Vergi qanunvericiliyinə edilən son dəyişikliklər nəticəsində xarici qeyri-rezident şirkətlərdən iş və xidmətlərin alınması zamanı ƏDV vergisinin tətbiqi nəzərdə tutulub.
Bir çox şirkətlər bu tip iş və xidmətlərə görə, məsələn sosial şəbəkələrdə reklam məqsədi üçün edilən ödənişləri korporativ kartlar (biznes kartları) vasitəsi ilə həyata keçirirlər.
Bu zaman belə bir sual meydana çıxır:
Şirkət bu xidmətləri və işləri korporativ kartla aldıqda, bununla əlaqədar vergi bank tərəfindən birbaşa olaraq, hesabdan tutulmalıdır, yoxsa, şirkət bu fəaliyyəti bəyan etməklə, vergini büdcəyə özü köçürməlidir?
Sözügedən məsələ il əlaqədar Vergilər Nazirliyi şərh verib.
Belə ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə aparılan ödənişlərdən (məsələn, korporativ kartla “facebook” sosial şəbəkəsində pullu reklam üçün ödəniş edərkən) və Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısının ödədiyi məbləğdən və daxil olan uduşdan vergi bank tərəfindən birbaşa olaraq, o zaman tutula bilər ki, bu verginin ödəyicisi vergi orqanlarında uçotda olmayan şəxs olsun. Başqa sözlə, korporativ kart vergi orqanlarında uçotda olan şəxslərə aid olduqda, bu fəaliyyətlə bağlı vergini iş və xidməti alan şirkət özü ödəməlidir.
Elektron pul kisəsinə vəsait köçürülən zaman isə vəziyyət fərqlidir
Korporativ kart vasitəsi ilə qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən isə 10%-lik vergi bank tərəfindən, kartın məxsus olduğu rezident şəxsə fərq qoyulmadan, ödəmə mənbəyindən tutulur.
bbn.az