Azərbaycan Hazırda Azərbaycanda kredit təşkilatları, o cümlədən banklar kreditləri olduqca yüksək faizlə verir. Azərbaycan Mərkəzi Bank (AMB) bu yaxınlarda uçot dərəcəsini 4,75%-dən 4,25%-ə endirsə də, kreditlər üzrə illik dərəcələr hələ də 28-34 faiz civarındadır. Hökumət hər dəfə kredit qurumları üçün nəzərdə tutulan kreditlərin faizlərini aşası salsa da əhali arasında populyar bankların kreditləri ucuzlaşmır. Nə baş verir, niyə kommersiya bankları AMB-nin kredit faizlərini aşağı salmaq üzrə cəhdlərini qulaq ardına vururlar? Niyə AMB-dən krediti 4,25%-ə götürən banklar kreditləri müştəriyə ən yaxşı halda 28%-ə verirlər? Kreditin üstünə 23%-i qoymağı banklara niyə icazə verirlər?
Bu barədə sullarını cavablandıran İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bankların kreditləşdirmə üçün istifadə etdiyi vəsaitlərin mənbəyinə toxundu. Onun sözlərinə görə, faiz dərəcələrinin azaldılması üçün ilk növbədə banklar ucuz pul kütləsi cəlb etməlidir.
Ekspertin fikrincə, ucuz vəsaiti cəlb etmək üçün bizim bankların xaricə çıxışı olmalıdır: “Azərbaycanda fəaliyyət göstərən banklar xarici banklardan kredit alır. Cəlb etdikləri vəsaitin üzərinə də öz faizlərini əlavə edən banklar isə bunu müştərilərə təklif edir. Çox az bank var ki, onlar pulu kənardan cəlb edirlər. Daha aşağı fazilə pul götürə bilmək üçün bizim bankların beynəlxalq reytinq siyahılarında irəliləməsi lazımdır. Çünki aşağı faizli pulları daha çox yüksək reytinqli banklar əldə edirlər. Bizim bankların əksəriyyəti bir başa yox vasitəçi banklardan pulu götürürlər. O banklardan bu vəsaitləri 4-5 %-ə alır və üzərinə öz faizini əlavə edərək bizim yerli banklara satır. Nəticədə, Azərbaycandakı banklar bu kreditləri 7-8 %-ə əldə edirlər. Bu isə bankın verdiyi kreditin baha olmasına gətirib çıxarır”,- deyə Samir Əliyev qeyd edir.
Banklar özlərini risklərdən qorumaq üçün, zərər etməmək üçün faiz dərəcələrini yüksək səviyyədə saxlayırlar. Banklar risk ehtimalını azaltmaqla yanaşı, müştərinin ödəmə qabiliyətini də sıfıra endirirlər. Əslində, bankların xərclərini optimallaşdırmasına ehtiyac var: “Bankların xeyli sayda bölgələrdə filialları var. Bu fililallar istənilən səviyyədə müştəri cəlb edə bilmir və nəticədə zərər edirlər. Adətən, baş ofis filiallara maddi yardım etməli olur. Fikrimcə, banklar mobil bankçılığı inkişaf etdirməlidirlər. Bununla da, xərclərini azaldaraq banklar həm operativ, həm də effektli xidmət göstərə bilərlər”,- deyə ekspert vurğulayır.
Mütəxssisin fikrincə, digər bir əsas səbəb girov kreditlərlə bağlıdır. Bu gün banklar girov vasitəsi ilə verilən kreditlərə etibar etmirlər: “Respublikada daşınmaz əmlakların bir hissəsinin sənədsiz olması və digər bu kimi problemlər bankları risklərdən qorunmağa vadar edir. Evini girov qoyan müştəri kiçik məbləğdə krediti belə yüksək faizlə götürür. Banklar isə qazanmaq üçün istehlak kreditlərinə üz tuturlar”,- deyə Samir Əliyev bildirir. Təbii ki, bu kreditlərin də xərci yüksəkdir, az məbləğdə kreditə çox sayda adam xidmət göstərməlidir. Nəticədə, kredit dərəcələri qalxır.
Azərbaycanda faiz dərəcələrinin yüksək olmasının digər səbəbi isə kredit üçün vəsaitlərin xeyli hissəsinin əmanət yolu ilə cəlb edilməsindən qaynaqlanır. Hazırda əmanətlər üzrə orta dərəcə 10% civarındadır. Mütəxəssislərin fikrincə, əmanətlər nə qədər yüksək faizlə qəbul edilirsə, kredit faizləri də bir o qədər yüksək olur.
Azərbaycanda kredit resursları təxminən 17 milyarda yaxındır. Ümumi Daxili Məhsulun 30%-I ətrafında olan bu rəqəm Azərbaycan kimi iqtisadiyyatı üçün çox azdır. İnkişaf etmiş ölkələrdə bu göstərici 70%-dən yuxarı olur. Samir Əliyevin hesablamalarına görə, Azərbaycanda ilkin mərhələdə kredit vəsaitlərini ən azı iki dəfə artırmaq lazımdır. Kredit vəsaitlərinin azlığı bankların kredit dərəcələrini yüksək saxlamasına imkan yaradır.
Amma rəsmi qurumlar vəziyyətin düzələcəyinə vəd verirlər. Hələ bir neçə ay bundan öncə AMB sədri Elman Rüstəmov banklarla danışıqlar aparıldığını söyləmişdi. Həmçinin AMB-dən bildirirlər ki, MB də hazırda özəl bankların verdiyi istehlak kreditlərinin faiz dərəcələrinin çoxluğundan narazıdır. Qurumdan verilən məlumata görə, faizlərin azaldılması üçün bir sıra işlər görülür. MB bankların faiz dərəcələrinin azaldılması imkanlarına malik olduğunu hesab edir. Mərkəzi Bank vaxtı keçmiş kreditlərin artmasının da ilk növbədə faiz dərəcələrinin yüksək olması ilə əlaqələndirir. Bu məsələnin həll yolu üçün çıxış yolları axtaran MB faiz dərəcələrinin azaldılması üçün özəl banklarla danışıqlarını davam etdirir.
Ancaq bütün bunlara baxmayaraq, faizlərin azalması ilə bağlı hələlik heç bir nəticə müşahidə olunmur. Banklar, görünür, hələ də faiz dərəcələrini azaltmaqda maraqlı deyillər. Kiçik istehlak kreditləri verən banklar özlərini sığortalamaq və yüksək məbləğdə gəlir əldə etməklə bazarın ciddi mənfəət əldə edən oyunçularına çevrilirlər.
Mütəxəssislər isə bu halın bank sektoruna ciddi təhdit olduğunu hesab edirlər. Çünki yüksək faizli, əlverişsiz şərtlərlə verilən kreditlər əhalinin ödəmə qabiliyyətini azaldır. Nəticədə banklarda problemli kreditlərin sayı kəskin artır və bu, böhrana doğru aparır.