vəzifələri ya kredit qaydaları, ya da müqavilə şərtlərinə uyğun müəyyənləşir.
Bank hesabı əməliyyatları üzrə komersiya bankının mülki hüquq vəzifələrindən biri də hesablardan pul vəsaitlərinin silinməsindəki növbəliliyə riayət olunmasıdır. Bu məsələni öncə araşdırmışıq və yəqin ki, əlavə təhlilə ehtiyac yoxdur.
Kommersiya banklarının mülki hüquq vəzifələri əsasən araşdırılan məsələlərlə araşdırılır, əlbəttə ki, bank sirrinin qorunması ilə bağlı vəzifəyə bu əməliyyatlar zamanı da əməl olunmalıdır.
Kommersiya bankları istər bu vəzifənin, istər digər vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar və bu məsuliyyət qanunvericiliklə müəyyənləşdirilib. Hesab əməliyyatlarının lazımınca aparılmaması hallarında-pul vəsaiti vaxtında hesaba salınmayanda, yaxud bank tərəfindən əsassız olaraq hesabdan silinəndə, hesabdan köçürülmə və verilmə haqqında müştərinin göstərişləri lazımınca yerinə yetirilməsində bank cəzalandırılır. Mülki Məcəlləsinin 449-cu maddəsinə-pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət maddəsinə uyğun olaraq faizlər ödəyir. Bank müştərinin sirlərini açdığı hallarda da cəzalanır və bu halda müştərinin bankdan vurulan zərəri ödəmək hüququ yaranır.
Bank hesabı əməliyyatları ilə bağlı kommersiya bankının digər bir məsuliyyəti isə vergi orqanları qarşısında olur. Vergi Məcəlləsinin 60-cı maddəsinə görə vergi orqanından dublikat-şəhadətnamə olmayan hüquqi şəxs, fərdi sahibkara və s. hesab açan bank cərimələnir. Kommersiya bankı müştərinin hesabında pul olduğu halda Mülki Məcəllənin 965-ci maddəsinin tələblərinə uyğun olaraq (növbəliliyə) müştərinin tapşırığını, vergi orqanlarının sərəncamların icra etmədiyinə görə də cərimələnir.
Bank hesabı müqaviləsinin müddətsiz olmasına baxmayaraq, müştərinin ərizəsi üzrə istənilən vaxt müqavilədə baş hal nəzərdə tutulmayanda bankın müraciəti ilə məhkəmə tərəfindən ləğv olunur. Aydındır ki, müqavilənin ləğvi ilə tərəflərin bank hesabı üzrə hüquq və vəzifələri sona çatır. Bu halda kommersiya bankının yalnız bir vəzifəsi qalır. Hesabdakı pul qalığını ya müştəriyə verilir və ya yeddi gün ərzində müştərinin tapşırığı ilə başqa hesaba köçürülür.
Kommersiya banklarının əsas aktiv əməliyyatlarının kredit verilməsi olduğunu qeyd etmişdik. Ölkə iqtisadiyyatına kredit qoyuluşları və verilən kreditlərdə kommersiya bankların iştirak səviyyəsini aşkarlayan cədvəldən də kommersiya banklarının əsas fəaliyyət istiqamətlərindən birinin kredit olduğu görünür
Cədvəl. 2.1
İqtisadiyyata kredit qoyuluşunda kommersiya banklarının iştirakı
2005 |
2006 |
2007 |
2008 |
2009 |
2010 |
||
İqtisadiyyata kredit qoyuluşları |
1 440.9 |
2 362.7 |
4 681.8 |
7 163.3 |
8 407.5 |
9 163,4 |
|
onlardan: |
|
|
|
|
|
|
|
qısa müddətli |
913,2 |
1 142 |
1 649.5 |
2 295.9 |
2 360.0 |
2 567.1 |
|
yekuna görə, faizlə |
63,4 |
48,3 |
35,2 |
32,1 |
28,1 |
28 |
|
uzun müddətli |
527,7 |
1 220.7 |
3 032.3 |
4 867.4 |
6 047.5 |
6 596.2 |
|
yekuna görə, faizlə |
36,6 |
51,7 |
64,8 |
67,9 |
71,9 |
72 |
|
Göstəricilərin mənbəsi: Azərbaycan Respublikası Statistika Komitəsi
Kreditin kommersiya banklarının mühüm istiqamətlərindən biri olduğunu başqa göstəricilərlə də aşkara çıxarmaq olar və bu əks edilən, yaxud əks edilməyən məqamlardan həm də aydın olur ki, belə bir mühüm məsələnin daha təkmil hüquqi tənzimlənməsi zəruridir. O cümlədən, kredit münasibətləri üzrə tərəflərin hüquq və vəzifələrinin düzgün müəyyən olunması vacibdir.
