Bu hadisə 90-cı illərin əvvəlində bir əyalət şəhərində baş vermişdir. Gənc bir oğlan əsgərlik xidmətinə yollanmaq istəmir və özünü əqli cəhətdən zəif biri kimi təqdim etmək qərarına gəlir. Bütün qohumlar bir araya gələrək tibbi heyətdə iştirak edən psixiatrla əlaqə yaradırlar. Psixiatr isə gənc oğlanı “dəli” olaraq qələmə vermək üçün 2000 dollar rüşvət tələb edir.
Oğlan 2000 dolları tapır və həkimin zəngini gözləməyə başlayır. Psixiatr zəng etdikdə oğlanın pullarla birgə qəbirstanlığa gəlməsini və girişdə onu gözləməsini tapşırır. Oğlan deyilən vaxtda gəlir, gözləyir və birdən psixiatrın ən yaxındakı ağacdan pələng libası geyinmiş halda düşdüyünü görür. Psixiatr ona yaxınlaşır, pulları götürür və deyir: “Sabah tibbi yoxlanışdan keçmək üçün gəl”. O bunu dedikdən sonra yenidən ağaca çıxır. Bunu görən oğlan təəccüblənsə də, heç nə demədən çıxıb gedir.
Oğlan səhər tibbi yoxlanışdan keçmək üçün hərbi komissarlığa gəlir. Psixiatr oğlanı yoxladıqdan sonra deyir: “Sağlamdır. Növbəti gəlsin”. Bunu eşidən oğlan qəzəblənir və qalmaqal yaradır. Qışqırmağa başlayan oğlan deyir:
-Sizi fırıldaqçısınız, rüşvətxorsunuz. Mən axı sizə pul vermişəm!
Kabinetə sakitlik çökür. Hər kəs heyrət içərisində oğlana və psixiatra baxır. Psixiatr deyir:
-Siz nə danışırsınız?! Nə rüşvət? Siz mənə heç nə verməmisiniz.
-Bəs dünən məndən 2 min dolları alan siz deyildiniz?!
-Harada?
-Necə yəni harada? Qəbiristanlıqda. Siz pələng dərisində ağacdan düşdüz, pulu götürdüz, yenidən ağaca çıxdız.
Bunları eşidən psixiatr deyir: “Əziz kolleqalarım. Çox böyük səhvə yol vermişəm, onu dərhal tanıya bilmədim. Bu mənim xəstəmdir”.
Psixiatrın kolleqaları isə qalmaqalın baş vermədiyinə təəssüf edərək öz işlərinə davam edirlər. Psixiatr üzünü gənc oğlana tutaraq deyir:
-Gənc oğlan. Xahiş edirəm, sabah mənim qəbuluma düşəsiniz.
Oğlan isə bütün baş verənləri yavaş-yavaş dərk etməyə başlayır və dərhal kabineti tərk edir.