14 C
Baku
Saturday, April 27, 2024

Kredit borcunu ödəyib borclu qalmaq mümkündürmü, bu problemi necə həll etmək olar?

Hər hansı bir banka kredit üçün müraciət olduğu zaman sizə verilən əsas suallardan biri digər bir bankda kredit borcunuzun olub olmadığıdır. Belə ki, burda məqsəd əgər başqa bankda kreditiniz varsa kredit almaq üçün nəzərdə tutduğunuz məbləğlə birgə ödəmə qabiliyyətinizi hesablamaq, başqa sözlə bankın krediti geri almaq riskini müəyyənləşdirməkdir.

Məsələn, əgər sizin aylıq əmək haqqınız 500 manatdırsa, üstəlik digər bankda 200 manatlıq aylıq ödənməli kredit borcunuz varsa və bununla yanaşı siz kredit almaq istəyirsinizsə hansı ki, ayda 250 manat təşkil edəcək, təbii ki bank bu krediti vermək istəməməsi normal hall olardı. Ancaq əgər aylıq əmək haqqınız 1000 manatdırsa, eyni şərtlərdə yəni 1 bankda 200, digərində isə 250 manat aylıq ödənişlə kredit almaq istəsəniz bu artıq mümkündür. Bəs burda başqa hansı problemlərlə rastlaşa bilərsiniz?

Məsələn, siz yeni kredit üçün banka müraciət etmişiniz, ancaq məlum olub ki, sizin kredit borcunuz var. Halbuki, siz kredit borcunuzu tam ödəmiş və bunu rəsmiləşdirmisiniz.

Bəs krediti ödədiyiniz halda necə olur ki, kredit borcunuzun qaldığı məlum olur?

Banklar Mərkəzləşdirilmiş Kredit Reyestrinin vasitəsilə Sizin haqqınızda məlumat əldə edirlər. Belə ki, kredit alındıqdan sonra krediti alan şəxs, kredit, girov və s. barədə bütün məlumatlar Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürülür.

Bank/BOKT-lər öz müştərilərinin bütün kreditləri haqda məlumatı ayda 1 dəfə MKR-ə göndərirlər. Yəni, əgər Siz krediti ayın ortasında bağlamısınızsa, bu məlumat ancaq növbəti ayın əvvəlində MKR-də öz əksini tapacaq. Bu halda Siz sonuncu ödənişi etdiyiniz qəbzi həmin hesabatla birgə banka təqdim edə bilərsiniz.

Reyestrdə hər ay ərzində yenilənən məlumatda Sizin gecikdirmələriniz (yalnız neçə gün gecikdirdiyiniz haqda məlumat) də öz əksini tapır. Bu məlumatı da kredit təşkilatları aylıq hesabatların bir bəndi olaraq hər bir kredit məlumatının daxilində sistemə göndərirlər. Siz krediti tam ödədiyiniz halda belə o gecikdirmə günləri haqda məlumatlar yeddi il müddətində reyestrdə saxlanılır. Bu məlumatlar əsasında kredit almaq üçün müraciət etdiyiniz bank Sizə gecikmələriniz olduğunu bildirə və Sizə kredit verməkdən imtina edə bilər.

Nə etməli?

Öncə həmin kreditin ödəmələri zamanı gecikmələr etmədiyinizə əmin olmağa çalışın. Əgər əminliyiniz varsa, o halda birbaşa həmin banka (ödənişlər haqda qəbzlərlə birlikdə daha yaxşıdır) müraciət edə bilərsiniz. Əgər bir yanlışlıq varsa bank rəsmiyyətə keçərək müvafiq səhv məlumatın reyestrdə düzəldilməsinə çalışacaq. Kredit təşkilatı yalnız açıq statuslu kreditlər üzrə sistemdə səhv məlumatı düzəldə bilər. Əgər bağlı kreditdirsə, o halda rəsmi məktubla MKR xidmətinə səhvin səbəbini izah etməklə müraciət etməli olacaq. Hesabatınızdakı səhvin mütləq düzəldilməsinə çalışın. Hər hansı arayış Sizə ancaq müvəqqəti kömək edə bilər.

Reyestrdə 2005-ci ildən verilmiş kreditlər saxlanılır. Bəzən isə, bu hallara da rast gəlmək olur ki, məsələn, 2007-ci ildə götürülmüş bir krediti xatırlamaq olmur, o ki qala həmin kredit üzrə ödənişlərin gecikdirilmədiyinə əmin olmaq.

Gecikmə günlərinizin olduğu qeyd edilən krediti, hətta bankın adını belə xatırlamırsınızsa nə etməli?

Bunun üçün Mərkəzi Bankda xüsusi prosedurlar mövcuddur. http://cbar.az.accr səhifəsində MKR xidmətinin iş prosedurları, ərizə və şikayətlərin qəbulu üçün tələb olunan sənədlərin siyahısı və tələb olunan formalar elektron olaraq yerləşdirilmişdir. Fiziki şəxslər üçün müraciətçi şəxsiyyət vəsiqəsinin özü və surəti ilə birlikdə bazar ertəsi -cümə günləri saat 15:00-dan 17:00-dək Mərkəzi Banka yaxınlaşmaq lazımdır.

Müvafiq ərizə formaları yerində Sizə veriləcəkdir. Qəbul və müraciətlərin icrası prosesi aşağıdakı kimidir:

– Müraciətçi şəxsiyyət vəsiqəsinin özü və surətini vətəndaşları qəbul edən MKR xidməti əməkdaşına təqdim edir, müvafiq müraciət anketini doldurur və imzalayır.

– Müraciətçi sorğu edərək (Əlavə 4) kredit təşkilatlarının adının da əks oldunduğu çıxarışı əldə edir. Sorğulara cavab verilməsi üçün müddət 3 gün nəzərdə tutulmuşdur.

– Müraciətçi səhv hesab etdiyi məlumat üzrə araşdırmanın aparılması üçün birbaşa müvafiq kredit təşkilatına müraciət edərək yerində araşdıra və ya öz kredit hesabatından, onun hər hansı bir hissəsindən MKR xidmətinə şikayət ərizəsi (Əlavə 5) yaza bilər.

– MKR xidməti müraciət üzrə lazımi araşdırma apararaq, müvafiq kredit təşkilatından məlumatın təsdiqlənməsini və ya səhv olmasını dəqiqləşdirərək müvafiq qərarlar qəbul edir. Qanunvericiliyə uyğun olaraq araşdırmalar 1 ay müddətinə qədər uzana bilər.

– Nəticədən asılı olmayaraq müraciətçiyə mütləq rəsmi cavab məktubu təqdim edilir.
MKR-də şəxslər yalnız özləri haqda sorğu edə bilərlər. Digər bütün hallarda notarial qaydada etibarnamə tələb olunur. Hər hansı müstəsna hal qəbul edilmir.

Reyestrdən çıxarışın alınması ödənişsizdir.

Mərkəzləşdirilmiş Kredit Reyestri xidmətində qanunla müəyənləşdirilmiş bu vəziyyətə uyğun əlavə məlumatlar üçün aşağıdakı qaydalara nəzər yetirə bilərsiniz :

Qaydalar “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşlilatları haqqında” Azərbaycan Respublikası Qanunlarına, habelə Azərbaycan Respublikası digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank) Mərkəzləşdirilmiş Kredit Reyestrinin (bundan sonra – MKR) iş rejimini, o cümlədən məlumatın xarakterini, məlumatların verilməsi və alınması qaydalarını və şərtlərini tənzimləyir.

5. Məlumatların dəqiqliyi

5.1. Banklar və BOKT-lər MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. MKR-də bu məlumatlar yalnız texniki emal edilir və istifadəçilərə təqdim edilir.

5.2. Səhv məlumatlar yalnız banklar və BOKT-lər tərəfindən düzəldilir. MKR banklardan təsdiqləyici hesabatlar almadan, səhv məlumatları korrektə etmir.

5.3. Məlumatların dəqiqliyinin yoxlanılması, haqqında informasiya toplanan borcalanların şikayəti əsasında, habelə bank nəzarətinin gedişi proseslərində Mərkəzi Bank və proqram təminatının texniki xüsusiyyətlərinə uyğun olaraq MKR tərəfindən həyata keçirilir.

5.4. Haqqında toplanan məlumatların qeyri-dəqiqliyi və bu qeyri-dəqiqliyin aradan qaldırılması barədə borcalanların şikayətləri yazılı formada (Əlavə 5) bilavasitə Mərkəzi Banka təqdim edilir. Şikayətçi öz şikayət ərizəsində onun fikirincə düzgün olan borc məbləğini və/və ya digər şikayət predmetlərini tam dəqiq göstərməlidir.

5.5. Mərkəzi Bank borcalanların şikayətlərini məlumatı təqdim etmiş banklara göndərərək onlardan təsdiqləyici hesabatları (o cümlədən kağız daşıyıcılarda) tələb edir. Borcalanın şikayəti əsasında məlumatlarda dəyişiklik edildikdə bu barədə borcalana və son altı ay ərzində həmin şəxs haqqında reyestrdən məlumat almış şəxslərə 3 iş günü müddətində məlumat verilir. Borcalanın şikayətinin icrasından qanunvericiliklə müəyyən edilmiş əsaslarla imtina edildikdə borcalana 5 iş günü müddətində əsaslandırılmış cavab verilir.

5.6. MKR-in proqram təminatı tərəfindən müxtəlif dövrlərin hesabatları arasında uyğunsuzluq aşkar edilərsə, MKR tərəfindən müvafiq banklardan və BOKTlərdən təsdiqləyici hesabatlar (o cümlədən kağız daşıyıcılarda) tələb edilir.

5.7. Mərkəzi Bank tərəfindən banklarda və BOKT-də aparılan yoxlamalar zamanı MKR-ə təqdim edilən məlumatlarla banklarda və BOKT-də olan məlumatlar arasında uyğunsuzluq aşkar edildikdə, Mərkəzi Bank müvafiq banklardan və BOKT-lərdən təsdiqləyici hesabatların (o cümlədən kağız daşıyıcılarda) MKR-ə təqdim edilməsini tələb edir.

5.8. Banklar və BOKT-lər tərəfindən araşdırmalar aparıldıqdan sonra təsdiqləyici hesabatlar ən geci 7 (yeddi) təqvim günü müddətində MKR-ə təqdim edilir.

5.9. Banklardan və BOKT-lərdən təsdiqləyici hesabatlar əldə edildikdən və MKR tərəfindən müvafiq araşdırmalar aparıldıqdan sonra, aşkar olunan səhvlər ən geci 7 (yeddi) təqvim günü müddətində aradan qaldırılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər