10 C
Baku
Friday, December 13, 2024

“Kontakt”a qadağa – Satış və istifadə ilə bağlı

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi kompüterlərə yüklənmiş “Microsoft” korporasiyasının lisenziyasız proqram təminatı və bu kompüterlərin təkrar satışı ilə məşğul olan şirkətə qarşı müəllif hüquqlarına dair ölkə qanunvericiliyinin tətbiqi ilə bağlı ilk dəfə olaraq qərar qəbul edib.

“Microsoft-Azerbaijan”dan verilən məlumata görə, məhkəmənin qərarına əsasən, “ABC Telecom” şirkəti (“Kontakt”) tərəfindən korporasiyanın lisenziyasız proqram təminatının satışı və istifadəsinə qadağa qoyulub.

Apellyasiya müraciəti zamanı qərara məhkəmə tərəfindən yenidən baxılacaq.

Bundan başqa, məhkəmə icraçıları qərarın yerinə yetirilməsinə nəzarət etmək məqsədilə “Kontakt” mağazalarında mühasibat hesabatları ilə tanış olub, anbarlarda müntəzəm yoxlamalar aparmaq hüququna malikdirlər.

kontakt 9
Foto: ss-reklam.com

Bu qərar lisenziyasız proqram təminatının yayılması və istifadəsinin aradan qaldırılması üçün Azərbaycan hökumətinin qəti qərarını bir daha vurğulayır.

“Məhkəmənin bu qərarı müştərilərimizi təhlükəsizlik, hüquq və maliyyə baxımından saxtakarlıq qurbanlarına çevrilmə risklərinin qarşısını almağa yönəlmiş səylərimiz istiqamətində atılan əhəmiyyətli bir addımdır. Bu, bizə saxta proqram təminatının istifadəsi nəticəsində daim artan kibertəhlükələrə qarşı mübarizədə təhlükəsiz və hüquqi metodların tətbiqi imkanlarının yaradılması üçün yardım edəcək. Azərbaycanda da təhlükəsiz kiberməkanın qurulması naminə rəqəmsal cinayətlərə qarşı effektiv mübarizə ən vacib məqamlardan biridir”, – deyə “Microsoft”un Mərkəzi və Şərqi Avropa üzrə Rəqəmsal cinayətlər şöbəsinin baş hüquqşünası Marya Laytinen (Marja Laitinen) bildirib.

Proqram təminatının saxtalaşdırılması və lisenziyasız proqram təminatının tətbiqi Azərbaycan kompüter istifadəçiləri üçün kibertəhlükəsizlik baxımından ən geniş yayılmış risklərdəndir. Proqram təminatına dair müəllif hüquqlarının qorunması sahəsində əldə etdiyimiz ciddi nailiyyətlərə baxmayaraq Azərbaycanda hələ də piratçılıq, müəllif hüquqlarının pozulması halları müşahidə olunur. BSA-nın hesabatına əsasən, Azərbaycanda proqram təminatına dair müəllif hüquqlarının pozulması halları son tədqiqat dövrü ərzində cəmi 1 faiz bəndi azalıb – 2013-cü ildəki 85%-dən 2015-ci ildə qeydə alınmış 84%-dək.

2015-ci ildə BSA-nın sifarişi ilə IDC tərəfindən aparılmış “Lisenziyasız proqram təminatı və kibertəhlükələr” adlı araşdırmada 81 ölkədə fərdi kompüterlərdə quraşdırılan lisenziyasız proqram təminatının göstəriciləri BSA “Microsoft”a üzv şirkət tərəfindən izlənilən fərdi kompüterlərdə aşkarlanmış zərərli proqramların sayı ilə statistik analiz nəticəsində müqayisə olunub. Araşdırmada bildirilir ki, lisenziyasız proqram təminatının göstəriciləri və zərərli proqram təminatı hadisələri arasında nəzərəçarpacaq müsbət korrelyasiya mövcuddur (r=0,79, belə ki, 0-dan 1-dən olan şkala üzrə 1.00 maksimal korrelyasiya göstəricisi hesab olunur). Əlavə tədqiqatlar onu göstərir ki, ölkədə lisenziyasız proqram təminatının sayının artması həmin ölkədə zərərli proqramların yayılması ilə düz mütənasibdir.

Beləliklə, yalnız lisenziyalı proqram məhsullarının satışı və istifadəsi şəxsi və biznes kibertəhlükəsizliyinin təməl daşıdır. “Microsoft”un mütəxəssislərinin fikrincə, bir çox şirkətlər etibarlı təchizatçılardan lisenziyalı proqram təminatının alınması və proqram aktivlərinin effektiv idarə olunması (SAM) siyasəti və təcrübələrinin hazırlanması vasitəsilə kibertəhlükə risklərini azalda bilər. Lisenziyalı proqram təminatından istifadənin artımı istehlakçıların davranışında labüd dəyişikliklərə səbəb olacaq və Azərbaycanda ümumi biznes mühitinə müsbət təsir edəcək.

Əqli mülkiyyətin qorunması sistemi Azərbaycanda inkişaf etməkdədir və ölkə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəal üzvü olmaqla yeni beynəlxalq qaydaların hazırlanmasında iştirak edir. “Microsoft” korporasiyası üzərinə insanları saxta proqram təminatını əldə etməkdən ciddi şəkildə qorumaq öhdəliyini götürüb və istehlakçıları qeyri-orijinal proqram təminatını müəyyən etmək üçün müvafiq vasitələrlə təmin etməyə hazır olduğunu bildirib. Eyni zamanda, şirkət saxta proqram təminatını hazırlayan cinayətkarlara qarşı fəal mübarizə aparmaqla istifadəçi hüquqlarını qoruyur. Məhz buna görə şirkət sözügedən işi məhkəməyə ötürmüş və bundan sonra da öz müştərilərini saxta proqram təminatının qurbanı olmaqdan qorumaq üçün öz fəaliyyətini davam etdirəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər