5 C
Baku
Saturday, December 14, 2024

Konsiqnasiya qaydasında satışların sənədləşməsi necə aparılmalıdır?

Konsiqnasiya barəsində sahibkarların və gənc mühasiblərin məlumatı yetərincə olmadığına görə bəzən əməliyyatı düzgün təşkil etməmək, yanlış rəsmiləşdirilmələr aparmaq onlar üçün sonradan əlavə vergi yükü yaradır.

Banker.az “Vergilər.az”a istinadən xəbər verir ki, mühasibat mütəxəssisi İlqar Əsədov malların konsiqnasiya qaydası ilə satışı qaydalarını izah edir.

Malların konsiqnasiya qaydası ilə satışına biznes mühitində malların realizasiya qaydası ilə satışı da deyilir. Mülki Məcəllənin 837-841-ci maddələri malların konsiqnasiya qaydası ilə saxlanca götürülməsindən bəhs edir. Təcrübədə rast gəlirik ki, bəzi müəssisələr bu və ya digər malları malsatanlardan birbaşa almaq istəmir, o mallardan hansıları satacaqlarını öncədən bilmirlər. Bu, adətən, orta və iri sahibkarlıq subyektləri hesab edilən müəssisələrin pərakəndə satış obyektləri ilə bağlı olur.

Onlar eyni cins malı bir neçə müxtəlif malsatandan konsiqnasiya yolu ilə alır və sonra onların satışını edirlər. Sözügedən ticarət növü kifayət qədər əlverişli hesab edilir.

Bəs bu cür hallarda malsatanlar sənədləşmə işlərini necə aparmalıdırlar?

Bəzi şəxslərin bu barədə bilgisi yanlışdır: onlar elə bilirlər ki, mal göndərildisə, mütləq e-qaimə tərtib edilməlidir. Həmin mallar üçün e-qaimə tərtib edirlər və sonra həmin mallardan satılmayan hissə geri qaytarıldıqda pərakəndə satış obyektləri geri qaytarılma qaiməsi təqdim edirlər. Lakin əməliyyatın bu cür rəsmiləşdirilməsi qanunvericiliyə uyğun deyil və malsatanlar üçün sonradan sıxıntılar yaradır. Bəzi hallarda bu cür sənədləşmə nəticəsində malsatanın dövriyyəsi “şişir” və əlavə dəyər vergisi qeydiyyatına durmaq zərurəti yaranır.

Mülki Məcəllənin konsiqnasiyadan bəhs edən bölməsində görürük ki, malların bu cür üsul ilə alınaraq satılması zamanı iki tərəf – malların faktiki sahibi və onları saxlanca götürmüş şəxslər olur. Malların faktiki sahibi konsiqnator, onları saxlanca götürərək satmaq istəyən şəxs isə tacir hesab edilir. Bu tip əməliyyatlar zamanı, ilk növbədə, tərəflərin qarşılıqlı razılaşmasını ortaya qoymaq və düzgün sənədləşmə aparmaq lazımdır. Bunun üçün tərəflər bu cür ticarət əlaqəsinə razılıq verdikdən sonra “Malların konsiqnasiya qaydası ilə satışı” müqaviləsini tərtib etməlidirlər. Müqavilədə tərəflərin hüquq və vəzifələri, tacirin və konsiqnatorun kimliyi aydın göstərilməlidir. Bunun üçün mütləq tacirin Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş anbarı olmalıdır. Mallar təhvil-təslim aktı ilə konsiqnator (malsatan) tərəfindən tacirə (malları digər şəxslərə satacaq olan) verilməlidir. Malları saxlanca qəbul edən tərəf onları diqqətlə gözdən keçirməli, qüsurlu mallar barədə qarşı tərəfi məlumatlandırmalıdır. Lakin malların bu cür verilməsi vergitutma məqsədləri üçün malların təqdim edilməsi hesab edilmir. Belə ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir.

Həmçinin, Mülki Məcəllənin 838.1-ci maddəsinə uyğun olaraq, tacir konsiqnasiya mallarını ayrıca saxlamalı və onları tapşıranın mülkiyyəti kimi eyniləşdirməlidir. Yəni konsiqnator tərəfindən malların təhvil-təslim aktı ilə tacirə verilməsinə baxmayaraq, mülkiyyət hüququ konsiqnatorda qaldığı üçün bu əməliyyat malların təqdim edilməsi hesab olunmur. Ona görə də mallar tacirə verildikdə bunun üçün e-qaimə təqdim etməyə ehtiyac qalmır.

Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1.1-ci maddələrinə uyğun olaraq e-qaimə yalnız mallar (işlər, xidmətlər) təqdim edildiyi zaman göndərilir. Bununla belə, Mülki Məcəllənin 840.1-ci maddəsinə uyğun olaraq tacir öz ticarət fəaliyyəti çərçivəsində saxlanca götürmüş olduğu mallardan sata bilər. Müqavilənin əsas məqsədi də bunun üzərinə qurulur. Tacir satdığı mallar barədə konsiqnatoru məlumatlandırmalı, bununla bağlı akt tərtib edilməli və konsiqnator satılmış mallar üçün tacirə e-qaimə göndərməlidir.

Bəs e-qaimə təqdim edilmədən malların təhvil verilməsinə görə yoxlama zamanı problem yaşana bilərmi ?

Qeyd edək ki, vergi yoxlaması və ya operativ vergi nəzarəti zamanı yoxlamanı keçirən şəxslərə iltizam arayışı verilir. Həmin arayışda yoxlama keçirilən müəssisəyə məxsus malların ona məxsus olmayan saxlanc yerlərində olması barədə (həmçinin ona məxsus olmayan, lakin onun saxlanca götürdüyü mallar barədə) məlumat olmalıdır. Vergi ödəyicisi bu cür iltizam arayışını, tacir (konsiqnator) ilə arasında bağladığı “Malların konsiqnasiya qaydası ilə satışı” müqaviləsini və təhvil verilmiş (qəbul edilmiş) mallar barədə tərtib olunmuş “Təhvil-təslim” aktını təqdim etdikdə ona qarşı maliyyə sanksiyası tətbiq edilmir.

Son xəbərlər
Digər xəbərlər