10 C
Baku
Saturday, November 23, 2024

Kredit götürərkən sığortanın bilinməyənləri

Hər kəsin həyatının müəyyən dövründə çətin anları olur. Hətta elə anlar olur ki, təcili maliyyə çatışmazlığı ilə qarşılaşırsan və dost-tanış heç cür imkan edib sənə dəstək verə bilmir.

Həmçinin müəyyən biznes fəaliyyəti ilə məşğul olmaq istəyərkən maliyyə çətinliyi ilə üzləşərək biznesi böyüdə bilmirik. Hər bir halda kredit təşkilatlarına üz tutaraq müəyyən istiqamət üzrə kredit əldə etmək zəruri olur.

Kredit götürərkən əksər hallarda öhdəliyin təmini üsulu kimi girov, zaminlik və ya sığorta müqaviləsi bağlamaq tələb olunur.

Bunda məqsəd kredit öhdəliyini icra edə bilmədikdə kreditin təmin edilməsini təmin etməkdən ibarətdir.

Bu yazımızda kreditin təmini üsulu kimi sığorta müqaviləsinin faydasından bəhs etməyə çalışacağıq.

Azərbaycan Respublikasında kredit götürən fiziki şəxslərin sığorta münasibətləri nəzarət orqanının müəyyən etdiyi vahid qaydalarla tənzimlənir. Bu sığorta şirkətlərinin öz qaydalarını istisna edir ki, fiziki şəxs vahid tənzimləmənin olduğunu bilsin və sığorta şirkətləri vahid prinsiplə rəqabət qabiliyyətli olan keyfiyyətli fəaliyyətə üstünlük versinlər.

Bu baxımdan da vahid qaydalara uyğun təminat verilir və fəaliyyət həyata keçirilir.

Kredit götürən fiziki şəxslərlə bağlanan sığorta müqavilələrinə əsasən sığorta şirkəti ən azı kredit götürənin ölməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin tam və ya qismən itirilməsilə istənilən əlillik dərəcəsini alması halında sığorta şirkəti sığorta ödənişi vermək öhdəliyi daşıyır.

Kredit götürən şəxs müqavilədə aşağıdakı hallara mütləq diqqət etməlidir ki, ona hansı təminatın verildiyini bilsin:

1) Müqavilənin müddəti – müqavilənin kredit müddətinə uyğun olun-olmamasına fikir verilməlidir. Belə ki, bəzi hallarda müqavilələr kredit müddətində deyil, ondan daha az müddətə müəyyən edilir. Bu isə şəxsin başına hadisə gəldikdə onun sığorta təminatından kənarda qalmasına gətirib çıxara bilər.

2) Sığorta məbləği – Kredit məbləği 10 min manatlıq olsa da, sığorta müqaviləsində bu təminat 1000 manat da ola bilər. Bu baxımdan da şəxsin hadisə zamanı 1000 manatlıq öhdəliyinin ödənilməsi, lakin qalan məbləğin ödənilməməsi mümkündür.

3) Riskin bildirilməməsi – Kredit götürərkən fiziki şəxsin sağlamlığı qaydasında olsa da, sığorta müqaviləsi bağlanarkən kredit götürən əvvəllər hansı xəstəliklərdən əziyyət çəkdiyini, müalicə və ya müayinə aldığını bildirməlidir. Bunun üçün ona səhhəti barədə məlumat verəcəyi ərizə forması təqdim edilir. Kredit götürən şəxsin əvvəllər xəstəliyi, xəstəliyə görə müalicə və ya müayinəsi olubsa, bu barədə ərizə formasında qeyd etməlidir.

Çünkü ərizə formasında qeyd edilməyən, hadisə baş verərkən xəstəliyin əvvəlcədən olması müəyyən edilən hallarda sığorta şirkəti ödənişin verilməsindən imtina etmək hüququna malikdir.

Göründüyü kimi hər bir halda müqavilə bağlamazdan əvvəl məlumatlı və tədbirli olmaq sonrakı peşmançılığın qarşısını almağa imkan verir.

Yekunda isə qeyd edək ki, kredit götürərkən sığortalanma halında sığorta şirkəti baş verəcək hadisələr zamanı ödənişi öhdəlik həcmində kredit təşkilatına, əgər sığorta məbləği artıq qalarsa, krediti götürən şəxsə yaxud vəfat etdikdə onun ailə üzvlərinə və ya vərəsələrinə ödəyir.

Şəhriyar Həbilov

Son xəbərlər
Digər xəbərlər