Günlərin bir günü bir oğlan nişanlısının evinə onun qohumları ilə tanış olmaq üçün gəlir. Hədiyyə olaraq bir qoyun və şirniyyatlar gətirir. Gəlinin qardaşları oğlandan soruşurlar:
– Sən nəyə görə bizim bacımız ilə ailə həyatı qurmağa qərar verdin?
Oğlan bu suala cavab vermək üçün ibrətamiz bir hekayə – nağıl danışır.
Qədim zamanlarda qorxulu, çox güclü bir əjdaha Avariyada olan yeganə su mənbəyini işğal edir. İnsanlar susuz qalırlar. Uşaqlar susuzluqdan ağlayırdılar. Ən cəsur və güclü igidlər əjdaha ilə əllərində xəncərlər ilə savaşmışdılar. Lakin əjdaha onların hamısını öz uzun quyruğu ilə vuraraq öldürmüşdü. Əjdaha su mənbəyinin yanında gözəl və nəhəng bir qala ucaldır. Və bu qalanı hasar ilə əhatə edir. Hasarın üzərində öldürdüyü insanların başlarını asırdı.
İnsanlar çarəsiz halda idilər. Qorxulu əjdahaya kim qalib gələ bilərdi?
Bu zaman dul bir qadının oğlu olur. Uşaq gecələr su mənbəyindən su içməyə gedirdi. Və böyüdükcə inanılmaz güc, cəsarət və zəka sahibi olur. O, əjdahanın əhaliyə nə zülmlər çəkdirdiyini görür və ona nifrət etməyə başlayır. Oğlan bütün xalqın yanında and içərək ölkəni əjdahadan xilas edəcəyinə söz verir.
İgidin anası, qohumları, qonşuları və dostları onu bu fikrindən daşındırmaq istəyirdilər:
– Sən hələ cavansan. Çiçəklənən dövründə həlak olacaqsan. Özünə yazığın gəlsin!
Lakin gənc oğlan ata minərək əjdaha ilə döyüşə gedir.
Əjdaha artıq uzaqdan onu görərək nərildəyir:
– Kim mənim su mənbəyimə yaxınlaşmağa cürət edib?
– Mən səninlə döyüşməyə gəlmişəm, lənətlənmiş varlıq!- deyə igid cavab verir.
Əjdaha qəhqəhə çəkərək deyir:
– Ağılsız! Sənə mənim silahla savaşmadığım məlum deyilmi? Sən mənim dünyada tayım bərabərim olmadığını bilməlisən. Bütün rəqiblərimə mən eyni sualı verirəm. Əgər rəqibim bu suala səhv cavab verirsə, mən onu quyruğumun bir zərbəsi ilə öldürürəm. Lakin əgər sən düz cavab versən, mən dərhal öləcəm!
Oğlan cavab verir:
– Yaxşı! Mən razıyam! Sualını ver.
Əjdaha yüksəkdən nərildəyir və qalanın pəncərələrində iki qadın görsənir. Onlardan biri həddindən artıq gözəl, digəri isə adi sadə bir qadın idi.
– Qadınların hansı daha gözəldir? – deyə əjdaha soruşur.
gid qadınları baxır və cavab verir:
– Sənin ən çox xoşuna gələn qadın ən gözəl qadındır.
– Sən haqlısan!- deyə əjdaha inildəyir və canını tapşırır.
Beləliklə Avariya qorxulu bir əjdahadan xilas olmuş olur.
Gənc oğlan bu hekayəni danışıb bitirdikdən sonra nişanlısının qardaşlarına cavab verir:
– Mənim sizin bacınızdan xoşum gəlir!
Gəlinin qardaşları bu hekayədən təsirlənirlər və gənc cütlüyə xeyir-dua verirlər.