6 C
Baku
Thursday, February 22, 2024

Kredit müqaviləsi üzrə borcun icrası

Müəllif: Həbilov Şəhriyar

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 01 aprel 2015-ci il tarixə olan statistik məlumatlarına görə ölkə əhalisinin sayı 9618,2 min nəfərə çatıb ki, bu da ilin əvvəlinə nisbətən 0,3 faiz artım deməkdir. Həmçinin, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 1 may 2015-ci il tarixə olan məlumatına görə isə Azərbaycanda ölkə üzrə kredit götürənlərin sayı 2 milyon 414 min 122 nəfərə çatıb ki, bunun da 10 min 957 min nəfəri hüquqi şəxsdir.

Digər 2,381,592 nəfərin isə fiziki şəxs olması bildirilmişdi. Reyestr Xidmətinin müvafiq tarixə olan bir digər məlumatına görə isə Azərbaycan əhalisinin 1 milyon 115 min 820 nəfəri bankda kredit götürmüş şəxs üçün zamin olmaq barədə müqaviləyə imza atmışdır. Əlavə olaraq onu da göstərə bilərik ki, Türkiyə Banklar Birliyinin 2015-ci ilin martına olan statistik məlumatlarına görə Türkiyədə 108 milyon 63 min bank kartı və 57 milyon 527 min kredit kartı olan vətəndaş mövcuddur. Həmçinin o da göstərilir ki, 2011-ci ildə ölkədə 81 milyon 880 min bank, 51 milyon 361 min isə kredit kartı olan vətəndaş olmuşdur.

Ümumilikdə statistika onu göstərir ki, kobud hesabla ölkədə hər 3 nəfərdən biri kredit müqaviləsinin iştirakçısıdır. Bəs kredit müqaviləsi nədir? Necə tənzimlənir? Bu barədə əvvəla onu qeyd edə bilərik ki, kredit müqaviləsi barədə müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzim edilir. Kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi qanunvericilikdə göstərilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin ikinci hissəsində isə kredit müqaviləsinin izahı öz əksini tapır ki, orada “borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır” olaraq göstərilmişdir. Həmçinin 739.2-ci maddədə o da qeyd edilmişdir ki, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bu müddəa isə sırf kreditlərin verilməsi ilə məşğul olan şəxslər üçün (fiziki və hüquqi) nəzərdə tutulmuşdur.

Qədim Roma hüququnda borc müqaviləsi tərəflərin konsensusuna əsaslanan həm real, həm də litteral müqavilə olaraq qeyd edilirdi. Hətta borclunun evinin və ya digər əmlakının qarşısında üzərində borcun müddəti və miqdarı yazılmış daşların da qoyulmasına rast gəlinirdi. Buna borc daşı deyirdilər. Ümumilikdə isə predmetini pul təşkil edən borc müqaviləsi litteral olaraq hazırlanırdı.

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, qeyd edə bilərik ki, pul formasında əmlakın borc verilməsinə əsaslanan kredit müqaviləsi yazılı qaydada bağlanmalıdır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 10.4-cü maddəsində göstərilir ki, kredit müqaviləsinin təminatı kimi bağlanan ipoteka (girov müqaviləsi) müqaviləsinə görə və 10.7-ci maddəyə görə qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 2-ci maddəsində dövlət rüsumu tutulan hallar göstərilir ki, bunlardan biri də notariat hərəkətlərinin aparılması ilə əlaqədar nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda Kreditlərin verilməsi Qaydaları”-nın 4.1.17-ci bəndində kredit müqaviləsinin forması göstərilmişdir. Burada qeyd edilir ki, Bank tərəfindən kredit verildikdə borcalanla bank arasında kredit müqaviləsi imzalanır. Kredit müqaviləsində isə kreditlərin qrafiki, şərtləri, məqsədi, predmeti və digər əsaslar asan oxunan və aydın şəkildə göstərilməlidir. Həmin Qaydalarda o da bildirilir ki, kreditin təminatı ilə bağlı sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməli və müvafiq hallarda dövlət qeydiyyatına alınmalıdır.

Bütün bu yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, kredit müqaviləsinin yazılı qaydada və notarial olaraq təsdiqlənməsi bu müqavilə üzrə yaranacaq bütün problemlərin həllinə müsbət təsir göstərəcəkdir.