Kredit əməliyyatları üzrə kommersiya bankının hüquq və vəzifələrini aydınlaşdırılmadan öncə yəqin ki, kreditin mahiyyətini açıqlamaq məqsədəuyğun olar. «Pulun ardınca kreditin icadını insanlığın dahiyanə kəşfi» adlandıran rus iqtisadçıları krediti sərbəst pul vəsaitlərinin istifadəsi dövriyyəsində yaranan münasibətlər kimi xarakterizə edilir.
Bernar və Kollinin lüğəti isə krediti zaman etibarı ilə fərqli iki ödəniş arasında mübadiləyə imkan yaradan etibar aktı kimi xarakterizə edirlər.
«Dövlət və bələdiyyə maliyyəsinin problemləri» adlı dərs vəsaitində kredit dəyərlərin fərqli zaman üzrə mübadiləsinə imkan yaardan müqavilə münasibətləri kimi xarakterizə olunur.
Beləliklə, kredit öz-özlüyündə müqavilə münasibətidir və kredit verilməsi də yalnız və yalnız kredit müqaviləsinin bağlanması ilə reallaşır. Qanunvericilik kredit müqaviləsinin notarial təsdiqini tələb edir.
Kreditin xarakterik xüsusiyyətləri geri qaytarılmaqlıq və ödənişlilik hesab olunur.
Müxtəlif qanunverici sənədlərdə kredit müqaviləsi bank və başqa kredit təşkilatının borcluya müqavilədə göstərilən məbləğdə və şərtlərdə pul vəsaiti vermək öhdəliyinin, borclununsa alınmış vəsaiti qaytarmaq və faiz ödəmək öhdəliyini bildirir.
Nəzərdən keçirilən məsələlərdən aydındır ki, kredit müqaviləsi üzrə iki tərəf – bank və kredit alan var və kredit müqaviləsi realdır. Yəni, tərəflərin hüquq və vəzifələri kredit verilən andan yaranır. Standart kredit müqaviləsində tərəflərin adı, hüquqi ünvanı göstərilir. Müqavilənin predmeti – kreditə verilən pul vəsaiti, məbləği, müddəti, məqsədi, faiz dərəcəsi, kredit üzrə faizlərin hesablanamsı, kredit üzrə öhdəliklərin icrasına təminat (girov, qarantiya, zaminlik, sığorta), kredit verilmə və kredit üzrə ödəniş qaydaları da müqavilədə əks olunur.
Kredit verilməsində bankın əsas motivini gəlir götürmək təşkil etsə də, kredit qərarı təkcə bu əsasla-kreditin təkcə daha yüksək faiz vəd edən müştəriyə ayrılması əsasında qəbul olunmur. Kommersiya bankı həm də iki əsas məqama-kreditin məqsədli təyinatına, kreditin təminatına ciddi diqqət yetirir. Yalnız müştərinin məqsədləri, xərcləri, gəlirləri ətraflı təsvir olunan biznes-planın yardımı ilə kommersiya bankı bu məqsəd üçün xərclənən vəsaitin geri qayıdacağı ehtimalını müəyənləşdirə bilər. Bir və bir neçə təminatla-girov, qarantiya və s. bank risklərini minimallaşdırmağı bacarar.
Kreditlə bağlı bu zəruri məqamların aydınlaşmasından sonra kommersiya banklarının kredit əməliyyatı üzrə mülki hüquq və vəzifələrini daha düzgün müəyyənləşdirmək olar.
Kredit əməliyyatları üzrə kommersiya bankı aşağıdakı hüquqlara malik olur:
- verilmiş kreditin təminatını yoxlamaq. Məsələn, Mülki Məcəllənin 283.2-ci maddəsinə görə girov saxlayan girov qoyulmuş əşyanın mövcudluğunu, miqdarını, vəziyyətini və s. sənədlər üzrə və faktik yoxlaya bilər.
