26 C
Baku
Thursday, July 10, 2025

Kredit öhdəliklərinə münasibət mədəniyyəti: Banklar üçün risk, iqtisadi inkişaf üçün maneə

Kreditləşmə fəaliyyəti iqtisadi dövriyyənin əsas hərəkətverici qüvvələrindən biri, bank sektorunun isə əsas gəlir mənbəyidir. Sərbəst maliyyə resurslarının toplanaraq iqtisadiyyatda məhsuldar istiqamətlərə yönəldilməsi dayanıqlı inkişafın əsas şərtidir. Müasir dövrdə bu fəaliyyəti banklarla yanaşı, bank olmayan kredit təşkilatları və kreditləşmənin müəyyən sahələrində ixtisaslaşmış Fintex-lər də həyata keçirirlər. Fərdlərarası (peer-to-peer) və kütləvi maliyyələşmə (crowdfunding) platformaları qlobal miqyasda geniş yayılmış və alternativ maliyyə mənbələri kimi öz əhəmiyyətini sübut etmişdir. Kreditləşmə sahəsində baş verən innovativ dəyişikliklər kredit qabiliyyətinin qiymətləndirilməsi yanaşmalarını da əsaslı şəkildə dəyişməkdədir. Ənənəvi girov və statik kredit skorlamasına əsaslanan modellər iqtisadiyyatın bəzi vacib sektorları – xüsusilə aktivləri az olan startaplar və “asset-light” bizneslər (xüsusilə gənc sahibkarlar) üçün əlverişli şərait yaratmır. Bu səbəbdən, kredit təşkilatları süni intellektin imkanlarından istifadə etməklə, davranış modelinə və nağd pul axını əsaslı (Cash Flow-Based) qiymətləndirməyə keçid edərək daha obyektiv, operativ və inklüziv kredit qərarlarının verilməsinə imkan yarada bilərlər.

2024-cü ilin dekabr ayında ölkəmizdə bu istiqamətdə mühüm institusional addım atılmışdır: kreditləşmə sahəsində davranış əsaslı maliyyələşməyə dair normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilmiş, kredit təşkilatları üçün yeni qiymətləndirmə modellərinin tətbiqinə dair hüquqi baza formalaşdırılmışdır. Bu təşəbbüs kreditə çıxış imkanlarının genişləndirilməsi və maliyyə inklüzivliyinin artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Lakin maliyyələşmə imkanlarının genişlənməsi ilə yanaşı, cəmiyyətin bu imkanlara məsuliyyətli və dayanıqlı yanaşması da zəruridir. Çünki bu modelin uğurla reallaşması təkcə bankların texniki imkanlarından deyil, həm də cəmiyyətin kredit öhdəliklərinə münasibət mədəniyyətindən və geriödəmə davranışından birbaşa asılıdır.

Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin sonuna olan statistikasına əsasən, qeyri-işlək kreditlərin (QİK) ümumi kredit portfelindəki payı 2,5%, istehlak kreditləri üzrə isə bu göstərici 2,92% təşkil etmişdir. Texniki baxımdan bu göstəricilər qənaətbəxş görünsə də, onların aşağı səviyyədə olmasında bankların sərt risk siyasəti və kreditə çıxış imkanlarının məhdudluğu həlledici rol oynamışdır. Əgər davranış əsaslı kreditləşmə geniş miqyasda tətbiq olunarsa, mövcud zəif kredit mədəniyyəti fonunda bu göstəricilərdə əhəmiyyətli pisləşmə ehtimalı istisna olunmur.

Bazar iqtisadiyyatına keçid etmiş əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da kredit anlayışı və kredit öhdəliklərinə münasibət davranışı nisbətən yenidir və hələ formalaşma mərhələsindədir. Belə şəraitdə kredit öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşma nümunələri həm maliyyə sisteminin sabitliyini, həm də iqtisadi inkişafın davamlılığını risk altına ata bilər. Bu mərhələnin effektiv və sürətli şəkildə geridə qalması üçün bank sektoru ilə aidiyyəti dövlət qurumları arasında koordinasiyalı və davamlı əməkdaşlıq zəruridir. Belə əməkdaşlıq bir tərəfdən cəmiyyətdə maliyyə intizamının formalaşmasına, digər tərəfdən isə dayanıqlı maliyyələşmə mühitinin qurulmasına töhfə verə bilər.

