Mingəçevir şəhər 10 saylı “Qərənfil” körpələr evi və uşaq bağçasında baş vermiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
Mingəçevir Şəhər Prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı qeyd edilən müəssisənin sabiq direktoru Natəvan Cəfərovanın qeyd olunan vəzifədə işlədiyi 2019-2023-cü illərdə rəsmi sənəd hesab olunan işə davamiyyət cədvəlinə bilə-bilə yalan məlumatlar daxil etməklə əməkhaqqı ödənilməsinə şərait yaratması və nəticədə 11 min manatdan artıq dövlət vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.