26 C
Baku
Thursday, July 25, 2024

Koronavirusa qarşı vaksin Mərakeş iqtisadiyyatını bərpa edir

COVID-19 infeksiyasının mənfi fəsadları və quraqlıq nəticəsində cari ilin ikinci rübündə kəskin tənəzzüldən sonra Mərakeşin milli iqtisadi fəallığının bərpa əlamətləri özünü göstərməyə başlayıb.

Noyabr ərzində sənaye sahəsində iqtisadi göstəricilər turizmdən başqa, bir neçə sektorda müsbət olub.

Krallığın ev təsərrüfatları hələ də quraqlığın mənfi təsirindən əziyyət çəkirlər və bu, kənd təsərrüfatı ilə məşğul olan ailələrin gəlirində özünü büruzə verir. Koronavirusun əmək bazarına ciddi təsiri cari ilin üçüncü rübündə 581 min iş yerinin itkisinə səbəb olub.

Mərakeş icmasının Vətənə maliyyə köçürmələri sayəsində vəziyyəti bir qədər yüngülləşdirmək mümkün olub. Dövlət tərəfindən 6 milyon ailənin xeyrinə təqdim olunan təxminən 2,3 milyard dollar həcmində maliyyə dəstəyi də buraya əlavə olunub.

Nazirliyin hesabatında bildirilir ki, ixracın dinamikliyi və idxalın fasiləsiz azalması ticarət kəsirinin 22 faiz aşağı düşməsinə səbəb olub və beləliklə, 2019-cu ilin sentyabrın sonu ilə müqayisədə idxalın ixracı üstələməsi səviyyəsi üç bənd yaxşılaşıb.

Hesabata görə, dünya iqtisadiyyatının bərpası ssenarisində COVID-19-a qarşı bir sıra vaksinin sınaqlarının nəticələrinin ümidverici olacağı bildirilir. Bu da pandemiya üzərində sürətli nəzarətə ümidləri artırır.

Bir sıra ölkələr, o cümlədən Mərakeş yanvar ayından gec olmayaraq koronavirusa qarşı peyvəndləməyə başlayacaq. Nəticələrin gələn ilin aprelində məlum olacağı gözlənilir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər