1 C
Baku
Saturday, December 14, 2024

Kredit kart istifadəçiləri üçün tələlər

Kredit kartlarının emissiya edilməsi və onların bank xidmətləri bazarında irəliləməsi yüksək rəqabətin mövcud olduğu banklararası mübarizədə ən vacib alətlərdən biridir.

 Bu hər şeydən öncə onunla əlaqədardır ki, son illərdə məhz fiziki şəxslər sırasından olan müştərilərin banklara kütləvi müraciəti bank sektorunun dayanıqlığının əsas zəmanəti olmuşdur. Bu və ya digər bank nə qədər çox fiziki şəxs «ovlaya» bilirsə, onun bank reytinqi, istehlak kreditləri portfeli, həm də bazar mövqeyi və dayanıqlığı bir o qədər yüksək olar, eyni zamanda o, banklararası sərfəli kreditləşmədə daha çox şans əldə edər.

Buna görə də fiziki şəxslər üçün bank məhsullarının yaradıcıları ikiqat problemlə üzləşməli olurlar. Bir tərəfdən məhsul  müştəri üçün cəlbedici olmalı, digər tərəfdən isə bankın özü üçün maksimum faydalı olmalıdır. Biz hamımız bunu yaxşı başa düşməli və bankların həddən çox imtiyazlı adlandırdığı və tamamilə sıfırlardan ibarət faiz dərəcələrinin olduğu elan edilən, kartlarla verilən kreditlərin istifadə şərtlərinə elə də inamla yanaşmalı deyilik.

Gəlin güzəştli dövr kimi təqdim olunan müddətə nəzər salaq. Ümumiyyətlə qeyd etmək lazımdır ki, güzəştli müddət istənilən növ məhsulun və ya malın tanıdılmasında məharətlə istifadə olunan, zamanın sınağından keçmiş bir marketinq gedişidir. Təbii ki, bank məhsulları da bu baxımdan istisna deyil. Buna görə də güzəştli istifadə müddəti istənilən kredit kartının sizin adınıza rəsmiləşdirilməsi zamanı bağlanmış kredit müqaviləsinin məzmununa daxil edilir. Sizin diqqətinizi məhz «kredit müqaviləsi» ifadəsinə yönəltmək istəyirik, çünki məhz o ən vacib anlayışlardan biridir. Çünki məhz bu müqavilənin «tariflər» bölməsində, bir qayda olaraq bütün bank hiyləgərlikləri, o cümlədən güzəşt müddəti ilə bağlı kələklər gizlənmiş olur.
İş ondadır ki, müqaviləyə əsasən güzəştli müddətə əlavə olaraq xidmətə görə aylıq komisyon haqları da yoldaşlıq edə bilər. Praktikada isə əsasən belə olur: insan kredit kartını rəsmiləşdirir, onun istifadəsini isə  «daha yaxşı vaxtlara» saxlayır, amma 3-4 aydan sonra o karta nəzər salanda görür ki, əməlli başlı minusdadır, belə ki ödənməmiş komisyon haqları üst-üstə yığılmış və hər gecikdirilmiş günə görə cərimə (penya) əlavə olunmuşdur.
Güzəştli müddətlərlə bağlı daha bir nüansı da bilmək vacibdir. O, adətən hər hansı bir məhsulun ödənişinin bank terminalı vasitəsi ilə həyata keçirdikdə meydana çıxır, lakin bankomatlardan nağd vəsait çıxardıqda isə güzəşt tətbiq edilmir.

