Hazırda 13 ölkədə koronavirusa görə orta və ali təhsil müəssisələrinin bağlanması səbəbindən 290,5 milyon şagird və tələbə dərsdən qalıb.
Sözügedən problemin həlli üçün həmin ölkələrə yardım göstərilir, o cümlədən məsafəli tədrisi yoluna qoymaq üçün tədbirlər görülür.
“Biz xüsusilə də sosial cəhətdən problemli ailələrin övladlarına tədrisin fasiləsiz olmasını təmin etmək üçün ölkələrlə işləyirik”, – UNESCO-nun baş direktoru Odri Azuley qeyd edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 86 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 612-yə çatıb. Bunların 53 707 nəfəri sağalıb, 3 287 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.