- verilmiş kreditin məqsədi üzrə istifadəsini yoxlamaq; ölkə qanunvericiliyində bu məsələ dəqiq hüquqi həllini tapmasa da – daha dəqiqi, Mülki Məcəllə müxtəlif qanunlar əsasında deyil, qaydalar və s.-lə tənzimlənsə də, müxtəlif ölkələrin qanunvericilik təcrübəsində məsələyə belə yanaşılır. Məsələn, Rusiya Mülki Məcəlləsinin 814-cü maddəsində göstərilir ki, borc müqaviləsində borcun müəyyən məqsədlər üçün verilməsi əksini tapırsa, borcun məqsədli təyinatına görə xərclənməsinə borc verənin nəzarət imkanı təmin olunmalıdır.
Kommersiya bankı borclu tərəfindən kredit müqaviləsinin şərtlərinin pozulduğunu aşkar etdikdə, yeni ssudaların verilməsini dayandıra və əvvəl verilmiş məbləği geri tələb edə bilər.
Milli Bank faiz dərəcələrini, məcburi ehtiyat normalarını dəyişdirdikdə, ölkədə inflyasiya səviyyəsi dəyişəndə bank kreditlər üzrə faiz dərəcələrinin dəyişməsi məsələsini də qaldırmaq hüququna malikdir.
Kredit əməliyyatları üzrə kommersiya bankının vəzifələri isə aşğıdakılardır:
- Müqavilə şərtlərinə uyğun olaraq borc alana lazımi məbləğdə lazımi müddətdə kredit vermək;
- Bank tərəfindən kreditin vaxtından əvvəl geri qaytarılması faktı və səbəbləri barədə borc alanı xəbərdar etmək; Mülki Məcəllənin 742.2.-ci maddəsi müəyyən edir ki, böyük məbləğlərdə borc müqaviləsinin ləğvi barədə 3 ay, nisbətən kiçik məbləğlər üzrə müqavilənin ləğvi barədə isə bir ay öncə xəbərdarlıq etmək gərəkdir.
- kredit müqaviləsi üzrə faizləri hesablamaq və borclu müştərini faizini ödəmək üçün xəbərdar etmək;
Kredit müqavilələrində başqa müxtəlif şərtlər də nəzərdə tutula bilər və bu şərtlər istər müştərinin, istərsə də kommersiya bankının digər mülki hüquq vəzifələrinin əmələ gəlməsini şərtləndirər. Məsələn, kredit verən bank müqavilə ilə müştəridən tələb edə bilər ki, kredit müddətində müştəri bankın razılığı olmadan borc verməsin, öz aktivlərini satması, girov qoymasın.
Kredit əməliyyatları üzrə kommersiya banklarının mülki hüquq vəzifələrinin bu qısa təhlilini bitirib, başqa bir əməliyyat – borc əməliyyatları üzrə əmələ gələn vəzifələri araşdırmaq məqsədə uyğundur.
Bir çox baxışlara görə borc anlayışı kreditdən daha geniş mənaya malikdir. Qeyd etmək gərəkdir ki, kreditlə borc mahiyətcə fərqli deyil və hər iki halda dəyərlərin fərqli zamanlar üzrə mübadiləsi baş verir. Ancaq borc kreditdən fərqli xüsusiyyətlərə malikdir və fərqlər təkcə borc müqaviləsinin həm şifahi, həm yazılı bağlamasından, yaxud istiqraz, veksel buraxılışı ilə bu münasibətlərin yaranmasında deyil. Fərq həm də bundadır ki, kredit adətən, banklar və kredit təşkilatları tərəfindən verilir, borc isə istənilən fiziki və ya hüquqi şəxs tərəfindən verilə bilər. Ən xarakterik fərqsə borcun müəyyən məqsədli təyinat üzrə verilməsidir.
Borcun iqtisadi mahiyyəti kreditin mahiyyətinə uyğun olduğunu qeyd etdik və qeyd etmək gərəkdir ki, borcun hüquqi şərhi kreditdən çox fərqli deyil. «Borc iştirakçılardan» birinin pula və ya digər əvəz edilən əşyaya mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyü, digərinin isə aldığını pul və ya eyni keyfiyyətli və miqdarda eyni növlü əşyalar şəklində borc verməyə qaytarmaq öhdəliyini bildirən müqavilə münasibətidir.
