2 C
Baku
Saturday, December 14, 2024

Kredit müqavilələrinə dair yeni qayda müəyyənləşir

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Komitənin sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər barədə məlumat verib. Əvvəlcə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, qanun layihəsində daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınması prosesinin təkmilləşdirilməsi, çıxarışların kağız formada təqdim olunması prosedurunun tamamilə aradan qaldırılması, onların yalnız elektron üsulla təqdim olunması ilə bağlı müddəalar əks olunub. Layihəyə əsasən, dövlət reyestrindən çıxarışlar elektron imza ilə təsdiqlənməklə hüquq sahibinin istəyindən asılı olaraq “Elektron hökumət” portalında yerləşdiriləcək və ya digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə təqdim olunacaq.

“Dövlət rüsumu haqqında” Qanunda ediləcək dəyişikliyə əsasən sənədə yeni “Konüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri” məzmunlu 33-6-ci maddə əlavə edilir. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə 20 manat, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə 250 manat dövlət rüsumu müəyyən edilir.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunması məqsədilə kəpək istehsalı və satışının 2019-cu ilin martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi və hazırda buğdanın idxalı və satışı, buğda ununun, çörəyin istehsalı və satışına tətbiq olunan güzəştin əlavə olaraq daha bir il uzadılması nəzərdə tutulur.

“Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi auditə dair hesabatla əlaqədar kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyinin bildirilməsinin 20 gündən 10 günədək müddətinə azaldılması, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda həyata keçirilən auditə dair məlumatların təqdim edilməsi qaydasının təkmilləşdirilməsi, habelə Hesablama Palatası üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanıb.

“Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komissiya haqlarının və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılmasına görə onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur.

İclasda, həmçinin “Telekommunikasiya haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanunlarda, İnzibati Xətalar Məcəlləsində, Mülki Prosessual Məcəlləsində və “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxılıb. Bundan başda, İnzibati Xətalar Məcəlləsində, Mülki, Vergi, Mənzil, Gömrük məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda nəzərdən keçirilib.

Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər. Bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər