7 C
Baku
Şənbə, Yanvar 22, 2022

Koronavirus pandemiyası qlobal ərzaq təminatına necə təsir edəcək?

Planetimizdə koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə insanların tibbi maska və əlcəklərlə təmin edilməsi, karantin xəstəxanalarının təşkili ölkələrin qarşısında duran əsas vəzifələrdən biridir. Lakin ekspertlər üfüqdə daha bir problemin – qlobal ərzaq təminatının da olduğu barədə xəbərdarlıq edirlər. Hələ də mənşəyi və neçə müddət davam edəcəyi bəlli olmayan bu epidemiya ilə əlaqədar bəzi ölkələrdə ərzaq ehtiyatı yaradılmasına başlanılıb.

“Foreign Policy” jurnalında pandemiya ilə əlaqədar sərhədlərin bağlanması fonunda bir sıra ölkələrin ərzaq tədarükünə dair təşviş içində olduqları bildirilir. Belə ki, ən böyük taxıl ixracatçısı olan Rusiya iyuna qədər ixracı dayandırıb, taxılın ən iri idxalçısı olan Misir isə ölkədən paxlalı bitkilərin ixracına məhdudiyyət qoyub. Argentinada isə soya məhsulları istehsalçıları federal hökumətin qərarına zidd olaraq anbarları bağlayıblar. Artıq Hindistandan Kanadaya soğan və yumurta ixracı da dayandırılıb. Ekspertlər 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranı vaxtı da analoji sindromun meydana gəldiyini, taxıl və dənli bitkilərin qiymətlərində artım olduğunu xatırladırlar.

Analitiklər vurğulayır ki, ərzaq mallarının qiymətlərində baş verə biləcək artım dünya əhalisinin daha da yoxsullaşmasına səbəb olacaq. Bundan başqa, kənd təsərrüfatında çalışan milyonlarla miqrant sərhədlərin bağlanması səbəbindən işsiz qalıb. Şərqi Avropa ölkələrindən Fransa, İtaliya, Almaniya və İspaniyada aqrar fermalarda mövsümi işləyənlər də eyni problemi yaşayırlar. Logistika problemləri və işçi çatışmazlığı ucbatından böyük şəhərlərin supermarketlərində meyvə və tərəvəz qıtlığı da gözlənilir. Dünyada ticarət məqsədli mal və məhsulların daşınmasının 90 faizini həyata keçirən dəniz gəmiçiliyi də demək olar ki, dayanıb. Belə ki, indi yük gəmilərinin limanlara girişi də qadağan edilib.

Bütün bu proseslərin fonunda dünyada ərzağın qiyməti də artır. Kənd Təsərrüfatı Bazarı İnformasiya Sisteminin (AMIS) Son məlumatına görə, taxılın qiyməti 8 faiz, düyü isə 11,3 faiz bahalaşıb. Qeyd olunub ki, qiymət artımından ən çox yoxsul ölkələr təsirlənəcək. Çünki bahalı ərzaq məhsulları idxalı həmin ölkələrin milli valyutalarına da mənfi təsir göstərəcək.

Ekspertlər qeyd edilər ki, indiki vəziyyət 2008-ci il böhranından fərqlənir. Onlar bildirirlər ki, hazırda dünyada daha çox ərzaq ehtiyatı var, aqrar sahədə istehsalın vəziyyəti də yaxşıdır. Məsələn, ABŞ Kənd Təsərrüfatı Departamenti bu il ölkədə rekord miqdarda taxıl məhsulunun olacağını bəyan edib. Çin və Rusiyanın ərzaq ehtiyatları da kifayət qədər çoxdur. Ən başlıca vəzifə isə bu il məhsul yığımının yüksək səviyyədə həyata keçirilməsi olacaq. Digər imperativ amil ticarət yollarının açıq olmasıdır. Qeyd olunur ki, tədarükçü və idxalçı ölkələr koronavirus pandemiyası ilə əlaqədar ticarət baryerlərini mümkün qədər azaltmalı, ixrac məhsullarına vergiləri artırmaqdan çəkinməlidir. Digər tərəfdən, limanlarda çalışan fəhlələrin və gəmi heyətlərinin çevik koronavirus testindən keçirilmələri, bununla da dəniz ticarətinin təmin edilməsi də zəruridir. Qiymətlərin bahalaşmasının qarşısını almaq üçün hökumətlərə tarifləri və vergiləri azaltmaq da təklif olunur. Ekspertlər bu kontekstdə daha çox logistika xərci tələb edən qlobal yükdaşımaları yerinə, indi regional ərzaq məhsulları ticarətinə üstünlük verilməsinin səmərəli olacağı qənaətindədirlər.

AMIS-in hesabatında qeyd edilir ki, bütün bu addımlar qlobal ərzaq bazarının sabitləşməsi və dünyada ərzaq qıtlığının qarşısının alınmasına kömək edəcək. Eyni zamanda, regionların və konkret ölkələrin hansı ərzaq məhsullarına tələbatı olması və tədarük planlarının da buna uyğun tərtib olunaraq çevik təchizatın həyata keçirilməsi də təklif olunur. Bu məqsədlə hökumətlərə ərzaq ehtiyatı və tələbatı barədə şəffaf informasiyalar təqdim etmək tövsiyə edilib. BMT-nin Dənizçilik Agentliyi limanlara malik olan bütün ölkələri dəniz nəqliyyatının hərəkətini dayandırmamağa, gəmilərdə çalışanların sağlamlığını və təhlükəsizliyini təmin etməyə çağırıb.

©Azərtac

Son xəbərlər
Oxşar xəbərlər