15 C
Baku
Saturday, April 27, 2024

Kredit hesabatlıq sistemlərinin iqtisadi inkişafa təsirləri

Çağdaş bazar iqtisadiyyatı biznes subyektlərindən qərar qəbulunda risklərin diversifikasiyası və minimallaşdırılmasını tələb edir. Günümüzdə çoxsaylı risk idarəetmə alətləri olsa da, əsas məlumat mənbəyi rolunu kredit hesabatlılıq sistemləri oynayır. Kredit hesabatlılıq sistemlərinin əsas funksiyası borc məhsulu verən subyektlərin məlumat assimetriyasını azaltmaqdan ibarətdir. Maliyyə resurslarına asan çıxış və effektiv kredit hesabatlılıq sistemləri iqtisadi inkişafın və yeni iş yerlərinin yaradılmasının önəmli faktorlarından sayılır. Aparılmış çoxsaylı tədqiqatlar maliyyə resurslarının inkişafı ilə iqtisadi inkişaf arasındakı pozitiv korelyasiya əlaqəsini göstərmişdir. Belə ki, Dünya Bankının Doing Bussines hesabatlarının təhlili kredit hesabatlılıq sistemlərinin qurulmasının ölkələrin iqtisadi inkişafında mühüm rol oynadığını göstərir. Effektiv kredit hesabatlılıq sistemlərinin ölkə iqtisadiyyatlarına əsas təsirləri bunlarla ölçülür:

  • maliyyə inklüzivliyinin artırılması
  • daha asan maliyyə resurslarına çıxışın təmin edilməsi
  • borc verən subyektlərin müflisləşmə risklərinin azaldılması
  • kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşmə mənbələrinin artırılması

Mikroiqtisadi baxımından isə yaxşı formalaşmış kredit hesabatlılıq sistemləri biznes subyektlərinə effektiv kredit risk menecment sistemini qurmağa, müxtəlif maliyyə məhsullarını bazara təqdim etməyə və ekspansionist kredit siyasəti həyata keçirməyə imkan verir. Beləliklə, kredit hesabatlılıq sistemlərinin inkişafı nəticəsində maliyyə resursları və xidmətləri daha çox sayda vətəndaşlara çatdırılmaqla bərabər, kreditorlara borc verilməsi qərarlarını daha daha güvənli bir biçimdə qəbul etməyə imkan verir. Beynəlxalq metodologiyada kredit resurslarına çıxış imkanlarını ən çox zədələyən amillərdən biri kimi məlumat çatışmazlığı göstərilir ki, effektiv kredit hesabatlılıq sisteminin qurulması ilə nəinki yeni şəxslər kredit resurslarının əhatə dairəsinə daxil edilir, həmçinin borc mexanizmlərinin yeni fəaliyyət formaları yaranmış olur. Örnəyin olaraq, inkişaf etmiş maliyyə mexanizmlərində kiçik həcmli istehlak kreditlərinin verilməsində qərarlar gəlirlərin qiymətləndirilməsinə deyil, daha çox xərclərin, dolayısı ilə borcların hesablanması metoduna əsaslanır. Belə ki, maliyyə intizamını pozan şəxslərin istənilən sahədə iş qurmaq və maliyyə əməliyyatı həyata keçirmək potensialı (kirayə mənzil bazarından ağır sənaye sahələrinədək)  minimuma enir. Yəni kredit hesabatlılıq mexanizmi şəxsləri daha intizamlı davranmağa, borclarını vaxtında və düzgün həcmdə qaytarmağa təşviq edir.

Bəs bu sistemlər beynəlxalq təcrübədə və ölkəmizdə necə fəaliyyət göstərir?

Kredit hesabatlılıq sistemlərinin beynəlxalq metodologiyada qəbul edilmiş 3 növü mövcuddur. Bunlar aşağıdakılardır:

  • kredit reystrləri
  • kredit büroları
  • kredit hesabatlılıq kompaniyaları.

90-cı illərdən başlayaraq dünyada gedən qlobal iqtisadi proseslər kredit bürolarının da sürətli inkişafına səbəb olmuşdur. Belə ki, təkcə 1990-2011 – ci illər ərzində dünyada kredit bürolarının sayı 3 dəfə artmışdır. Xüsusilə də, Mərkəzi Asiya və Şərqi Avropada bu sahədə xeyli irəliləyişlər baş vermişdir. 2000-ci illərdə isə növbəti inkişaf dalğası Orta Şərq və Afrika qitəsində-Mərakeş, Misir, Qana, Uganda, Keniya, Ruanda, Botsvana kimi ölkələrdə baş vermişdir. Bu tendensiya birbaşa olaraq qeyd olunan regionların iqtisadi inkişaf dinamikası ilə əlaqəli olmuşdur.

Kredit reystrləri əsasən prudensial tənzimləmə və monitorinq məqsədləri üçün istifadə olunur. Kredit büroları isə kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş məlumat mənbələrindən, o cümlədən kommunal xidmətlər göstərən müəssisələrdən, sığorta şirkətlərindən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumlardır.

Beynəlxalq təcrübədə kredit büroları çoxsaylı xidmətlər göstərirlər ki, bunlar da

  • portfel monitorinq
  • müqayisəli parametrləmə (bençmarking)
  • fərdiq kredit reytinqlərinin verilməsi
  • neqativ və pozitiv kredit hesabatları
  • həmçinin məsləhət xidmətləri
  • borc yığılması və s. xidmətlərdir.

Müəllif: Ayaz Rafiqoğlu, İqtisadi məsələlər üzrə mütəxəssis

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər