Belə hesab olunur ki, istənilən bir çatışmazlıq nə vaxtsa mövcud olmuş bir üstünlüyün nəzarətdən çıxması ilə yaranır. Bu kredit kartlarına da aiddir.
Onun üstünlükləri çox asanlıqla çatışmazlığa və ya mənfi cəhətlərə çevrilə və öz sahibi üçün problemlər yarada bilər. Gəlin kartlarla bağlı bəzi gizli məqamları birlikdə nəzərdən keçirək.
Böyük pulların yaratdığı tamahkarlıq
Bankların təqdim etdiyi kredit kartları dükanlardakı alış-veriş prosesini sadələşdirir. İnsanın özü ilə böyük məbləğdə nağd pul gəzdirməyinə ehtiyac olmur.
Amma müəyyən olub ki, kartlardan istifadə məsrəflərin və düşünülməmiş alış-verişlərin həcmini artırır. İnsan öz pullarını saymağı dayandırır və kredit kartının vəsaitlərinin balansına oriyentasiya olmağa başlayır. Limit nə qədər böyük olarsa, bir o qədər əlavə və bəzən tamamı ilə lazımsız əşyalar alınır və xərc çəkilir. Bunun nəticəsində daima əsaslandırılmamış alış-verişlər baş verir və bunun əvəzini isə artan faizlər və ya yuxusuz gecələr ilə ödəməli olursan, xüsusən də növbəti ayda əməkhaqqını almazdan öncə gözünə yuxu getmir.
Xərclənmiş vəsaitin geri ödənilməsi son məqama qədər uzadılır. Maraqlı faktdır ki, güzəşt müddətinin uzunluğu nə qədər çox olarsa, yəni kart sahibi nə qədər çox möhlət müddətinə sahib olarsa, o borcun ödənməsini bir o qədər çox uzadır. Əksər hallarda ödənişlər möhlət müddətinin başa çatmasına bir ya iki gün qalmış həyata keçirilir. Belə diqqətsizlik və yüngül yanaşma sonda gətirib ona çıxarır ki, insan ödənişi məhz hansı gündə etməli olduğunu yaddan çıxarır. Səhlənkarlığın cəzası özünü çox gözlətmir. Artan borc getdikcə daha da ağırlaşır. Bundan əlavə kreditlər üzrə ödənişin nə vaxt edildiyi barədə uçot aparılmazsa, rəqəmlərin içərisində itib-batmaq və elə öz unutqanlığının və ya fikir dağınıqlığının qurbanı olmaq mümkündür.
Bəzən problemləri yaradan açıq-aşkar tamahkarlıqdır. Müştəriləri kredit kartlarından istifadəyə həvəsləndirmək üçün banklar mütəmadi olaraq, müxtəlif “aksiyalar” keçirirlər. Bu aksiyaların mahiyyəti ondadır ki, əgər müəyyən zaman kəsiyi ərzində müştəri öncədən müəyyən olunmuş bir məbləğdə alış-veriş edərsə, onun-limiti bir neçə dəfə böyüyür və ya hər hansı bir endirimlər əldə edir. Baxmayaraq ki, böyük limitlər gələcəkdə sizə lazım olmaya da bilər, bununla bağlı verməli olduğunuz qurbanlara çətin ki, haqq qazandırmaq olar.
Tamahkarlığı yaradan digər səbəb isə götürülmüş krediti bir neçə ay ərzində ödəmək imkanının mövcudluğu da ola bilər. Baxmayaraq ki, bu məbləğ ilk baxışda çox da böyük görünməyə bilər, ardıcıl ödənişlər onun əhəmiyyətini artırır.
Ona görə də növbəti dəfə kredit kartı sifariş edəndə və ya kart vasitəsi ilə ödəniş edəndə onun özündə gizlətdiyi təhlükələri yada salmaq lazımdır.
Məsuliyyətlilik və uzaqgörənlik kimi keyfiyyətlər bütün bu riskləri minimuma endirməyə və ya ümumiyyətlə onları aradan qaldırmağa kömək edəcəkdir.