12 C
Baku
Saturday, November 23, 2024

Kosmik turizm 60 milyon dollara başa gəlir

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində oktyabrın 6-da Beynəlxalq Astronavtika Federasiyasının təşkilatçılığı və “Azərkosmos”un tərəfdaşlığı ilə “Astronavtlar sessiyası: “Kosmosun populyarlaşması – kosmos insanları ilə tanışlıq” mövzusunda plenar iclas keçirilib.

Heydər Əliyev Mərkəzinin Auditoriya zalında baş tutan sessiyada moderator almaniyalı astronavt, Ştutqart Universitetinin astronavtika üzrə professoru Reinold Evald olub. Plenar iclasda TUA-nın (Türkiyə Uzay Ajansı) nümayəndəsi astronavt Tuva Cihangir Atasever, “Blue origin” şirkətinin astronavtı Viktor Hespanha, Rusiyadan “Roskosmos”un nümayəndəsi astronavt Anna Yuryevna Kikina, NASA-nın Kosmik Araşdırmalar Assosiasiyasından (ASE) astronavt John David Bartoe və misirli astronavt Sara Sabry çıxış ediblər.

“Bu günlərdə insanları kosmosa aparmağın yeni yollarının çoxaldığını görürük. Kosmos öz orijinal, eksklüziv xarakterini itirirmi? Biz – kosmos səyahətçiləri kosmosa buraxılış motivləri haqqında düşünürük. Çünki artıq hər kəs, astronavt olmadan belə kosmosa yollana bilər. 2022-ci ildə “Artemis-1” missiyasının pilotsuz “Orion” kosmik gəmisi Ayın ətrafında uğurlu dövrə vurdu. Bu, insanların Yerin peykinə uçmasına və ora enməsinə hazırlıq mərhələsi idi. 2024-cü ildə isə bizi Ay missiyaları gözləyir”, – deyə R.Evald əlavə edib.

Qeyd olunub ki, “Orion” missiyasından sonra NASA bu uğuru inkişaf etdirmək və Aya yeni ekspedisiyalar göndərmək niyyətindədir. Məqsəd 2025-ci ilə planlaşdırılan pilotlu uçuşlardan əvvəl orada elmi təcrübələr həyata keçirmək və avadanlıqları sınaqdan keçirməkdir. Bildirilib ki, kosmik turizm sahəsi də sürətlə inkişaf edir. Belə ki, bu il turistləri Beynəlxalq Kosmik Stansiyaya aparmaq üçün iki uçuş planlaşdırılıb. Bu, bahalı əyləncədir – təxminən 60 milyon dollara başa gəlir. Turistlər stansiyanın pəncərəsindən fantastik mənzərələr görəcəklər.

Yapon milyarder Yusaku Maezava İlon Maska məxsus “SpaceX” şirkətinin Aya səyahət edəcək “Starşip” kosmik gəmisində özü ilə aparacağı səkkiz şanslı şəxsin adını açıqlayıb. O, “DearMoon” adlı layihə çərçivəsində Ayın orbitinə çıxmaq istəyir. Uçuş təxminən bir həftə davam edəcək, amma Yerin peykinə enmək proqrama daxil deyil.

Anna Yuryevna Kikina isə bildirib ki, turist kimi ilk dəfə 2021-ci ildə Rusiyanın “Soyuz” kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyada olub. O, öz təcrübəsini iştirakçılarla bölüşüb.

John David Bartoe qeyd edib ki, Avropa Kosmik Agentliyi apreldə Yupiterdə tədqiqat aparmaq üçün kosmosa aparat göndərməyi planlaşdırır. Bu missiya 13 il davam edəcək.

 

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər