23 C
Baku
Wednesday, May 29, 2024

Kreditə həsrət qalmayın

Hazırda heç kimə sirr deyil ki, banklara müraciət edilən zaman kredit işçisinin birinci əl atdığı alətlərdən biri Mərkəzi Bankın reyestr xidmətinin hesabatıdır. Bu proses Azərbaycanda yeni başladığından çoxumuz bu xidmətin ciddiliyinə barmaq arası baxırıq. Bu isə öz növbəsində çox ciddi fəsadlara gətirib çıxara bilər.

Çox insanı bu sual ümumiyyətlə düşündürmür – bəzən  müştəri həmişə vaxtında ödəməsinə baxmayaraq bankın səhvi ucbatından həmən müştərinin kredit tarixçəsi pis vəziyyətə düşür. Təbii ki bu problemi bankdan sizin krediti vaxtında ödəməniz haqqında arayışla qismən həll edə bilərsiniz  – amma ümumi götürdükdə bu ləkə artıq sizin adınızda həmişəlik qalacaq (əslində bu problem həll oluna biləndir, lakin təcrübədən çox insan bu işin dalınca düşmür), reyestrdə sizi kim axtarışa versə sizin “keçmiş məsuliyyətsizliyiniz” haqqında məlumatı oxuya biləcək. Bir məsələni unutmaq olmaz ki, reyestr xidmətinin hesabatı gələcəkdə bizim həyatımızda hansı rol oynayacaq.

Qərbin inkişaf etmiş ölkələrində kredit tarixçəsi pis insanın çox ciddi problemləri olur- buda onunla bağlıdır ki, sistem olaraq bu xidmət çox məsələni özündə cəmləşdirir. Fərz edin ki, işə götürülən zaman sizin kredit tarixçəniz yoxlanılır, işıq pulunu gecikdirsəniz o reyestr hesabatında görünür və s. Bir sözlə sizin nə qədər məsuliyyətli insan olduğunuzu artıq böyük ehtimalla demək mümkün olacaq. Bu da istisna deyil ki, bir neçə ildən sonra banklar məhz məsuliyyətli şəxslərə aşağı faiz təklif edəcək, çünki bir neçə ildən sonra yaxşı müştəri üstündə çox güclü mübarizə gedəcək. Hazırda Mərkəzi  Bankın reyestr xidmətində bu istiqamətdə işlər aparılır və böyük gümanla yaxın dövrdə bu xidmət kommunal xidmətlər üzrə ödənişləri  də öz sisteminə inteqrasiya edəcəkdir.

Ilkin olaraq reyestr hesabatı haqqında bir neçə nüansı qeyd edək.

Reyestr hesabatı müştəri haqqında həm keçmişdə götürdüyü və bağlanmış kreditləri, həmdə hazırda aktiv kreditlərin həcmini göstərir. Kreditlərin hər biri üzrə faiz və əsas məbləğ üzrə qalıq, gecikmə edilibsə gecikdirilmiş günlərin sayı həmçinin girov və zaminin adı göstərilir. Hesabatda kreditin hansı bankdan və ya BOKT-da götürülməsi yazılmır. Sadəcə bank və BOKT olması göstərilir. Reyestr hesabatını yalnız ora üzv Bank və BOKT-lar çıxara bilər.

Hesabatın formatı aşağıdakı kimidir.

Banker.az olaraq kredit tarixçənizin müsbət formalaşdırılması ilə bağlı bir neçə tövsiyə vermək istərdik.

  • Çalışın heç vaxt gecikmə etməyin.
  • Əgər gecikmə etməmisinizsə lakin bank sizə gecikmə göstəribsə mütləq bankdan sizin gecikmənizin olmaması haqqında ərizə alın. Bu ərizəni kredit üçün müraciət etdikdə kredit işçisinə təqdim etməkdən çəkinməyin. Əlavə olaraq Mərkəzi bankın reyestr xidmətinə ərizə ilə müraciət edib bu gecikməni aradan qaldırmağın yollarını müzakirə edin.
  •  Əgər gecikməniz olubsa o zaman bunu həll etməyə çalışın. Ən yaxşı strategiyalardan biri  kiçik məbləğdə kredit götürüb, növbəti ayda onun böyük hissəsini bağlamaq və ara sıra ödəniş etməkdir (vaxtında ödəniş etmək şərti ilə). Bir neçə kredit götürdükdən sonra artıq köhnə borcunuzun olmasına baxmayaraq, yeni lakin gecikməsi olmayan kreditlərin olması sizin haqqınızda qismən müsbət borcalan kimi fikir oyadacaq.
  •  Banka ödəniş çeklərini həmişə özünüzdə saxlayın. Kredit hətta bağlandıqdan sonra onlara ehtiyacınız ola bilər .
  • Hər dəfə kredit götürən zaman kredit işçisindən sizin reyestr hesabatınızı xahiş edin. Demək olar çox zaman kreditlər reyestrə vurulur və kredit işçisində bu hesabat olur. Hər halda öz kredit tarixçəniz haqqında məlumata baxmaq sizin üçündə maraqlı və faydalı ola bilər.
Son xəbərlər
 ⁠
Digər xəbərlər