Kredit güzəştləri: Banklar və əhali nə qazanacaq? – MÜSAHİBƏ

  • 23
  •  
  •  
  •  

Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman uzun müddət müzakirə olunan problemli kreditlərin həlli deməkdir. 

Bu, eyni zamanda əhalinin sosial rifahının yaxşılaşmasına yönəlik bir addım oldu. Fərmana görə, 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödəniləcək. 

Fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək. Məlumat üçün bildirək ki, vaxtı keçmiş kreditlərin ümumi həcmi 1 milyard 800 milyon manata yaxındır. İndi ən çox müzakirə edilən məsələ bu Fərmanla həyata keçiriləcək tədbirlərin əhali və bankların vəziyyətinə necə təsir edəcəyidir. 

“Cümhuriyət” qəzeti bu mövzuda iqtisadçı-ekspert, özəl banklardan birinin risk menecmenti departamentinin direktoru Elman Sadıqovla müsahibəni təqdim edir.

– Elman müəllim, sözügedən Fərman hazırda problemli kreditləri olan əhalinin 90-95 faizini əhatə edir. Fərman xalqın sosial rifahının yaxşılaşmasında öz əksini necə tapacaq?

– Bəli, artıq qeyd olunduğu kimi, Fərman xarici valyutada kredit götürmüş vətəndaşların say etibarilə 92 faizini əhatə edir. Yəni, dollarla krediti olan fiziki şəxslərin 92 faizi bu Fərmanın əhatə dairəsinə düşür. Bir qrup insan öz kreditlərinin hamısını və ya bir hissəsini ödəyiblər. Digər qrup isə ya heç bir ödəniş etməyib, ya da çox cüzi ödənişlər ediblər. Birinci qrup üçün ödəniləcək kompensasiya onların sosial rifahına birbaşa müsbət mənada təsir edəcək. Kreditlərini tam olaraq ödəyən şəxslər üçün onlara çatacaq vəsaitdən özlərinin digər maddi ehtiyaclarını həll etmək imkanları yaranır. Kredit borcları qalan şəxslər üçün isə bu kredit üzrə borc yükünün demək olar ki, devalvasiyanın təsiri səviyyəsində azalması deməkdir. Nəticədə, bu Fərmanı əhatə edən hər bir şəxsin sosial rifah halının yüksəlməsi danılmaz faktdır. Nəzərə alsaq ki, Fərmanın birinci hissəsi, yəni kompensasiya ödəniləcək vətəndaşların sayı 390 minə yaxındır, o halda bu məsələnin müsbət mənada həm maddi, həm də mənəvi təsirlərinin yüksək olacağının şahidi olacağıq. 440 minə yaxın vətəndaş isə Fərmanın ikinci hissəsindən yararlana biləcək. Bu vətəndaşlar isə 28.02.2019-cu il tarixə 17.000 manata və 10.000 dollara qədər 360 gündən çox gecikdirilmiş kredit borcları olan vətəndaşlardır ki, həmin vətəndaşların da borc yükü kifayət qədər yüngülləşəcək. 

– Fərman bankların mənfəətinə necə təsir edəcək?

– Bu Fərman nəticəsində yaxın müddətlər üçün banklar mənfəət əldə etməyəcək. Əksinə, nəzərə alsaq ki, banklar da həmin Fərmanın əhatə dairəsinə düşən şəxslərin faiz və cərimə faizlərini siləcəklər və bu bankların özlərinin hesabına olacaq, o zaman bankların yaxın müddət üçün zərərdə olacağının şahidi olacağıq. Çünki verilən kompensasiyalar əhaliyə ödənilir. Lakin, banklar ödənilməyən faizlər üçün ehtiyatlar ayırdıqları üçün bu zərərin miqdarı çox yüksək olmayacaq. Problemli kreditlərin sağlamlaşması və banklara dövlət zəmanəti ilə Mərkəzi Bank tərəfindən minimum faizlə (illik 0.1%) uzunmüddətli kreditlər ayrılacaq. Bu ucuz vəsaitlərin iqtisadiyyata kredit şəklində yönəldilməsi nəticəsində banklar qısa müddət ərzində məruz qalacaqları itki və zərərləri orta və uzun müddətlərdə kompensasiya etmək imkanı əldə edəcəklər. Son nəticədə bu amil banklara mənfəət əldə etməyə imkan verəcəkdir. 

– Fərmanda problemli kreditlərin devalvasiyadan əvvəlki məzənnə ilə ödənilməsi öz əksini tapıb. Ötən il Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar verdi. Yəni, borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini də öz üzərinə götürüb və borcunu hazırkı məzənnə ilə qaytarmalıdır. Azərbaycan Konstitusiyasına görə, Ali icra hakimiyyəti orqanının məhkəmə hakimiyyətinin qərarını ləğv etmək hüququ yoxdur. Burada bir təzad yaranır. Banklar yaranmış bu təzadlı vəziyyətdən istifadə edib mübahisəli kreditləri köhnə məzənnə ilə qaytarmaqdan imtina edə bilərmi? Yaranmış hüquqi ziddiyyəti necə aradan qaldırmaq olar?

– Bu qətiyyən belə deyil. Cənab prezidentin Fərmanı tam və istisnasız bir şəkildə icra olunacaq. Əksinə, Fərman Konstitusiya Məhkəməsinin qərarının haqlı olduğunu bir daha sübut edən bir sənəddir. Yəni, bu Fərman da Konstitusiya Məhkəməsinin müddəalarına uyğun olaraq, devalvasiya nəticəsində yaranmış kurs fərqinin banklar tərəfindən deyil, dövlət büdcəsi tərəfindən ödənilməsini şərtləndirir. Həmin Fərmanın digər bir müddəası isə Konstitusiya Məhkəməsinin məlum qərarına uyğun olaraq, banklara faiz və cərimə faizlərinin silinməsini (vətəndaşlara bununla bağlı güzəşti) tövsiyə edir. Digər tərəfdən, Fərman bankları da devalvasiya nəticəsində zərər çəkən tərəf kimi tanıyaraq məhz devalvasiya nəticəsində yaranan fərqin ödənilməsinin dövlətin öz üzərinə götürdüyünü əks etdirir. Xatırladaq ki, 21.02.2015 və 21.12.2015-ci il tarixlərə 10 000 dollar daxil olmaqla həmin məbləğə qədər kredit qalığı olan vətəndaşlar say etibarilə xarici valyutada kredit götürənlərin 92 faizini əhatə edir. Devalvasiya nəticəsində yaranan fərqi dövlət öz üzərinə götürərək kompensasiya şəklində vətəndaşa qaytarır. Fərman birmənalı olaraq icra olunacaq və bu, həm dövlət, həm vətəndaş, həm də banklar üçün olduqca xeyirli, müsbət və təqdirəlayiq bir mexanizmdir. Sadaladığım bu amil və müddəalar bir daha göstərir ki, bu Fərmanla Konstitusiya Məhkəməsinin qərarı arasında hər hansı təzad yoxdur, əksinə, hər iki sənəddəki müddəalar bir-birlərini tamamlayan məsələlərdir.

– Kompensasiyaların maksimum 3 ay müddətində ödənilməsi gözlənilir. Bundan sonra bankların kredit faizlərini aşağı salmaları gündəmə gəlir. Sizcə, bu proseslər yekunlaşandan sonra banklar yüksək faizlərlə kredit verəcəklərmi, yoxsa faiz dərəcələrini aşağı salacaqlar?

– Bu Fərmanın icrası nəticəsində banklarda likvidlik artacaq, nisbətən ucuz (qeyd edim ki, banklar faizləri öz hesablarına sildikləri üçün ayrılan vəsaitin maliyyəti minimum səviyyədən artmış olduğu üçün nisbətən ucuz ifadəsi işlədirəm) vəsaitlər yenidən iqtisadiyyata kredit şəklində yönələcək. Banklar arasında rəqabət artacaq. Vəsaitlərin də artmasını nəzərə alsaq, bu rəqabət əlbəttə, faiz dərəcələrinin nisbətən aşağı düşməsinə səbəb olacaqdır. Xüsusilə bu, özünü biznes kreditlərində daha bariz şəkildə göstərəcəkdir.

“İstehlak kreditləşməsi əvvəlki qaydalarda və səviyyələrdə olmayacaq”

– Məlum Fərmandan sonra kredit yükü azalmış müştərilər əlavə imkanlar əldə edən bankların hədəfinə çevrilir. Banklar müştəriləri yenidən kreditə cəlb etmək üçün fəaliyyətə başlayacaqlar. Bu zaman ikinci problemli kredit dalğasının yaranma ehtimalı varmı? Vətəndaşlara və banklara nə kimi tövsiyə etmək olar? 

– Çox aktual sualdır. Lakin, 2018-ci il 2010-2014-cü illər deyil. Hələ, 3 il bundan öncə AR Maliyyə Bazarlarına Nəzarət Palatası istehlak kreditləri ilə bağlı konkret müddəa və tələbləri əhatə edən yeni Qaydaları təsdiq edib. Bu Qaydalar vətəndaşlara imkanlarından artıq borclanmaya imkan verməyəcək. Məsuliyyətli kreditləşdirmə ilə bağlı Palatanın tələblərini hər bir bank ciddi şəkildə yerinə yetirməyə borcludur və Palata da həmin tələblərin yerinə yetirilməsini müntəzəm olaraq monitorinq etməkdədir. Deməli, banklar da, əhali də istəsələr də, istehlak kreditləşməsi əvvəlki qaydalarda və səviyyələrdə olmayacaq. Digər tərəfdən, banklar vətəndaşların kredit tarixlərini ciddi təhlil etməlidirlər və edirlər. Gecikməsi olan vətəndaşların da kreditlərdən istifadə imkanları nisbətən daha aşağı olacaqdır. Bütün bunlardan əlavə, Fərman nəticəsində yaranmış vəsaitlərin məhz real sektorun kreditləşməsinə, müxtəlif layihələrin icrasına, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün istifadəsinə sərf olunması ilə bağlı ciddi işlər görüləcək. Əlbəttə, müsbət kredit tarixi olan, borc yükü, kredit gecikməsi olmayan (bir neçə gün texniki gecikmələri banklar istisna kimi qəbul edə bilərlər. Lakin, bu gecikmələrin də səbəbləri araşdırılacaq), krediti ödəmək üçün kifayət edəcək aylıq stabil gəliri olan fiziki şəxslərə də kreditlər veriləcək. 

Lakin, prioritet istiqamət biznes olacaq və vətəndaşların yenidən borc yükü altına salınması nə bankların, nə də dövlətin marağında deyildir. Banklar özləri daha yaxşı bilirlər ki, həmin vəsaitləri ölkəyə iqtisadi dəyər qazandıran layihələrə istiqamətləndirmək daha məqsədəuyğun olar. Vətəndaşlara, xüsusilə iş adamlarına tövsiyəm budur ki, mövcud fürsətdən istifadə edərək əsaslandırılmış və rentabelli layihələrini, biznes planlarını banklara təqdim edərək öz işlərini yeni şəraitə uyğun bir şəkildə daha sağlam qursunlar.


  • 23
  •  
  •  
  •