8 C
Baku
Sunday, November 17, 2024

Konstitusiya Məhkəməsi inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı qərar elan etdi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib ki, iclasda Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin və İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun və Azərbaycanın Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ş.Yusifovun, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Bakı Apellyasiya Məhkəməsinin hakimi H.Məmmədovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin və Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır.

Şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə Cinayət Məcəlləsinin 263-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsindən sonra İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi həmin Məcəllənin 9.1-ci maddəsində ifadə olunan ümumhüquqi ədalətlilik prinsipinin pozulması kimi qəbul edilməlidir.

Konstitusiyanın 71-ci maddəsinin II hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1-ci və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Son xəbərlər
Digər xəbərlər