21 C
Baku
Friday, October 7, 2022

Konsentrasiyanın üç rəngi

Yəqin ki, diqqətsizliyindən əziyyət çəkməyən insan yoxdur: sənədi itirən, mənzil qapısının açarını ofisin açarı ilə səhv salan və s. Buna baxmayaraq, yenə də maşın sürərkən mesaj yazmağa, görüşlər zamanı elektron poçtları yoxlamağa və bir-iki dəqiqəyə qənaət etmək üçün seriallara baxa-baxa gimnastika etməyə davam edirik.

Daha çox iş görmək və daha sürətli düşünmək üçün süründürməçiliklə mübarizə aparırıq, özümüzdə vaxt idarəetməsini inkişaf etdiririk və daha çevik düşünmək üçün əlavə vitaminlər qəbul edirik. Eyni zamanda, diqqətin necə işlədiyini və onu necə qoruya biləcəyimizi başa düşməyə çalışırıq. Məşhur psixoloq bu barədə Daniel Qoulman Focus: The Hidden Driver of Excellence (“Fokus: Aliliyin gizli faktoru) kitabında danışır.

Kafelərin birində oturduğunuzu və iş yoldaşınızın son məzuniyyəti ilə bağlı ətraflı hekayəsini dinlədiyinizi düşünün. Bir müddət keçəndən sonra diqqətinizi yayınmağa başlayacaq və siz paralel olaraq qonşu masada oturan insanların söhbətini eşitməyə, bir gözlə həmsöhbətinizin arxasındakı ekranda xokkeyə baxmağa başlayacaqsınız. Aydındır ki, bu vəziyyətdə heç bir işi tam güclə etmirsiniz. Əlbəttə, müəyyən insanlara və hadisələrə daha çox diqqət ayıracaqsınız – hər şey prioritetlərdən asılıdır.

1958-ci ildə ingilis psixoloq Donald Brodbent qavrayışın zəif “keçid qabiliyyətinə” sahib olduğunu və bir obyektə yalnız digərinin hesabına diqqət yetirə bildiyimizi, Corc Miller isə qısamüddətli yaddaşın maksimum iki obyektə yetdiyini sübut etmişdir. Lakin hər dəqiqə üstümüzə müxtəlif siqnallar dolusu yağır və buna görə də beyin onlardan hansını qavrayacağını və xatırlayacağını özü seçir. Vəziyyəti öyrənmək, məlumatları çıxarmaq, təhlil aparmaq və yekun qərar qəbul etmək – bütün bu proseslər beynin məhdud resursundan istifadə edir və daim onu dəyişməyə məcbur edir.

Məsələ diqqətin çoxkomponentli fenomen olması ilə mürəkkəbləşir. Qoulman əsas üç “fokus”un olduğunu söyləyir: daxili (inner), empatik (other) və xarici (outer). Daxili fokus şüurlu olmaq və özünü dinləmək deməkdir. O, qabiliyyətlərinzi qiymətləndirməyə, hədəflərinizi və fikirlərinizi formalaşdırmağa imkan verir. Qeyd edək ki, diqqəti yayındıran şeyləri görməmək və konsentrasiya olmaq qabiliyyəti məhz daxili fokusa əsaslanır.

İkinci fokus növü – empatik – emosional zəka ilə əlaqələndirilir və başqalarını inandırmağa, münaqişələri həll etməyə və qarşılıqlı anlaşmaya nail olmağa kömək edir. Və nəhayət, xarici fokus situasiyanı bütöv şəkildə görmək və gələcəyi proqnozlaşdırmaq üçün lazımdır.

Göstərdiyimiz nümunədə siz həmsöhbətin bəhs etdiyi hekayənin süjetini izləməli, ara-sıra reaksiya verməli, eyni zamanda bu insana nə üçün vaxt ayırdığınızı başa düşməlisiniz. Və ən azı bir komponent zəif olarsa (həmsöhbətin hekayəsini anlamağa çalışmırsınız, o sizin üçün maraqlı deyil və ya onunla ünsiyyət qurmağı faydasız hesab edirsiniz), diqqətiniz yayınır.

Diqqətin hər üç fokusunu inkişaf etdirmək lazımdır. Bu, nəzərəçarpan nəticələr əldə etməyin yeganə yoludur. Daxili dünyası ilə əlaqəsini itirmiş və yalnız xarici göstəricilərə fokuslanmış insan özünü itirir, tənha hiss edir və sistemli düşünür.

Konsentrasiya mexanizminin işinə təsir göstərən ən vacib faktor texnologiyalardır. Kaliforniya Universitetinin tədqiqatçısı Qloriya Mark ofis işçisinin bir tapşırıq üzərində 11 dəqiqədən işləyə bilmədiyini sübut edib. Orta statistik amerikalı gənc gündə 100-dən çox mesaj alır və saatda təxminən 10 sms göndərir, 7 dəqiqədən bir sosial media səhifələrini yeniləyir. Professor Oarri Rouzen tələbələrin iki (!) dəqiqədən çox bir iş üzərində konsentrasiya ola bilmədiklərini aşkar edib: onlar ya sms-ləri oxumağa, ya da sosial şəbəkələrdə xəbər oxumağa başlayırlar. Müasir dövrdə canlı insanlarla deyil, maşınlarla ünsiyyət qurmağa üstünlük veririk və bu, ciddi problemlərə gətirib çıxarır.

Unutmayın ki, diqqəti məşq etdirmək lazımdır. Əgər bunu etməsəniz, bu qabiliyyət istifadə olunmayan əzələ kimi zəifləyir və atrofiya riskini yaradır. Diqqəti məşq etdirməyin bir neçə metodu var. İlk olaraq xarici yayındırıcı faktorların aradan qaldırmağı tövsiyə edirik. Məsələn, telefonunuza gələn bildirişləri söndürün və sosial şəbəkələrdə keçirdiyiniz vaxtı minimuma endirin.

Bununla yanaşı, konsentrasiyanın da limiti var: bir şeyə həddindən artıq fokuslanaraq, “tunel görmə” qurbanına çevrilə bilərsiniz. Yalnız mənfi məqamlara diqqət yetirməklə isə həyatınızı poza və özünəgüvən səviyyəsinə zərər verə bilərsiniz. Şüurumuzu təyin edən əsas şey konsentrasiya olduğundan, o, fərdi inkişafımıza çox təsir göstərir. Diqqət mexanizmlərini dərk edən, dəyərlərinə uyğun yaşayan, başqalarının onun haqqında nə düşündüyünü bilən və hər kəslə dil tapan insan hərəkətlərinin uzunmüddətli nəticələrini proqnozlaşdırmağa bacarır. Bu o deməkdir ki, o çox şey əldə edir.

Son xəbərlər
Oxşar xəbərlər