Azərbaycanda əhalinin aldığı kreditlərlə bağlı yaranan problemlər necə tənzimlənir? Borcun ödənilməsi ilə bağlı icra mexanizmləri nələrdən ibarətdir?

Hər bir halda şəxs aldığı borcun ödənilməsi ilə bağlı yaşanan problemlərlə əlaqədar ilkin olaraq borcun alındığı yerə müraciət etməlidir, çünkü borcun ödənilməsindən boyun qaçırmaq, kredit şirkətləri ilə mübahisə etmək şəxsin əleyhinə nəticələnə bilir. Aldığı borcla yanaşı ödədiyi gecikmə faizləri, cərimələr, məhkəmə və icra prosedurlarının həyata keçirilməsi üçün tutulan rüsumlar və digər prosessual xərclər şəxsin nəinki borcdan daha da çox pul ödəməsinə, hətta onun müflis olmasına da gətirib çıxara bilər. Bu baxımdan ödəmənin gecikməsi səbəbi ilə əlaqədar olaraq borc verən şəxsə – kreditora məlumat vermək əsas şərtlərdən sayılır. O cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq münasibətlərə şamil etdiyi Qaydalarda kreditlərin verilməsi, gecikdirilmiş kreditlərlə bağlı münasibətlərin tətbiqi, problemli kreditlər və onların həlli üsulları barədə bəndlər öz əksini tapmaqdadır. Buna misal olaraq müvafiq Qaydaların 4.1.20-ci bəndində göstərilir ki, Bankda problemli, qeyri-işlək kreditlərin ümumi məbləği və ya kredit portfelinə nisbəti müəyyən edilmiş həddə çatdıqda bank kreditləşmə fəaliyətini məhdudlaşdırmalı və müvafiq sağlamlaşdırma tədbirlərini həyata keçirməlidir. Həmçinin Qaydaların 3.2-ci bəndinə görə borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və öhdəlik götürmə qabiliyyətini nəzərə almalıdır, lakin borcalanın yüksək nüfuzu ona kreditin verilməsi barədə qərar qəbul edilməsinə yeganə əsas olmamalıdır.

Borcalan aldığı kreditin ödənilməsindən özbaşına olaraq imtina etdikdə nə baş verir? Bu halda ilkin olaraq borc problemli kredit kateqoriyasına daxil edilir ki, bu barədə də daimi olaraq kreditor borcalanı məlumatlandırmaq öhdəliyi daşımaqdadır. Həmçinin borcalan tərəfindən borc məbləğinin ödənmədiyi halda tələb üzrə iddia müddəti tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373,2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarı ilə də müəyyən edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir ki, müqavilə üzrə iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

Kreditorun iddia tələbi qaydasında məhkəməyə müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən Məhkəmə Əmri qaydasında icraat başlanır. Kreditor, həmçinin məhkəməyə müraciət üçün ödədiyi 20 Azn məbləğində dövlət rüsumunu (“Dövlət Rüsumu haqqında” qanun 8.3-cü maddə) da borcludan tələb etmək hüququna malikdir. Məhkəmə icraatı zamanı şahid, ekspert və ya mütəxəssislər üçün ödəniləcək məbləğlər (MPM 117.1-ci maddə) də borcludan tutula bilər.

Məhkəmə Əmri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən tələb məhkəməyə daxil olduğu gündən 3 gün ərzində çıxarılır və qətnamə qüvvəsinə malikdir. MPM-in 281.3 və 282-ci maddələrinə görə 3 gün ərzində borcluya göndərilən əmrdən 10 gün ərzində (“İcra haqqında” qanunun 13.2.2-ci maddəsi) etiraz edilməzsə, qanuni qüvvəyə minmiş hesab edilir. Həmçinin onu da qeyd etmək lazımdır ki, əgər borclu 10 gün müddətində məhkəməyə etiraz edərsə və bu etiraz əsaslı olarsa, işə iddia icraatı qaydasında baxıla bilər.

 “İcra haqqında” Azərbaycan Respublikası qanununun 6.1.2-ci maddəsinə görə məhkəmə əmri icra sənədi sayılır ki, həmin qanunun 13.1.1-ci maddəsinə əsasən 1 (bir) ay ərzində müvafiq əmr icraya yönəldilir. Qanunun 12.1-ci maddəsinə görə İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər.

