8 C
Baku
Thursday, December 12, 2024

Kredit faizləri düşəcəkmi? Əgər düşərsə bu hansı formada ola bilər?

Hazırda Azərbaycanın kredit bazarında ən müzakirə olunan mövzulardan biri də kredit faizlərinin düşməsi ilə bağlıdır. Bu fikir hətta kredit bazarında müəyyən durğunluğa da səbəb olmuşdur – müştərilərin bir qismi nəfəsini dərib, kredit faizlərinin düşməsini gözləyirlər ki, hazırda ehtiyac duyduqları krediti məhz o zaman götürsünlər. Bu fikirin bu qədər ciddiyə alınması isə təbii ki, prezidentin çıxışlarında səslənməsindən qaynaqlanır. Prezident bir neçə gün öncəki çıxışında da 3-cü dəfə bankları real sektora yatırım etməyə, ancaq öz ciblərini güdməməyə çağırmışdır. Mərkəzi Bankın sədri Elman Rüstəmov bu mövzu ilə bağlı belə bir fikir səsləndirmişdir ki, banklar faizlərin təyin edilməsində müstəqildirlər və hazırda baha olan məhsullar əslində riskli məhsul olduğundan baha qiymətə satılırlar.

Əslinə qaldıqda , Prezidentin 3 dəfə bank sisteminə müraciət etməsi faizlərin endirilməsi istiqamətində ciddi mesaj hesab edilə bilər. Yəqin ki, hər kəsin yadındadır, prezidentin Bakı şəhərində maşın çoxluğundan bir dəfə gileylənməsi, bank sistemində bu məhsulun demək olar ki, tam məhdudlaşdırılması ilə nəticələnmişdir. Və nəzərə alsaq ki, prezident Mərkəzi Banka hər 6 aydan bir ona kredit faizləri ilə bağlı hesabat tələb edir, 6 ayın sonunda Mərkəzi Bankda hansısa nəticə ortaya qoymalıdır. Lakin, burada paradoksal nüans ortaya çıxır – banklar bunu necə etməlidirlər və ya Mərkəzi Bank bunu hansı formada edə bilər? Təbii ki, burada faizlərin birbaşa endirilməsindən söhbət gedə bilməz. Çünki yuxarıda da qeyd etdiyimiz kimi Elman Rüstəmovun qeydləri bunu istisna edir.

Banker.az mütəxəssisləri bu məsələ ətrafında bir neçə ssenarini real hesab edirlər.

Qeyd: Bizim təhlillərimizin nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda orta kredit faizi təxminən 24.5% civarında dəyişir. Bu rəqəm Mərkəzi Bankın açıqladığı rəqəmdən ( təxminən 15%)  kifayət qədər fərqlənməsinin səbəbi , bizim bura iri həcmli kreditlərin və güzəştli (ipoteka və SKMF) kreditlərinin daxil edilməməsi ilə əlaqədardır.

  • İstehlak kreditləri üçün faiz korridoru müəyyən edilməsi

Bu praktika Rusiya və orta Asiya ölkələrində Mərkəzi Banlar tərəfindən artıq tətbiq edilmiş metoddur. Bu metodun effektivliyi ondan ibarətdir ki, o bankların biznesinə kəskin müdaxilə yox, kredit faizlərinin mütəmadi endirilməsinə hədəflənmiş strategiyadır. Faiz korridorları ehtimal edilir ki, ilk növbədə istehlak kreditlərinə hədəflənəcək.

  • Kredit təhlilində risklərin qiymətləndirilməsi məsələsi təkmilləşəcək

Qeyd etdiyimiz kimi Elman Rüstəmov bəzi məhsulların kifayət qədər riskli olduqlarına görə baha satılması məsələsini qeyd etmişdir. Azərbaycanda bankçılığında bu həqiqətən də ciddi nüanslardan biridir. Müştərilərin bir çox gəlirləri rəsmi təstiq edilə bilmir və müştəri problemə düşdüyü zaman onunla iş kifayət qədər çətinləşir (hətta məhkəmə vasitəsi ilə). Bu mərhələdə Mərkəzi Bankın Reyestr xidmətinin avtomatlaşmış həlllərinin bazara çıxarılması da kifayət qədər real görünür. Məqsəd, müştərinin real kredit yükünə uyğun olaraq ona kreditin təklif edilməsi, onların daha da yüklənməsi və sonradan gecikmə yaratmasından qaçmağa yardımçı ola bilər.

  • Mərkəzi Bank vasitəsi ilə bazara ucuz vəsaitlərin buraxılması

Bu variant əvvəl çox realistik görünsə də hazırda neftin qiymətinin düşməsi fonunda bir qədər zəifləmişdir. Yəqin ki, hər bir bankir razılaşar ki , hazırda bankların həm əhalidən, həm də xarici fondlardan cəlb etdiyi vəsaitlər kifayət qədər baha başa gəlir. Əhali bir tərəfdən depozit faizlərinin yüksək olmasını istəyir, digər tərəfdən isə kredit faizlərinin enməsini – bu isə  uyğun prinsip deyil. Çünki, hamının misal gətirdiyi xarici ölkələrdəki aşağı kredit faizləri, həmçinində depozit faizlərinin aşağı olması ilə müşahidə olunur. Hazırda normal depozit portfelinin ortalama faiz dərəcəsi təxminən 9% bərabərdirsə, xarici fondlardan vəsaitin cəlb edilməsi təxminən 8-10% civarındadır – bu isə öz növbəsində kifayət qədər yüksək rəqəmdir.

Yaxın dövrdə Mərkəzi Bank tərəfindən, böyük ehtimal ki, müəyyən yeni tələblərin bazara yeridilməsi baş verəcək. Banker.az mütəxəssislərinin qeydlərinə görə , bu prosesə təxminən mart- aprel aylarına təsadüf edə bilər.

Son xəbərlər
Digər xəbərlər