12 C
Baku
Saturday, May 18, 2024

Korporativ sədaqət faktoru

Müəllif: Şirxan Əliyev, “FINCA Azerbaijan”, Filial Rəhbəri

Bazar iqtisadiyyatı şəraitində hər hansı təşkilatın və ya müəssisənin idarə olunması xüsusi yanaşma tələb edir. Şirkətlər arası rəqabətlilik artdıqca bu proses təşkilatın daxili strukturuna da təsirsiz ötüşmür. Ən başlanğıcda digər məsələlərlə yanaşı təşkilatın əsas resursları hesab olunan əməkdaşlarına da  təsir göstərməyə başlayır. Bu prosesə biganə qalmayan şirkətlərin ağıllı rəhbərləri dərhal reaksiya verirlər. Çünki bu nüansı nəzərdən qaçırsalar bilirlər ki, işçilərdə yaranmış korporativ sədaqət hissləri zəifləyə bilər və nəticədə bu işçiləri şirkət itirə bilər. Yaxşı kadr tapmaq isə o qədər də asan deyil. Hansı şirkət bu məsələyə biganə yanaşırsa gec-tez acı nəticələrlə qarşılaşacağı qaçılmazdır. Bəs onda korporativ sədaqət nədir?

Korporativ sədaqət dedikdə əməkdaşların öz təşkilatlarına münasibətdə intizamlı olması şəxsi motivasiyası və öz işinə bağlılığı nəzərdə tutulur. İşçinin öz təşkilatına sadiqlik dərəcəsini onun düşüncəsi, kadr axıcılığının səviyyəsi, üzrsüz səbəbdən işə çıxmamalarının statistikası həmçinin işdən çıxan əməkdaşlarla son söhbət aparmaqla müəyyən etmək olar.

Korporativ sədaqətin işçi heyətində formalaşmaması nələrə gətirib çıxara bilər?  İlk öncə onu qeyd etməliyəm ki, bu məsələyə ciddi yanaşılmalıdır. Çünki bəzi şirkətlər, elə düşünürlər ki, onsuzda onlar işçilərini maddi yolla motivasiya edirlər və yaxud digər mükafatlandırma metodları ilə təsir altda saxlayırlar.  Ancaq əslində belə deyil. Korporativ sədaqətin zəif olması o zaman daha çox hiss olunur ki, işçilər təşkilatı ilk cəhddəcə tərk etməyə meylli olurlar. Bu şirkəti idarə edən insanların və eyni zamanda menecer  heyətinin üzərinə böyük məsuliyyət qoyur. Nəticə etibarı ilə əməkdaşlarda korporativ sədaqətin olmaması təşkilatı arzu olunmayan bir iş yerinə çevrilməsinə gətirib çıxarır. Bu da sizin işçiləri cəlb etməyə çalışan rəqib təşkilatlar üçün əlavə fürsət deməkdir.

Bəs əməkdaşlarda korporativ məsuliyyəti formalaşdırmaqdan ötrü nə etmək lazımdır? Bəzi şirkətlər bunu ya birbaşa ya da dolayısı yolla idarə etmədə tətbiq edirlər. Lakin kortəbii yolla aparılan iş istənilən nəticəyə gətirib çıxarmaya bilər. Ona görə də hər bir şirkət öz menecerlərinin bu sahə üzrə təlimlənməsində maraqlı olmalıdır. Bu çox vacibdir. Əlavə olaraq yaxşı menecer eyni zamanda yaxşı lider olmağı da bacarmalıdır. Hər bir təşkilat bu prinsipi öz menecerlərinə aşılamalıdır. Şirkət menecerləri əməkdaşlara yalan danışmamalı, onlarda etibar və inam hissi oyatmalıdırlar. Şirkətdə ədalətlilik üstünlük təşkil etməlidir. Unutmaq olmaz ki, ədalətsizliklə ədaləti bərpa etmək olmaz. İşçilər arasında ünsiyyət sərbəst olmalı, avtoritar yönümlü çıxışlara üstünlük verilməməlidir. Ən əsası isə hər bir şirkət əməkdaşları işə qəbul edərkən bu xüsusiyyətin həmin namizəddə nə dərəcədə olmasını və gələcəkdə digər əməkdaşlara necə təsir edə biləcəyini də nəzərə almalıdır. Belə olan təqdirdə insanlar hətta cüzi əmək haqqı fərqinə baxmayaraq sizinlə əməkdaşlıq etməyə davam edəcəklər. İldırım sürəti ilə yenilənən və dəyişən cəmiyyətimizlə ayaqlaşmaq, bazarda öz payına sahib olmaq  və rəqabətliliyə davam gətirmək  üçün hər bir şirkət öz əməkdaşlarına müasir iş şəraiti yaratmalı, motivasiya etməli, və əlavə inkişaf imkanları üçün münbit şərait yaratmalıdır. Belə olan halda hər bir əməkdaş sizin üçün ürəklə işləyəcək və sevimli iş yerini tərk etməyə tələsməyəcəkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.