Məqalənin məqsədi – ölkəmizdə kredit öhdəliklərinə yanaşma mədəniyyətinin mövcud vəziyyətini, bu sahədə müşahidə olunan problemləri, onların doğurduğu nəticələri və mümkün həll yollarını təhlil və müzakirə etməkdir.

Cəmiyyətimizin kredit öhdəliklərinə yanaşmasındakı mənfi halları aşağıdakı beş əsas istiqamət üzrə qruplaşdırmaq olar: 

  1. Sahibkarların borclanma strategiyasının olmaması və kapital strukturunun uyğunsuzluğu: Şirkətlərin böyük əksəriyyətinin faiz yaradan öhdəliklər, kapital və digər maliyyə mənbələri arasında optimal balansı müəyyən edən məqsədyönlü borclanma siyasətinin mövcud olmaması, maliyyələşmə qərarlarının sistemsizlik şəraitində qəbul olunmasına səbəb olur.
  2. Borclanma limitlərinə qarşı sistematik etinasızlıq: texniki boşluqlardan faydalanaraq aylıq gəlirindən daha çox ödəniş etməli olduğu kreditləri əldə etmək istəyi, təminatın dəyərinin şişirdilməsi cəhdləri, gəliri olmadığı halda başqa birisinin adından borclanma cəhdləri, kredit məhsullarının konkret istifadə təyinatına uyğun dizayn edildiyini gözardı edərək təyinatı üzrə istifadədən yayınma cəhdləri və s.
  3. Öhdəliyə qarşı selektiv laqeydlik – Kredit ödənişi vaxtı gəldiyində ödəmək imkanı olsa belə, cərimələrə rəğmən kredit tarixçəsinin korlanması riskinə əhəmiyyət vermədən, başqa öhdəliklərin ödənişlərinə prioritet verilməsi;
  4. Öhdəlik dövründə əməliyyat şəffaflığının itirilməsi– Kredit müddəti ərzində banka öncədən (nağd pul axını proqnozu üçün) bəyan etdiyi investisiya planlarında dəyişiklik etdiyi halda bu barədə kredit təşkilatını məlumatlandırmamaq;
  5. Layihə maliyyələşdirilməsi prinsiplərinin pozulması: Sahibkarlar tərəfindən hər hansı bir layihəni tam həcmdə bank vəsaiti ilə maliyyələşdirmək arzusu layihə dəyərinin süni şəkildə şişirdilməsi cəhdlərinə gətirib çıxarır ki, bu da layihə maliyyələşdirməsinin əsas prinsiplərini – kapital iştirakı və risk paylaşımını – pozur.

Bu siyahını daha da genişləndirmək mümkündür. Lakin mən əsasən cəmiyyətimizdə geniş yayılmış bu davranış uyğunsuzluqlarının səbəbləri, yaratdığı nəticələr və onların mümkün həlli yolları barədə danışmaq istəyirəm.

Səbəblər:

  1. Maliyyə savadlılığının aşağı səviyyəsi və kredit öhdəliklərinin mahiyyətinin dərk edilməməsi:
    Əhali arasında maliyyə savadlılığının yetərsiz olması səbəbindən kredit müqavilələri çox zaman ciddi hüquqi öhdəlik kimi deyil, sadəcə qısa müddətli maliyyə imkanı və ya mövsümi çıxış yolu kimi qəbul olunur. Borcalanlar kreditin maliyyə və hüquqi nəticələri — o cümlədən faiz yükü, cərimə mexanizmləri və kredit tarixçəsinə təsirləri — barədə kifayət qədər məlumatlı deyillər. Nəticədə bu, məsuliyyətsiz borclanma davranışına və sektor üzrə risk yükünün artmasına səbəb olur.
  2. Kredit mübahisələrinin hüquqi həllində struktur problemlər: Kredit ödənişindən yayınan borcalanlara qarşı hüquqi tədbirlərin gecikməsi, kredit təşkilatları tərəfindən əsas borcun gecikməsinə görə hesablanmış cərimə faizlərinin məhkəmə qərarı ilə tam və ya qismən silinməsi (bağışlanılması) halları, eləcə də məhkəmə prosesi davam etdiyi müddətdə əsas borc üzrə faizlərin hesablanmaması məsuliyyətsiz davranışların cəzalandırılmasını deyil, əksinə, dolayısı ilə təşviq olunmasını şərtləndirir. Bu vəziyyət kredit öhdəliklərinə riayət edən borcalanlarla, öhdəlik pozanlar arasında ədalətsiz və neqativ presedent formalaşdırır, ümumi kredit intizamına mənfi təsir göstərir.
  3. Sosial psixologiya və davranış paradigması

