Azərbaycan kommersiya bankları uzunmüddətli istiqrazlar buraxılışını həyata keçirə bilər.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı kommersiya banklarının uzunmüddətli kredit verə bilməsi üçün hansı yeni resurslara malik olması ilə bağlı suala cavab verərkən deyib.
F.İsayevin sözlərinə görə, bu kapital bazarının inkişafından irəli gələn məsələdir: “Burada digər sual meydana çıxır ki, görəsən hazırda onların milli valyutada uzunmüddətli investisiya etməklə bağlı müştəri bazası varmı?”.
Qeyd edək ki, bu gündən Azərbaycanda yalnız kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə dividend, diskont və faiz gəlirləri 5 il müddətinə vergidən azad edilib.
Azərbaycan Mərkəzi Bankında hesab edirlər ki, bu dəyişikliklərin tətbiqi nəticəsində investisiya qiymətli kağızları olan səhm və istiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsinə və emitentlərin fond birjasında listinqə çıxışına maraq artacaq.