Indi isə bir neçə kəlmə sanksiyalaşdırılmamış borclar haqqında
Bu, ilk növbədə, sanksiyalaşdırılmamış overdraft adlandıdığımız haldır ki, o kredit kartlarından istifadə zamanı heç də nadir hadisə hesab olunmur, xüsusilə də xarici səfərlər zamanı, öz bankının olmayan bankomatlarından istifadə zamanı. Bu ona görə baş verir ki, bank serveri sizin köçürməni qeydə alaraq, balansla bağlı məlumatın ötürülməsi zamanı müəyyən qədər gecikməyə yol verir. Siz isə öz növbənizdə hər hansı bir əməliyyatı həyata keçirərək, sizə təklif olunmuş kredit limitini aşırsınız. Lakin sizin nəzərdən qaçırdığınız nüans odur ki, limit miqdarından daha çox vəsaitdən istifadəyə görə olan faizlər bir qayda olaraq nominal faiz dərəcələrini iki dəfə üstələyir.

Ikincisi isə, sanksiyalaşdırılmamış borclanma mobil bank funksiyalarından istifadə zamanı yarana bilər. Düzdür, bu elə də əhəmiyyətli məbləğlər deyil, lakin cüzi də olsa bu artıq «minusdur».  Amma nəzərə alaq ki, bu gün mobil bank hər tərəfdə istifadə olunan və gündəlik bank xidmətləri sırasında olsa da, əksər kredit kart istifadəçiləri ona görə təqdim olunan tarif qiymətlərinə və ümumiyyətlə bu xidmətin özünün keyfiyyət səviyyəsinə diqqət yetirmirlər. İstənilən halda, siz yaddan çıxarmalı deyilsiniz ki, mobil bank xidməti ondan ötrüdür ki, müştərilərə vaxtlı-vaxtında və dərhal SMS vasitəsi ilə bütün mümkün borclar və gecikmələr haqqında məlumat verilsin.
Kredit kartlarından istifadə tariflərinin yaradılması ilə bağlı bank incəlikləri arsenalında həm də kredit vəsaitindən istifadə etməməyə görə cərimələr də var.

Əlbəttə ki, mobil bank xidmətinə görə haqq və ya hesabın qeyri aktivliyinə görə pul silinməsi kimi fəndlərdən heç də bütün bank təşkilatları istifadə etmir, lakin bu cür faktlar praktikada mövcuddur, ona görə də kredit kartı açdırmaqdan öncə ilk baxışda əhəmiyyətsiz görünən bu kimi xırdalıqlara diqqət yetirin.

  Birdən-birə banka borclu vəziyyətə düşməmək üçün daha nələrə fikir vermək lazımdır?
Kredit hesabının bağlanmasından sonra da, bankın və ya müştərinin bir-birinə qarşı irəli sürdüyü iradlara aydınlıq  gətirilməsi, hətta narazılıqların  məhkəmə kürsüsünə qədər gedib çıxdığı hallar heç də az təsadüf olunmur.
Kreditin tam ödənilməsindən sonra kartı, onu sizə təqdim edən bank şöbəsinə geri qaytarmaq lazımdır, əlbəttə ki, kart hesabının bağlanmasına görə də ərizə yazmağı yaddan çıxarmayın. Ən vacibi isə bankdan borcun ödənilməsi və ona görə olan bütün faizlərin tam silinməsinə dair arayış almağı da unutmayın.
Bu əlaqədə daha bir məqama qarşı da həssas olmaq lazımdır. Əgər sizin bankla əməkdaşlığı davam etdirmək fikriniz yoxdursa, borcların tam ödənilməsinə ay yarım müddət qalmış bankla olan kredit müqaviləsini ləğv etmək istəyi ilə bağlı ərizə yazmaq tövsiyə olunur. Əks təqdirdə, sizin özünüzün də xəbəriniz olmadan adınıza yeni bir kredit buraxıla və sanksiyalaşdırılmamış borclarla bağlı vəziyyət yenidən təkrar oluna bilər.
Bir də, nəzərə almaq lazımdır ki, sıx-sıx gecikmə olduğu hallarda sizin kredit limitiniz gözlənilmədən məhdudlaşdırıla bilər. Buna görə də bütün tariflərin diqqətlə öyrənilməsi və kartdan səliqəli istifadə – uğurlu kredit tarixçəsinin təminatı hesab olunur.

Son xəbərlər
Digər xəbərlər