Kredit münasibətləri iqtisadiyyatın başlıca tənzimləyicilərindən biri olsa da, eyni zamanda düzgün tənzimlənmə olmadıqda cəmiyyətə mənfi təsirləri ilə ön plana çıxa bilir. Ölkəmizdə pul-kredit siyasətinin başında bazar iqtisadiyyatının inkişafı dayanır.
2015-ci ildə baş verən 2 devalivasiya, yəni manatın dəyər itirməsi bir daha göstərdi ki, cəmiyyətin pul dövriyyəsinin böyük hissəsini istehlak krediti təşkil etmişdir. Bu kredit isə düzgün rəsmiləşdirilmədiyi üçün əhalinin böyük bir hissəsi ciddi maliyyə böhranı ilə üz-üzə qaldı və cəmiyyət-dövlət balansında bərabər itkilərin yaranmasına səbəb oldu. Bununla yanaşı 2015-ci il böhranı özü ilə bank sisteminin, dolayı təsirə əsasən sığorta və digər maliyyə institutlarının yaralar alması ilə də nəticələndi.
Mövzu çərçivəsində bu problemlərə gətirib çıxaran amillərdən biri kimi kredit müqavilələrinin təminatı üsulu kimi seçilən, əslində isə kredit təşkilatlarının sığorta vasitəçisi rolunda çıxış etdiyi kredit sığortası barədə məlumat verəcəyik.
Hazırda ən çox ipoteka müqavilələrində, bəzən isə istehlak krediti müqavilələrində əsas təminatlardan sayılan və adı könüllü olsa da, faktiki olaraq icbari statusu daşıyan kredit sığortası müqavilələri üzrə vətəndaşlar ipoteka götürə bilmək üçün bütün müqavilə şərtlərinə imza atırlar. Bu isə aşağıdakılara gətirib çıxarır:
– ipoteka götürən şəxslər xəstəlikləri barədə sığortaçıya məlumat vermədikləri üçün bu xəstəliklə bağlı baş verəcək bütün neqativ hallar nəticəsində krediti ödəyə bilmədikdə, təminatdan kənarda qalır.
– 100 minlik kreditə görə 2 minlik sığorta təminatı aldıqlarına baxmayıb, müqaviləni təsdiqlədikləri üçün hadisə zamanı özü yaxud ailə üzvləri tam kredit məbləğində borclu statusunda qalır.
– Krediti verən bank eyni zamanda sığorta müqaviləsinin bağlanmasında dolayı yolla vasitəçi statusu daşıdığı üçün vasitəçiliyə görə aldığı komissiya məbləği vətəndaşın ödədiyi sığorta haqqına təsir edir və vətəndaş adi halda komissiyasız ödəyəcəyi sığorta haqqından qat-qat artıq sığorta haqqı ödəyir.
– Sığorta müqaviləsində bütün hallarda təmiant verilir deyə düşünsə də, şərtlərə baxmadığı və ona izah olunmadığı üçün istisna halları oxumadan böyük risklərlə üzbəüz qalır.
İstənilən sığorta müqaviləsinin bağlanması vətəndaşlarda itkiyə gətirdiyi üçün işinin peşəkarlarından dəstək almaqla, müqavilələri imzalamaq itkilərin qarşısını ala bilər.
“İnsurance Consalting Service” MMC
direktor Aqil Nuriyev