2019-cu ilin dekabrında Çində ortaya çıxan və sürətlə digər ölkələrə yayılmağa başlayan koronavirus epidemiyası Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsinə təsir göstərməyəcək.
Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (IOC) məlumat yayıb. Bildirilib ki, olimpiada təxirə salınmayacaq.
Təşkilat Komitəsi işlərin plana uyğun davam etdiyini bildirərək, yoluxucu xəstəliklərin yayılmasına qarşı görülən tədbirlərin Olimpiya Oyunlarına hazırlıqların vacib tərkib hissəsi olduğunu qeyd edib. Açıqlamada IOC-un Ümumdünya Səhiyyə Təşkilatı ilə daim təmasda olduğu, Oyunları ləğv etmək və ya təxirə salmaq üçün heç bir səbəb olmadığı vurğulanıb. Yaponiya hökuməti də hazırlıq işlərinin plan üzrə getdiyini açıqlayıb.
XXXII Yay Olimpiya Oyunlarının məşəli martın 12-də Yunanıstanda alovlandırılacaq. Ölkə ərazisində 3200 km məsafə qət edəcək məşəl 8 gün ərzində Egey dənizinin sahilində yerləşən Saloniki də daxil olmaqla, 32 şəhərdən keçəcək. Məşəlin Yunanıstan turu martın 19-da Afinada “Panatinaikos” klubunun stadionunda başa çatacaq və Oyunların keçiriləcəyi Yaponiyaya yola düşəcək.
Qeyd edək ki, iyulun 24-də start götürəcək Tokio Olimpiadası avqustun 9-da başa çatacaq.
Report