Xatırladaq ki, daha əvvəl “Google” və “Apple” nümayəndələri, Bluetooth vasitəsilə koronavirus infeksiyasını izləyən xidmətin yaradıldığını elan etmişdilər.
Banker.az xəbər verir ki, “TechCrunch” şirkət nümayəndələrinin videokonfransına istinadən bu xidmətin necə işləyəcəyini və hansı smartfon modelləri üçün əlçatan olacağını izah edir.
Qeyd edildiyi kimi, yeni xidmət iOS 12 və daha yeni əməliyyat sistemləri üçün əlçatan olacaq. Təəssüf ki, iPhone 5s və iPhone 6/6 Plus istifadəçiləri koronavirus monitorinqi xidmətindən istifadə edə bilməyəcəklər.
“Google” isə öz növbəsində “koronavirus monitorinqi” ni 6 və daha yeni Android cihazları üçün buraxacağını vəd edib.
“Koronavirus monitorinqi” xidmətinin işi aşağıdakı qaydada həyata keçiriləcək.
Sistem istifadəçinin Covid-19 virusuna yoluxmuş şəxsin yanında kifayət qədər çox vaxt keçirdiyini müəyyən edərək, smartfona bu barədə müvafiq bildiriş göndərəcək. Bundan əlavə, istifadəçiyə xəstəlik haqqında rəsmi məlumatı və yoluxma zamanı nə etməli olduğuna dair tövsiyələri nəzərdən keçirmək təklif ediləcək.