«X» şəxs «Y» şəxsdən «a» miqdarda pul və ya «b» əşyasını borc almaq istəyirsə, tərəflərin razılaşmasından sonra «X» şəxs pulu və ya əşyanı «Y» təqdim etməyi, «Y» şəxsə müəyyən zamandan sonra müvafiq pulu və ya «b» əşyasını qaytarmağı öhdəsinə götürür. Mürəkkəb hüquqi şərhin sadə izahı belədir.
Şərhdən bəlli olur ki, borc müqaviləsinin predmeti pul və ya əşyadır. Müqavilə şifahi və ya yazılı formada bağlanır. Bu müqavilə realdır. Borc müqaviləsinin birtərəfli olduğu bir çox ədəbiyyatlarda göstərilir. Bəllidir ki, birtərəfli müqavilələrdə tərəflərin biri hüquqa, digəri isə vəzifələrə malik olur.
Bu baxımdan kommersiya banklarının borc alma əməliyyatları zamanı mülki vəzifələri yaranır və məlumdur ki, kommersiya bankları qanuna müvafiq olaraq qiymətli kağızlar, o cümlədən istiqrazlar ala bilərlər və qiymətli kağızlar bazarında peşəkar fəaliyyətinə – yəni, korporasiyaların qiymətli kağızlarının yerləşdirilməsi (istiqrazların da) ilə məşğul ola bilərlər.
İstiqraz – məsələn, dövlət xəzinə istiqrazı alan bank borc verən qismində çıxış edir və buna görə də bankın hüquqları əmələ gəlir və bu hüquqlar qiymətli kağızlara aid qanunvericiliklə müəyyən olunur. Eyni zamanda məlumdur ki, kommersiya bankları həm də borc alan qismində çıxış edirlər və istiqraz, depozit sertifikatı buraxan bank artıq borcalan kimi vəzifələr daşıyır. Aydındır ki, bu borclar üzrə vəzifələr təkcə Mülki Məcəllənin XXXVII Fəsli ilə müəyyənləşə bilməz. Məsələn, kommersiya bankı 3 illik müddətli, 10 min manat nominala malik istiqraz yerləşdirib və istiqrazlar müxtəlif fiziki və hüquqi şəxslərə 9,5 min manata satıb.
Mülki Məcəllənin 743-cü maddəsinə görə bəzi hallarda borc verən dərhal borcu tədəb edə bilər. Aydındır ki, istiqraza münasibətdə bu müddəa tətbiq olunmur və kommersiya bankı istiqraz sahibinin tələbi ilə nominalı bir ildən sonra ödəməyə borclu deyil. Bu baxımdan kommersiya bankının vəzifələri Mülki Məcəllənin 1070-1076-ci maddələri və qiymətli kağızlar haqqında qanunvericiliklə müəyyən olunur. Müxtəlif bank hüququ ədəbiyyatlarında borc müqaviləsi üzrə standart yanaşmaların kommersiya banklarının əməliyyatlarına da aid edilməsi əlbəttə ki, yanlışlıqdır. Kommersiya bankı ilə borc verən arasındakı borcun qaytarılma qaydasını dispozitiv hesab etmək də doğru deyil. Çünki, kommersiya banklarının borc almaq üçün istifadə etdiyi alətlərdə – istiqarz və ya depozit sertifikatında borcun qaytarılma müddəti adətən imperativ qaydalarla müəyyən olunur. Üç illik istiqraz sahibi yalnız üç ildən sonra istiqrazı banka təqdim edib, borcu-10 min manatı geri ala bilər. Bu faktdır.
Kommersiya banklarının əsas əməliyyatları üzrə mülki hüquq vəzifələri müəyyən qədər təhlil olundu, ancaq bilirik ki, banklar həm də maliyyə xidmətləri fəaliyyəti ilə məşğul olurlar. Bu baxımdan bankların maliyyə xidmətləri üzrə mülki hüquq vəzifələrinin ayrıca araşdırılması məqsədəuyğundur.