“Onsuz da çoxu gecikdirir”, “Təzyiq olmazsa, ödəməyəcəyəm”, “Kredit silinəcək”, “Hüquqi prosedurlar vaxt aparır – bu müddətdə əlavə xərcsiz resursdan istifadə edə bilərəm” kimi yayğın düşüncə tərzləri borc öhdəliklərinin gecikdirilməsini cəmiyyətdə sosial baxımdan qəbul edilən və normallaşmış davranışa çevirir. Bu tip davranış paradigması maliyyə intizamının zəifləməsinə, kredit öhdəliklərinə qarşı məsuliyyətsiz münasibətin dərinləşməsinə və nəticə etibarilə kredit mədəniyyətinin formalaşmasına ciddi maneələr yaradır.

  1. Risklərin etinasız qiymətləndirilməsi və məsuliyyətsiz kreditləşmə təcrübəsi:

Əvvəlki illərdə bəzi kredit təşkilatları kredit portfelinin sürətli artımını prioritet kimi dəyərləndirərək, kredit tarixçəsində gecikmələr və öhdəlik pozuntuları olan şəxslərə qarşı zəruri ehtiyatlılıq və sərt yanaşma tətbiq etməmişdir. Bu yanaşma əhalidə kredit öhdəliklərinə qarşı məsuliyyətsiz münasibətin formalaşmasına, gecikmələrin adi və cəzasız hal kimi qəbul edilməsinə və nəticə etibarilə sektor üzrə məsuliyyətli kreditləşmə prinsiplərinin zəifləməsinə gətirib çıxarmışdır. Belə təcrübə yalnız maliyyə sabitliyini risk altına qoymur, eyni zamanda borcalan davranışları baxımından mənfi presedent yaradır və kredit mədəniyyətinin formalaşmasına mənfi təsir göstərir. 

Nəticələr:

  • Alternativ kredit qiymətləndirmə alətlərinin tətbiqindəki gecikmələr və bunun nəticəsində maliyyə resurslarına çıxış imkanlarının məhdudlaşması
  • Problemli kredit portfelinin artması və hüquqi infrastrukturun yük altında qalması
  • Ölkə üzrə kreditlərin ortalama illik faiz dərəcələrinin yüksək qalması

 

Əhalinin maliyyə intizamı və ödəniş mədəniyyətinin formalaşdırılması məqsədilə həyata keçiriləcək aşağıdakı tədbirlər, uzunmüddətli perspektivdə problemin aradan qaldırılmasına və bank sektorunda dayanıqlı kredit münasibətlərinin qurulmasına əhəmiyyətli töhfə verə bilər:

