Cənubi Koreya mənşəli milyarder olan Won-tae Choi, 2012-ci ildə Hynix Semiconductor şirkətinin səhmlərinə 3 milyard dollar xərcləməli olub. Hynix Semiconductor – mikrosxemlərin istehsalına görə dünya üzrə ikinci yer tutan şirkətdir. Qeyd edilmiş dövrdə, istehsalçının işləri yoluna getmirdi və milyarderin bu addımı çox aktiv müzakirə olunmağa başladı.
Əslində, Hynix Semiconductor şirkətinin satın alınması, milyarder üçün çox qeyri-adi bir qərar idi. Çünki onun SK Group holdinqi özündə mobil şəbəkə, neft-qaz şirkətini və otel şəbəkəsini birləşdirirdi. Mikrosxemlər milyarderin fəaliyyət sahəsinə daxil deyildi.
“Maliyyə bazarında hər kəs elə hesab edirdi ki, milyarder səhmləri almaqla böyük səhvə yol vermiş oldu”, – deyə Morningstar şirkətinin analitika şöbəsinin direktoru Dan Baker xatırlayır. 2011-ci ildən 2012-ci ilə qədər SK Holdings şirkətinin səhmləri 15% düşdü.
Lakin Won-tae Choi belə hesab eləmirdi. “Bizim konqlomerat genişlənməli idi”, – deyə milyarder Davosda keçirilən forumda qeyd edir. – Kimsə bu addımı atmalı idi. Mən bu müqaviləni ağlabatan hesab edirəm”. Hynix Semiconductor şirkətinin 21%-lik səhm paketini SK Telecom əldə etdi. Won-tae Choi isə yeni vəzifəyə yiyələnmiş oldu: o, Hynix şirkətinin həmsədri vəzifəsini tutdu. Gələcəkdə şirkətin adı SK Hynix adına dəyişdirildi.
Əslində, milyarder düzgün seçim etdi. Belə ki, dünya üzrə smartfon satışlarının həcmi artdıqca, mikrosxemlərə olan tələbat da artırdı. Qiymətləndirmələrə görə, ötən il SK Hynix şirkətinin gəliri 14 milyard dollar təşkil edib. Bu, 2017-ci il ilə müqayisədə 40% çoxdur. 2018-ci ildə şirkətin gəliri 35 milyard dollar, rentabelliyi isə 39% təşkil edib. Şirkət SK Group holdinqinə daxil olduqdan sonra, səhmlərin qiyməti 150% artdı. 2018-ci ilin sentyabrında SK Hynix rəqəmsal iqtisadiyyat sahəsində ilk 20-liyə daxil ola bilmişdir. Milyarder özü isə Koreyanın ən varlı şəxsləri sırasında 50-ci yer tutdu. Analitik Dan Baker-in sözlərinə görə, Hynix Semiconductor şirkətinin satın alınması, mikrosxem bazarının artım tempini nəzərə alsaq əla sərmayə idi.
Hynix Semiconductor ilə müqavilə bağlayaraq, milyarder özünü riskə atmış oldu. 1998-ci ilə qədər SK Group konqlomeratı bununla çox məşhur olmuşdur. Qeyd edək ki, ötən ilin iyun ayında SK Hynix şirkəti Toshiba Memory mikrosxem istehsalçısının 49,9%-lik səhm paketini əldə etmiş investorlar konsorsiumuna daxil oldu. Bu, müvəffəqiyyətin özü idi. Konqlomeratın nümayəndələrinin verdiyi məlumata görə, SK Hynix şirkəti SK Group gəlirinin 70%-ni verir. Lakin mikrosxem bazarının siklik inkişaf xarakterini nəzərə alsaq, onun potensial təhlükə olduğunu söyləyə bilərik. Bu səbəbdən son iki il ərzində şirkət yeni sahələrə – taksi sifarişi xidməti, bio əczaçılıq və qida məhsulların istehsalına sərmayə edir. “Biz digər sahələri də tədqiq etməliyik. Mən yarımkeçiricilərə tam olaraq arxalana bilmərəm”, – Won-tae Choi deyir.