İcra məmuru qanunun 8.2-ci maddəsinə əsasən, icra sənədini aldığı andan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Qərarın qəbulundan sonra isə borcluya icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün 10 (on) gün müddət təyin edir. Bu müddət bitdikdən sonra isə icra məmuru tərəflərə bir gün müddətində xəbər verməklə icraata başladığını bildirir.

“İcra haqqında” qanunun 15-ci maddəsinə əsasən tərəflər (tələbkar və borclu, Qanunun 28.1-ci maddəsi) icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Bu da hər bir halda borclunun vəziyyətini yaxşılaşdıran müddəa hesab oluna bilər. Buna baxmayaraq hər bir halda bütün borc və əlavə xərclər (icra sənədində göstərilən) ödənildikdən sonra icra üzrə icraata xitam verilir. Xitam barədə qərar isə 3 gün müddətində hər iki tərəfə və məhkəməyə göndərilməlidir. (Qanun 20.1.5 və 21.4) Bundan əlavə olaraq təxirə salma, icra sənədinin izah olunması, məcburi dayandırma və digər hallar yarandıqda isə müddətin axımı ilə bağlı olaraq müəyyən dəyişikliklər qanunvericiliklə mümkündür.

İcra üzrə icraat zamanı bir sıra məcburi icra tədbirləri görülür ki, bu da hər bir halda borclunun vəziyyətini daha da pisləşdirir. Belə ki, “İcra haqqında” qanunun 45-ci maddəsinə əsasən borclunun bank hesablarına, əmanətlərinə və digər əmlakı üzərinə həbs qoyulur. Qanunun 49.1-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. Bu siyahı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmişdir.

İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.(mad 50.1) Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər.(Qanun 50.5 mad)

Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.(Qanun 53.1 və 53.2-ci maddələr)

Əmlak ümumi mülkiyyətdə olarsa və ya birgə paylı mülkiyyətdə olarsa, onda onun barəsində tətbiq ediləcək tədbirlər də fərqlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə görə paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmçinin ər-arvadın birgə mülkiyyətinə tutmanın yönəldilməsi qaydası da, Mülki Məcəllədə göstərilmişdir. Belə ki, Məcəllənin 225.5-ci maddəsinə görə Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Ər-arvadın və ya ümumi mülkiyyətdə olan əmlakın girov qoyulması hallarında ilk olaraq ümumi mülkiyyətə hüququ olan şəxslərin yazılı qaydada razılığı olmalıdır. Əks halda bu razılaşma olmadan bağlanmış müqavilə də etibarsız sayılacaqdır.

Bunlarla yanaşı, həmçinin qanunvericilikdə borclunun əmək haqqına da tutmaların yönəldilməsi göstərilmişdir. Qanunun 65.1-ci maddəsinə əsasən göstərilir ki, İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Hətta tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Bu tutmalarla bağlı müəyyən istisnalar da mövcuddur ki, bu da öz növbəsində müvafiq qanunla tənzimlənmişdir.

Bunlarla yanaşı borclunun əsas borcu ilə yanaşı əlavə olaraq da ondan icra ödənişi tutulur. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat miqdarında icra ödənişi alınır.(Qanun 78.1) Bununla yanaşı “İcra haqqında” qanunun 79.2-ci maddəsində nəzərdə tutulmuş icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər də, borcludan tutulur.(Qanun 81.1)

Bütün bu göstərilənlərlə yanaşı olaraq, həmçinin müvafiq qanunun 84-1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Bütün bu göstərilən prosedur, məhz borclu tərəfindən borcun ödənilməsindən imtina zamanı tətbiq olunan tədbirlərə əsaslanır. Əlbəttə ki, hər bir halda bu göstərilən prosedur tədbirlərdən əlavə də müəyyən məsələlər meydana çıxa bilir ki, bu da öz növbəsində müvafiq qanunvericilik qaydasında öz həllini tapır.

Onu da qeyd etmək yerinə düşər ki, zaminlik əsasında borc müqaviləsinin tərəfi olmuş şəxsə də borclu tapılmazsa və ya borclunun əmlakı borcun ödənilməsi üçün kifayət etməzsə, göstərilən prosedur tətbiq edilə bilər. Bu baxımdan kreditlərin ödənilməsi zamanı tərəflərin diqqətli və məsuliyyətli olması zəruridir.

 

Son xəbərlər
Digər xəbərlər