Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Kraken” ABŞ-də ilkin səhmlərin kütləvi yerləşdirilməsi (IPO) üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) konfidensial müraciət təqdim edib. “Kraken” nümayəndəsi şirkətin planlarının həyata keçirilmə müddətləri barədə CNBC-yə şərh verməkdən imtina edib. “Reuters” isə oktyabr ayında məlumat verib ki, kriptovalyuta birjası 2026-cı ilin ilk rübündə birjaya çıxmağı planlaşdırır.
“Kraken”in müraciəti şirkətin sonuncu kapital cəlbi zamanı 800 milyon dollar vəsait toplayaraq 20 milyard dollar dəyərində qiymətləndirildiyini açıqlamasından bir gün sonra təqdim olunub. Bu göstərici iki ay öncəkindən 33% çoxdur, “Reuters” xatırladır. Son maliyyələşdirmə raundunda Uoll-Strit nəhəngləri “Jane Street” və “Citadel Securities” iştirak ediblər.
Satışa çıxarılacaq səhmlərin sayı və IPO qiymət aralığı hələ müəyyənləşdirilməyib. 2011-ci ildə təsis olunmuş “Kraken” əvvəlcə yalnız kriptovalyutalara fokuslanırdı, lakin son aylarda fəaliyyət sahəsini genişləndirərək komissiyasız ticarət xidmətini işə salıb. Şirkət bitkoin və Ethereum kimi rəqəmsal aktivlərin ticarətini sadələşdirir, həmçinin Avropa İttifaqı müştərilərinə ABŞ şirkətlərinin tokenləşdirilmiş səhmləri ilə ticarət imkanı təqdim edir.
Şirkət aktiv şəkildə genişlənir: may ayında o, pərakəndə fyuçers ticarəti platforması olan “NinjaTrader”i 1,5 milyard dollara, oktyabrda isə “IG Group”dan “Small Exchange” adlı fyuçers birjasını 100 milyon dollara satın alıb. “Kraken” Donald Trampın Ağ Evə qayıdışından sonra ictimai bazara çıxmaq qərarına gələn son kriptovalyuta şirkətidir.