“Bu bir müharibəyə bənzəyirdi”
SK konqlomeratın tarixi 1953-cü ildən, Koreya müharibəsinin başa çatmasından sonra başlayır. Həmin dövrdə Won-tae Choi-nin əmisi Choi Jong Hun poliester materialının istehsalına başlayaraq Sunkyong Textiles şirkətini təsis edir. Şirkətin rəhbərliyi biznesi genişləndirmək üçün dövlətdən vəsait almışdır. 1973-cü ildə 47 yaşlı Choi Jong Hun ağ ciyər xərçəngi xəstəliyindən dünyasını dəyişir. Beləliklə, onun yerini Won-tae Choi-ın atası Choi Jong Hyeon tutur.
Choi Jong Hyeon-un rəhbərliyi altında SK konqlomerata çevrildi: biznesmen tekstil ilə heç bir əlaqəsi olmayan iki şirkətə sərmayə qoymağı qərara aldı. Hal-hazırda onların səhmləri Cənubi Koreya holdinqinin əsas aktividir. 1980-cı ildə Hyeon Korea Oil şirkətinin 50%-ni əldə edir. Sonrakı dövrlərdə şirkətin adı SK Innovation adına dəyişdirildi. Bunun nəticəsində SK aktivlərin həcminə görə Koreyanın aparıcı holdinqlərdən birinə çevrildi. Bu gün SK Group aktivlərin həcminə görə Samsung və Hyundai-dan sonra üçüncü yer tutur. 1994-cü ildə Choi Jong Hyeon Korea Mobile Telecommunications Services şirkəti üzərində nəzarəti ələ alır. Sonrakı dövrlərdə bu şirkətin adı SK Telecom oldu.
1998-ci ildə, Asiyada maliyyə böhranının genişləndiyi bir dövrdə, Hyeon ağ ciyər xərçəngi xəstəliyindən dünyasını dəyişir. Holdinqin sədri postunu Won-tae Choi tutur. “Bu, müharibəyə bənzəyirdi. Düşündüyüm tək şey sağ qalmaq idi” – deyə milyarder atasının ölümünə və maliyyə böhranına şərh verir. Qeyd etmək lazımdır ki, Won-tae Choi buna hazır idi. O 1980-cı illərdə Çikaqo universitetində təhsil alaraq, gələcək həyat yoldaşı, Cənubi Koreyanın keçmiş prezidentinin qızı olan No So Yun ilə tanış olur. Won-tae Choi öz karyerasına 1989-cu ildə, SK şirkətində idarəçi vəzifəsində başlayır. 1997-ci ilə milyarder SK Corp konqlomeratının baş icraçı direktoru vəzifəsinə təyin edilir.
Milyarder alqı-satqı məsələlərində kifayət qədər təcrübəli idi. Məsələn, 2000-ci ildə SK Telecom onun rəhbərliyi altında rəqibi olan Shinsegi Telecom şirkətini “uddu”. Bunun sayəsində şirkətin bazarda payı 43%-dən 57%-ə qədər artdı. Lakin milyarder sonrakı planlarını təxirə salmalı oldu: 2003-cü ildə Won-tae Choi maliyyə fırıldaqçılığında ittiham olunaraq 3 illik həbs cəzasını alır. Buna baxmayaraq, 2008-ci ildə milyarder əfv edilir və zadlığa buraxılır. Won-tae Choi konqlomeratın genişlənməsini yalnız 2007-ci ildə davam etdirə bilmişdir. O, SK Corp şirkətinin adını SK Holding qoyaraq, onu birjaya çıxarır. Bu gün milyarder və onun ailəsi şirkətin 30%-lik səhm paketinə sahibdir.
Hal-hazırda SK Group özündə 101 şirkəti birləşdirir. Konqlomeratda orta hesabla 93 000 nəfər çalışır, onun gəliri isə 140 milyard dollar təşkil edir. 101 şirkətdən 16-sı müstəqil olaraq fəaliyyət göstərir.
Milyarder-residivist
Won-tae Choi ilk dəfə olaraq Hynix Semiconductor şirkətinin səhm paketini almağı düşünməyə başlayan zaman, mikrosxem istehsalçısı maliyyə problemlərindən əziyyət çəkirdi. Koreyanın doqquz kreditor-bankı 2002-ci ildə onun ən iri səhmdarlarına çevrildi. 2002-ci ildə Amerikanın Micron Technology korporasiyası Hynix şirkətinin səhmlərini 3 milyard dollara satın almağa çalışsa da, direktorlar şurası bu müqaviləyə qarşı çıxdı. 2009-cu ilə Hyosung şirkəti bu səhm paketinin qarşılığında 2,8 milyard dollar təşkil etdi. Lakin Won-tae Choi-ın əlində digər potensial alıcıların malik olmadığı bir şey var idi: SK Telecom şirkətinin mobil şəbəkədə ötürülən məlumatların həcmi haqqında məlumatlar. Milyarder başa düşdü ki, mikrosxemlərə olan tələbat 4G şəbəkəsindən istifadə edən smartfonların sayının artması sayəsində artacaq.
Və o haqlı idi. Statista analitik şirkətinin verdiyi məlumata görə, son beş il ərzində yarımkeçiricilərin satışları demək olar ki, 52% artaraq 463 milyard dollara çatmışdır. “4G şəbəkəsinə keçid hesabına smartfonların yaddaşını artırmaq zərurəti yarandı. Və operativ yaddaş mikrosxemlərinə olan tələbat artdı”, – deyə S&P Global Ratings şirkətinin Hong Kong filialının direktor müavini izah edir. “Bu, potensial artımın yalnız bir hissəsidir”, – ekspert əlavə edib.
2012-ci ildə SK konqlomeratı Hynix Semiconductor üzərində nəzarəti ələ alır. Bir ildən sonra şirkətin gəliri 2,7 milyard dollara çatdı. Lakin milyarder bu uğuru əməkdaşları ilə birgə qeyd edə bilmədi. 2013-cü ilin əvvəlində o yenidən həbs edildi – ona 4 illik həbs cəzası verildi. 2015-ci ilin avqustunda Cənubi Koreya prezidenti Pak Kın Xe onu əfv etdi. Həbs dövründə SK Hynix şirkətinin xalis mənfəəti 40%, kotirovkaları isə 51% artdı.
2016-cı ilin martında Won-tae Choi ailə biznesinin idarəsinə qayıdır. O, SK Hynix şirkətinin əsasında şaquli inteqrasiya olmuş mikrosxem istehsalçısını yaratmaq qərarına gəlir. Biznesmen SK Hynix xammal ilə təchiz edən şirkətlərin səhmlərini əldə etdi: mikrosxemlərin yaradılması üçün lazım olan yarımkeçirici plastinlər və materiallar. 2017-ci ildə SK Hynix-in gəliri üç dəfə, 2018-ci ildə isə daha 46% artaraq 15,5 trilyon Koreya vonuna çatdı. Bu, rəqiblərin diqqətini çəkməyə bilməzdi. Şirkətin əsas rəqiblərindən biri NAND tipli yarımkeçirici yaddaş istehsalı ilə məşğul olan Yangtze Memory Technologies idi.
Beləliklə, SK Hynix NAND çipləri ilə işləməyə başlayır, lakin istehsalın miqyası yenə də kifayət etmirdi. Hal-hazırda şirkət DRAM mikrosxemlərin istehsalına görə dünyada ikinci, NAND mikrosxemlərin istehsalına görə isə yalnız beşinci yer tutur. Smartfonların yaradılması üçün çiplərin hər iki növünə ehtiyac var: çoxsaylı proqramların işini təmin etmək üçün DRAM, fotoşəkillər, mahnılar və digər məlumatların saxlanılması üçün NAND. Ötən ilin iyun ayında milyarder daha aktiv olmağı qərara alır və Toshiba Memory şirkətinin səhm paketini əldə edir. Bain Capital şirkətinin köməyi ilə investorlar konsorsiumu yaradıldı. Konsorsiuma Apple, Dell və Kingston Technology şirkətləri də daxil idi.
Sizə elə gələ bilər ki, hər şey çox sadədir. Əslində bu müqavilə səkkiz ölkənin orqanları tərəfindən təsdiq edilməli idi, bu proses doqquz ay davam etdi. “Bu, çox çətin saziş idi. Lakin Cənubi Koreya, ABŞ və Yaponiya vahid məqsədə çatmaq üçün birləşdilər”, – deyə milyarder qeyd edir.
“Məsələ insanlardadır”
Won-tae Choi bununla kifayətlənmir. 2018-ci ildə SK Hynix Cənubi Koreya ərazisində bir dənə də NAND istehsalı zavodunu açır. Növbəti beş il ərzində şirkətin rəhbərliyi bu layihəyə 18 milyard dollar sərmayə qoydu. 2019-cu ilin fevralında isə milyarder 2022-ci ildə qüvvəyə minəcək onillik maliyyə planını qəbul etdiyini açıqladı. SK Hynix yarımkeçirici yaddaş istehsal edən dörd böyük zavodun inşasına 107 milyard dollar yatırım edəcək.
Son altı il ərzində Won-tae Choi Avropa, Cənub-Şərqi Asiyada və ABŞ-da fəaliyyət göstərən 12 şirkətə 3,2 milyard dollar yatırıb. 2017-ci ildə şirkət 459 milyon dollara Dow Chemical-in kimyəvi maddələrin istehsalı xəttini, 2018-ci ildə isə Grab taksi xidmətinin 75 milyon dollarlıq səhm paketini satın aldı. Bundan başqa Vyetnamın Masan Group konqlomeratını da qeyd etmək lazımdır – milyarder onun 9,5% səhm paketinə sahibdir.
Həbsdə olduğu dövrdə Won-tae Choi sosial sahibkarlıq haqqında kitab yazdı. Onun sözlərinə görə, SK-nın sərmayələri təkcə istehsalın genişləndirilməsi və gəlirin artırılması deyil, eyni zamanda sosial məqsədlərə də malikdir. “Mənim atam müəyyən bir fəlsəfəyə riayət edir”, – milyarder deyir. “Məsələ insanlardadır”, – o əlavə edir. “Əgər bu qədər pul xərcləyiriksə, bu cəmiyyətə təsir göstərməlidir”.
Şirkətin dünyanı dəyişdirmək cəhdlərinə 2018-ci ilin sentyabr ayında GS Caltex, CJ Logistics və Zoom startapın əməkdaşlığı ilə işə salınan yeni proqramı misal göstərmək olar. (GS Caltex – GS Holdings və Chevron şirkətlərinin ortaq müəssisəsidir). Eksperimental layihənin mənası bundan ibarət olmuşdur: internet mağazalar çatdırılma məntəqələri kimi SK konqlomeratına məxsus olan yanacaqdoldurma stansiyalardan istifadə etmək imkanını alırlar. Çoxların fikrincə layihə hələki tam olaraq hazır deyil. “Bu, şirkətin biznesinin kiçik bir hissəsidir”, – deyə Moody’s agentliyinin analitiki qeyd edir. – Bu layihə o qədərdə gəlirli deyil, onun inkişafına nəzarət etmək lazımdır”.
Yaponiyanın SoftBank telekommunikasiya korporasiyası kimi, şirkət SK Telecom-u konqlomeratın texnologiya investisiyalarla məşğul olacaq struktura çevirməyi planlayır.
Ötən il şirkət Sinqapurda yeni SK Southeast Asia Investment investisiya fondunu açdı. Hələki rəhbərlik bu layihəyə 500 milyon dollar ayırıb. Bu il fond Cənub-Şərqi Asiyaya sərmayə qoymaq məqsədilə daha 500 milyon dollar alacaq. “SK rəhbərliyinin Cənub-Şərqi Asiya bazarından xoşu gəlir. O, böyük potensiala malikdir”, – “Sopex Şurası” nın sədri bildirib.
Bu ay Won-tae Choi çox güman ki, SK Holdings-in direktor vəzifəsini tərk edəcəkdir. Onun sözlərinə görə, Masan Group korporasiyasına edilmiş sərmayə. SK şirkətinin sosial sahibkarlığı möhkəmləndirmək uğrunda atdığı addımlardan biridir. “Biz Masan Group korporasiyasının daha çox investisiya portfeli ilə deyil, rəhbərliyi ilə maraqlanırdıq”, – Won-tae Choi qeyd edir. Milyarder biznesi genişləndirmək məqsədilə Vyetnamın hökuməti ilə görüşmək niyyətində olduğunu bildirib. Diqqət mərkəzində olan mövzulara ətraf mühitin mühafizəsi də aiddir. “Axır ki, nə vaxtsa görüşəcəyik. Bəziləri deyə bilər: “Sadəcə daha çox pul qazanın”. Elə deyilmi? Əslində isə belə olmalı deyil”, – deyə Won-tae Choi bildirib.