  1. Maliyyə Savadlılığının Sistemli və Kütləvi Artırılması
  • Azərbaycan Mərkəzi Bankının (AMB) təşəbbüsü ilə televiziya, sosial media platformaları və mobil bank tətbiqləri vasitəsilə geniş maarifləndirici kampaniyaların həyata keçirilməsi; kredit öhdəliklərinə sadiqliyin maliyyə sabitliyi və hüquqi məsuliyyət kontekstində izah edilməsi;
  • Təhsil sistemində kredit maarifləndirilməsinin praktik yanaşmalarla gücləndirilməsi: Bank kreditləri üzrə düzgün münasibətin formalaşması üçün kredit etikası, borcalan məsuliyyəti və şəxsi maliyyə idarəetməsi ilə bağlı biliklərin təhsil sisteminə daha praktik və həyat yönümlü formada inteqrasiyası şagird və tələbələrin məsuliyyətli borcalan davranışına yiyələnməsinə xüsusi töhfə verə bilər.
  • Maliyyə savadlılığı səviyyəsinin zəif olduğu qruplar – o cümlədən mikro və kiçik sahibkarlar, habelə “start-up” ekosistemində fəaliyyət göstərən şəxslər üçün “kredit etikası və borcalan məsuliyyəti” mövzusunda praktiki təlim və seminarların təşkil olunması;
  • Ənənəvi və yeni kredit məhsulları , layihələrin maliyyələşdirilməsi prinsipləri haqqında əhatəli məlumatlılığın artırılması, real nümunələr əsasında maarifləndirmə materiallarının hazırlanması.
  • Dekabr 2024-cü ildə AMB-in normativ hüquqi aktlarına edilən dəyişikliklərlə davranış modelinə əsaslanan qiymətləndirmə mexanizminin tətbiqi, geniş əhali kütləsinin maliyyə resurslarına çıxışını və əlçatanlığını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən, həmin dəyişikliklərə dair maarifləndirmə işlərinin sosial şəbəkələr vasitəsilə daha intensiv və məqsədyönlü şəkildə aparılması, əhalinin kredit öhdəliklərinə olan yanaşmasına və maliyyə davranışlarına müsbət təsir göstərə bilər.
  1. Rəqəmsal reputasiya və davranış əsaslı skorinq sistemlərinin tətbiqi
  • Müştərinin ödəniş intizamı, istifadə etdiyi məhsullar, rəqəmsal davranışları və sosial-ictimai aktivliyi əsasında süni intellekt (AI) və maşın öyrənilməsi alqoritmlərinə əsaslanan davranış yönümlü scoring modellərinin hazırlanması və tətbiqinin təşviqi;
  • Müsbət kredit tarixçəsinə və yüksək reputasiya skoruna malik müştərilərə daha aşağı faiz, daha uzun müddət və ya girovsuz kredit kimi preferensial şərtlərlə kredit resurslarına çıxış imkanı verilməsinin təşviqi;
  1. Sürətli və Effektiv Hüquqi Tədbirlərin Tətbiqi
  • Kiçik məbləğli borclar üzrə xüsusi çevik arbitraj mexanizmlərinin yaradılması,  məhkəmə və icra resurslarının yüklənməsinin azaldılması və qərarların operativ şəkildə icrası;
  • İcra proseslərinin hüquqi çərçivədə sadələşdirilməsi və sürətləndirilməsi, mövcud qanunvericiliyin icra mexanizmlərinə uyğunlaşdırılması və prosesin rəqəmsal texnologiyalar vasitəsilə avtomatlaşdırılması;
  • Cərimə və dəbbə pulu borclarının tam və ya qismən bağışlanması presedentlərinin xüsusi nəzarətə götürülməsi, belə halların qanunda tətbiq dairəsinin dəqiq müəyyən olunması;
  • Borcalana əsassız şəkildə əlavə vaxt qazandıran boşluqların aradan qaldırılması, məqsədli prosessual yubatmaların və süni mübahisə yaratma hallarının qarşısını alan normativ mexanizmlərin işlənib hazırlanması;
  • Kredit müraciəti zamanı təhrif olunmuş maliyyə məlumatlarının təqdim edilməsi və alınmış kreditin təyinatı üzrə istifadə edilməməsi hallarının hüquqi məsuliyyətə səbəb olan davranışlar kimi tanınması və bu məsuliyyətin tətbiq imkanlarının normativ əsasda genişləndirilməsi.

Qeyd edilən tədbirlər həm daha ədalətli risk qiymətləndirməsini təmin edə, həm də məsuliyyətli maliyyə davranışını təşviq edərək ümumi kredit mədəniyyətinin formalaşmasına mühüm töhfə verə bilər. Yalnız institusional əməkdaşlıq və mədəni transformasiya yolu ilə borcalma məsuliyyəti milli maliyyə mədəniyyətinin əsas komponentinə çevrilə bilər.

Müəllif: Vüqar Əlipaşayev, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) doktorantı

Son xəbərlər
Digər xəbərlər